Politoloq: Makron erməni lobbisinin tələsinə düşmədi

OXUNUB: 873 SİYASƏT

Erməni lobbisinin iştahası artıb: Fransadakı erməni lobbisinin nümayəndələri bu ölkənin prezidenti Emmanuel Makronla görüşdə ona təklif ediblər ki, Dağlıq Qarabağa səfər etsin. 

İcmal.Az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun dediyinə görə, Makron erməni lobbisinə xeyli vəd versə də, bu təklifi geri çevirib:

"O deyib ki, bölgəyə münaqişə həll olunandan sonra səfər edə bilər. Makron bu təklifə müsbət cavab versəydi və bunun ardınca İrəvan üzərindən Xankəndiyə gəlsəydi, bu, Azərbaycan-Fransa münasibətlərinin dondurulması demək olacaqdı. Fransa Azərbaycanla münasibətlərinin üstündən xətt çəkmiş olardı. Ona görə də o, erməni lobbisinin tələsinə düşmədi. Sadəcə, sual olunur: Nədən erməni lobbisi bu təkliflə çıxış edib? Erməni lobbisi Ermənistan hakimiyyəti ilə əlbir olaraq Azərbaycana qarşı çox təxribat həyata keçiriblər, ancaq indiyə qədər heç bir dövlət başçısına Dağlıq Qarabağa səfər etməyi təklif etməmişdilər. Demək, nəsə yeni planları var”.

E. Şahinoğlu qeyd edib ki, erməni lobbisi Rusiyanın siyasətindən yararlanır:

"Rusiya da Krımı işğal etdikdən sonra bir çox dövlət başçısını yarımadaya gəlməyə təhrik etdi və edir. Rusiyanın bu istiqamətdə müəyyən naliyyətləri var, elə Fransanın keçmiş prezidenti Nikola Sarkozi Krımı ziyarət etmişdi. Bunu görən Ermənistan hakimiyyəti ilə erməni lobbisi hərəkətə keçib.

Fikrimcə, Azərbaycan XİN erməni lobbisinin Fransa prezidentinə etdiyi təxribatçı təkliflə bağlı bəyanat yaymalı və hamıya xatırlatmalıdır ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfərin hansı ağır nəticələri olacaq. Bunu hər dəfə təkrarlamaq məcburiyyətindəyik ki, erməni lobbisindən bir addım öndə olmağa çalışaq”.

İcmal.Az

RƏYLƏR