“Pulları Hilal Əsədova verirdim” - 7,7 milyonluq mənimsəmə

OXUNUB: 505 HADİSƏ

Ləğv edilmiş MTN-nin generalı Elçin Quliyevin və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə ittiham olunduğu epizodlardan biri də dövlət büdcəsindən mənbələrin maliyyələşdirilməsi adı ilə 7,7 milyon manat mənimsənilməsi ilə bağlıdır.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu epizod üzrə dindirilən şahidlərdən biri, hazırda DTX-də işləyən şəxs pulların bir qismini keçmiş nazir müavini Hilal Əsadova verdiyini bildirib.

Şahid R.A ifadəsində bildirib ki, 1995-ci ildən MTN-nin Əks Kəşfiyyat İdarəsində əməliyyat müvəkkili kimi işə başlayıb. 2013-cü ildən Anti-Terror Mərkəzində şöbə rəisi təyin edilib. 2016-cı ilin martında Dövlət Təhlükəsizlik Xidmətində şöbə rəisi vəzifəsinə təyin olunub.  

R.A deyib ki, nazirliyin Maliyyə İdarəsinin xəzinəsindən həmin vaxt nazir müavini işləyən Hilal Əsədovun imzaladığı raportlar və Anti-Terror Mərkəzinin rəisi işləmiş Elçin Quliyevin onun adına verdiyi vəkalətnamələr əsasında məlumat verən əməliyyat mənbəyinin mükafatlandırılmasına sərf olunması  üçün müxtəlif məbləğlərdə manat, ABŞ dolları və avro ilə pul götürüb: "Lazım olan vəsaiti Hilal Əsədovun imzaladığı rasportlarda göstərilən məbləğ qədərində nağd götürürdüm, qəbzlərə imza atırdım və pulları şəxsən özüm gətirib nazir müavini Hilal Əsədova verirdim. Həmin pullar təyinatı üzrə əməliyyat mənbəyinə Hilal Əsədov tərəfindən verilirdi. Mənbə olan o şəxs Hilal Əsədovun əlaqəsində idi. Məxfilik prinsiplərinə görə həmin mənbənin kimliyindən Elçin Quliyevin heç bir məlumatı olmurdu. Sadəcə mən Mərkəzin əməkdaşı olduğum üçün Elçin Quliyev pulları kassadan götürmək üçün mənim adıma vəkalətnamə verirdi. Əməliyyat mənbəyinin mükafatlandırılması və ondan məlumatların alınması üçün Hilal Əsədov məni də özü ilə aparırdı. Görüşdən sonra pulun alınması barədə qəbzləri Hilal Əsədov özü alaraq mənə verirdi”. 

Qeyd edək ki, general H.Əsədov istintaqa yalnız şahid qismində cəlb edilib bə "MTN olayları” başlayandan sonra təqaüdə göndərilib.

İcmal.Az

RƏYLƏR