"Qaynım 7 milyon vergi ödənişindən yayınıb" - Rafael Cəbrayılovun həyat yoldaşı

OXUNUB: 84 GÜNDƏM HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqi varisi, onun həyat yoldaşı Aidə Cəbrayılova ifadə verib.

O bildirib ki, R.Cəbrayılova qarşı irəli sürülmüş ittihamlarla razı deyil: "Rafael Cəbrayılov dövlətinə, xalqına sadiq bir şəxs olub. 2015-2016-cı illərdə ölkədə baş verən devalvasiya səbəbindən onun şirkəti ayrı-ayrı şəxslərdən yüksək məbləğdə borc almaq məcburiyyətində qaldı. Qardaşı Elşən Cəbrayılov onu ağır duruma saldı, özü isə hazırda Türkiyə və Macarıstanda tikinti biznesi ilə məşğul olur. İş materiallarından da aydın görünür ki, Elşən Cəbrayılov direktor səlahiyyətlərini icra edərkən iş üzrə zərərçəkmişlər - Vidadi Məmmədov, Bəşir Məmmədov, Sülhiyyə Məmmədova, Təranə Fətəliyeva və başqaları ilə mənzillərin və qeyri-yaşayış sahələrinin girov qismində ayrılması və satılması barədə müqavilələr bağlayıb. O, möhürlə təsdiq edib, vətəndaşlardan pul vəsaitlərini qəbul edib və bu barədə qəbz verib. Rafael Cəbrayılov ifadələrində və vəsatətlərində göstərmişdi ki, Elşən Cəbrayılov 7 milyon vergi ödənişindən yayınıb".

Daha sonra təqsirləndirilən şəxsin hüquqi varisi vəsatət qaldıraraq, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib.


Vəsatət təmin edilməyib.

Məhkəmədə zərərçəkmiş qismində Sülhiyyə Məmmədova ifadə verib. Onun sözlərinə görə, R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılova 192 min 500 manat pul verib.

Növbəti proses dekabrın 16-na təyin edilib.

Xatırladaq ki, R.Cəbrayılov bu ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

RƏYLƏR