23-24 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində 40 ildir siyasi, ideoloji və terror saiyasəti yürüdən İran adlı dövlətin mollla rejiminə qarşı " İran Xalq Mücahidləri Hərəkatı”nın (İXMH) liderliyi altında yeni koalisiyanın qurulması üçün xüsusi toplantı keçiriləcək. Azərbaycan və İran Türklərinin milli hərəflərinə uyğun olmayan bu toplantıda çox təəssüflər olsun ki, Güney Azərbaycan adına bəzi qurumlar da qatılacaqlar.
"Marksist islamçılar”ın revanşı
1965-ci il 6 sentyabr tarixində desport Məhəmmədrza Pəhləvi irditcasına qarşı
rəsmən elan edilən "Xalqın Mücahidləri Hərəkatı” ilk dönəmdə sosialist inqilabı
ideologiyasını başlıca strategiya kimi qəbul edirdi. Bu örgütü yaradanlar İran
adlı ölkədəki bütün sosial zümrələri nəzərə alaraq, "islam-sosializm”
konseptini sintez kimi gündəmə gətirərək ilk dəfə olaraq "marksist-islamçı”
baxışları yaratdılar. Örgüt 1978-ci il "23 Bəhmən İnqilabı” dönəmində açıqlama
yayaraq diktator Məhəmmədrza Pəhləviyə qarşı olduqlarını elan etdilər. Onlar
eyni zamanda bildirdilər ki: "Ayətullah Xomeyninin izacəsi olmadan ölkədə
silahlı eyləmlər gerçəkləşdirməyəcək”. Çünki, bu dönəmdə Fransada yaşayan və
şahlıq istibdadını devirmək üçün verdiyi açıqlamalarında və məqalələrində
Ruhulla Xomeyni dinlə yanaşı sosial ədalət haqqında daha çox fikirlər
səsləndirirdi. Beləliklə şahlıq üsul-idarəsinə qarşı milyonlarla insanların
ayağa qalxaraq apardıqları inqilabi mübarizə 1980-ci ildə "İslam İnqilabı” ilə
nəticələndi. Ayətullah Xomeyninin rəhbərliyi altında 1978-1980-ci illərdə daha
da güclənən "İslam İnqilabı”nın vuran əli və bütün rəqiblərini silahlı mübarizə
adı altında məhv edən öndə gedən güc "marksist islamçılar” cildinə girmiş, "paniranizm” və "panfarsizm” doktrinasını
irəli sürən "Xalqın Mücahidləti Hərəkatı” idi. Bu hərəkat bütün xalqların milli
varlığını inkar edərək zorla farslaşdırma və "irani milləti” yaratmaq ideyasını
müdafiə edirdi. Bu hərəkat qarşısına çıxan alternativ baxışları inkar üçün
ideoloji müstəvidə deyil, silahın gücü ilə onları məhv edirdi. Bir sözlə terror
"Xalqın Mücahidləri Hərəkatı”nın simvoluna çevrilmişdi.
"Paniranizm”in teoloji və oxlokratik dəyərləri
Ölkədə 1980-ci ildə "İslam İnqilabı”nın sonucu olaraq, prezident seçkilərində
"Xalqın Mücahidləri Hərəkatı”nın lideri Məsud Rəcəvi adaylığını irəli sürsə də,
bu örgütdən daha çox reytinq qazanmış Ayətullah Xomeyni ona qarşı veto tətbiq
etdi. Çünki, dini fanatizm və ideoloji dövlət modeli tərəfdarı kimi çıxış edən
Ayətullah Xomeyni ilk öncə yeni Ana Yasa referendumunun keçirilməsinin
tərəfdarı idi. A. Xomeyni daha da irəli gedərək: "Kim dini (teokratik) dövlət
modelinə qarşı çıxırsa, bu yöndə keçiriləcək referendumu qəbul etmirsə, İslam
İnqilabının düşmənidir” demişdi. A. Xomeyni 1980-ci il parlament seçkilərində
isə, "Xalqın Mücahidləri Hərəkatı”nı ideoloji baxımdan təftiş edərək onları
"münafiqlər” adlandırdı. Elə buna görə də "İslam İnqilabı”nın ali dini rəhbəri
statusu ilə Ayətullah Xomeyninin bu örgütə qarşı verdiyi açıqlamalar sonucunda
onlar parlament seçkilərində uğur qazana bilmədilər. Seçkilərdən sonra daha da
mövqeləri güclənən A. Xomeyni "Xalqın Mücahidləri Hərəkatı”nın bütün
fəaliyyətlərini qanunla yasaq etdi. Bu olayın başqa bir səbəbi ölkənin idarə
olunmasını dini və teoloji baxımdan deyil, daha sivil qaydaların tətbiqinin
tərəfdarı kimi böyük nüfuza malik olan Əbülhəsən Bənisədrlə "Xalqın Mücahidləri
Hərəkatı”nın rəhbərlərinin gizli əlaqələrə malik olması üzə çıxmışdı. Müvəqqəti
hökumətin baş naziri kimi Ə. Bənisədr despotik rejimə qarşı xalqı küçələrə çıxararaq
ölkənin "şəriət qanunları” idarə olunmasını deyil, çağdaş dəyərlərə söykəmli
prinsipləri irəli sürmüşdü. Beləliklə də "İslam İnqilabı”nın tərəfdarları və
buna qarşı olan güclər qarşı-qarşıya gəldilər. A. Xomeyni dərhal tərəfdarları
ilə birgə ölkənin bütün radio və televiziya kanallarına nəzarəti ələ keçirərək
əleyhdarlarını islam dininin düşməni və imperializmə xidmət etdikləri barəsində
provakasiyaları sərgiləməyə başladı. Hətta "Xalqın Mücahidləri Hərəkatı”nı əsil
"münafiqlər” təşkilatı kimi qiymətləndirdi. Onları "İslam dövləti”nin əsas
düşməni olduğunu elan etdi. Beləliklə də A. Xomeyni fanatikləri öz tərəfinə
çəkərək Ə. Bənisədrin başlatmaq istədiyi hərəkatı qan içində boğdu. İflasa
uğradığını görən Ə. Bənisədr azsaylı tərəfdarları ilə birgə Fransanın paytaxtı
Parisə köçdü.
Silahlı mücadilənin "üz qızartısı”
1981-ci ildən başlayaraq Məsud Rəcəvi lideri olduğu "Xalqın Mücahidləri Hərəkatı”nı
keçmiş Sovetlər Birliyinin dəstəyi ilə silahlandıraraq Ayətullah Xomeyniyə
qarşı açıq
şəkildə silahlı mücadiləyə başladı. Məsud Rəcəvi özünə güclü dayaqlar qurmaq
üçün Moskvanın təqdim etdiyi oyun qaydaları ilə hərəkət edirdi. Belə ki, tarixdə
ilk dəfə olaraq diktator İosif Stalin tərəfindən təməli qoyulan "İran
Kürdüstanı” ideyası 1944-cü ildən keçmiş Sovetlər Birliyi dağılana kimi
örgütlənmiş siyasətlə idarə olunurdu. A. Xomeyniyə qarşı silahlı mücadilədə
"Xalqın Mücahidləri Hərəkatı” kürd gerilla hərəkatı ilə bir bütün olaraq "İran
İslam Cümhuriyyəti” ideyasına qarşı döyüşməyə başladılar. Bu iki örgütün
arxasında duran, onları maddi və silah baxımından təmin edən Moskva idi.
1983-1986-cı illərdə demək olar ki, "Xalqın Mücahidləri Hərəkatı” və "kürd
gerilla” qrupları ilə birgə Tehran rejiminə qarşı tarixin ən qanlı mücadiləsini
verdilər. Belə bir dönəmdə onların törətdiyi ən qanlı cinayətlər Güney
Azərbaycanda baş verdi. "Sulduz soyqırımı” tarixi bu gün də kimsənin yadından
çıxmayıb. İraq və Suriyadakı "kürd silahlı qrupları” fərqli siyasi partiyalar
adı altında iştirak etdilər. 1981-1991-ci illərdə İraq-İran savaşı” demək olar
ki, İran adlı ölkədə "Xalqın Mücahidləri Hərəkatı”na olan inamı tamamilə
sarsıtdı. Çünki, bu savaşda örgüt İraq ordusuna dəstək olaraq mücadilə
aparmışdır. Bundan əlavə, İraq diktatoru Səddam Hüseyn "Xalqın Mücahidləri
Hərəkatı”nı maliyyələşdirirdi. Örgütün 80 minlik tərəfdarı əlində silah bu
onillik savaşda iştirak etmişdir. Örgütün lideri Məsud Rəcəvi Fransada sığınacaq
alsa da, 1986-cı ildə bu ölkədən sınırdışı edilmişdir.
Zorla dirilən örgütlənmə
ABŞ-da son prezident seçkilərində qalib gələn Donald Tramp İranın nüvə
siyasətini tamamilə çökdürmək üçün qərarlar qəbul etdi və bunun ardınca ilk
səfərini Səudiyyə Ərəbistanından başladı. Bu görüşlər zamanı D. Tramp Səudiyyə
Ərəbistanına 100 milyard dollar həcmində silah sataraq Orta Doğunun ən güclü
ərəb dövləti kimi ölkəni İrana qarşı səfərbər etməyi də bacardı. İlk dəfə
olaraq "Ərəb Dövlətləri Liqası”nı "Ərəb NATO”suna çevrilməsi siyasətini gündəmə
gətirdi. "Ərəb NATO”sunun qarşısında duran tək hədəf İrana qarşı bütün ərəb
dünyasının örgütlənməsinə çevrildi.
7 iyun tarixində başkənd Tehranda İran adlı ölkənin parlamentində və "İmam
Xomeyni” türbəsində eyni vaxtda ikili bomba partlayışları yaşanıldı. Beləliklə
də ölkədə güvənlik baxımından problemlər yarandı. Bu partlayışların ardından
beynəlxalq miqyasda İran adlı ölkənin daxili güvənliyinin o qədər də güclü
olmadığı təbliğ edildi. Elə bu məqamda bütün gözlər "Xalqın Mücahidləri
Hərəkatı”na yönəldi. Hətta bu örgüt mühacirətdə olan tərəfdarları ilə bir neçə
ölkədə genişmiqyaslı mitinqlər keçirdilər. Dünyanın əksər aparıcı KİV-ləri isə
örgütün bu aksiyalarını geniş şəkildə işıqlandırdılar.
Onu da qeyd edək ki, "Xalqın Mücahidləri Hərəkatı” mərkəzi qərargahını İraqda
quran zaman ata Corc Buş ABŞ prezidenti kimi onları dəstəkləmək haqqında qərar
vermişdi.
Bu dəfə örgütü Moskva deyil, Vaşinqton maliyyələşdirməyə başladı. Çünki, örgüt lideri Məsud Rəcəvinin belə bir açıqlaması da gündəmi dəyişdirmişdi: "İran molla rejimini kim devirmək istəyirsə, biz onun yanındayıq”. Örgütün belə səmtə üz tutmasını ələşdirən bir çox ideoloji araşdırmaçılar isə heyrət içindəydilər: "Axı sosializm ideyaları ilə illər boyu mücadilə aparan, bu yolda əlində silah qan tökən bir təşkilat necə oldu ki, ABŞ kimi imperialist siyasət yürüdən dövlətlə müttəfiqə çevrilməsini əsla qəbul etmək olmaz”.
Özgəsinin "maşası”ından Paşa olmaz
"Xalqın Mücahidləri Hərəkatı” ABŞ tərəfindən dəstəkləndikdən sonra, örgütün
qarşısına çıxan vəzifələr göz önündədir. İran adlı ölkədə nüvə başlıqlarının
zənginləşdirilməsi və atom bombasının hazırlanması üzrə peşəkar səviyyədə
çalışan dörd nəfər alim örgüt tərəfindən sui-qəsd nəticəsində öldürülüblər.
Çünki, ABŞ Tehran molla rejiminə qarşı bütün təhdidlərini örgüt vasitəsilə
həyata keçirir. Avropanın ən geridə qalmış və zahirən neytral ölkə kimi tanınan
Albaniyada "Xalqın Mücahidləri Hərəkatı”nın mərkəzi qərargahı yerləşir. Paytaxt
Tiranada davamlı olaraq örgütün toplantıları keçirilir. Bu toplantıların birinə
qatılan ABŞ-ın nüfuzlu siyasi xadimlərindən biri kimi tanınan Con Makkeyn çıxış
edərək belə demişdir: "Xalqın Mücahidləri Hərəkatının vasitəsilə ABŞ İranın
müxtəlif nöqtələrində, küçə və meydanlarda terror eyləmlərini gündəmə
gətirərsə, bu ölkənin istiqrarı da pozulacaqdır”.
ABŞ tərəfindən "Xalqın Mücahidləri Hərəkatı”nın vasitəsilə örgütün İranda
eyləmlərin həyata keçirilməsi üçün coğrafi baxımdan yaxın dövlətlərdə
yerləşdirilməsi yönündə bəzi hazırlıqlar görülməkdədir. Bunun üçün də, İraqdakı
yerli idarəetmədə şiələrin hakim olduğu bölgələrdə örgütün güclənməsi İraq-İran
sınırlarının bağlanmasına səbəb ola bilər. Bununla yanaşı, Əfqanıstan və
Pakistan da həmin projedə yer ala bilir.
Tehran rejiminin örgütün qaşısını ala biləcəyi önləmlər
Donald Trampın dövlət başçısı seçildikdən sonra, ABŞ-ın İrana yönəlik
siyasətinin sərt xarakter alması kimsəyə sirr deyil. Orta Doğunun durumu və
Tehranda baş verən terror eyləmləri bir
daha sübut etdi ki, İranın daxili sıxıntıları günbəgün artmaqdadır. "Xalqın
Mücahidləri Hərəkatı”nın yenidən aktivləşməsinə görə İran adlı ölkəni idarə
edən molla rejimi bəzi önləmləri almaq zorunda qalıb. Özəlliklə əhali arasında
cümə namazları zamanı aparılan təbliğatlarda örgütün İŞID terror təşkilatına
bənzədilməsi müşahidə olunur. İstiqrarın olmadığı İraq, Suriya, Pakistan və
digər qonşu dövlətlərdə örgütün səfərbər olması sınır güvənliyinin çətinləşməsinə
səbəb olub. İndiki məqamda İraqda koalisiya hakimiyyətində təsiri olan şiə
qruplarının vasitəsilə İran molla rejimi müəyyən üstünlüklər qazanmağa ümid
edir. Yəni azından örgütün neytrallaşdırılması baxımından hər iki qonşu ölkənin
yararına uyğun addımların atılması zəruri sayılacaq.
Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə "İran Xalq Mücahidləri Hərəkatı”
üzərindən İran molla rejiminə təsirini artırmaq üçün 23-24 sentyabr tarixində
ABŞ-ın Nyu York şəhərində örgütün liderliyində "Mühacir İran müxalifəti” adlı
konfrans düzənlənəcək. Onu da qeyd edək ki, ifrat dərəcədə "paniranist” və
"panfarsist” ideoloji düzənə malik olan bu örgütün Nyu-York toplantısında
təəssüflər olsun ki, kürdlərlə yanaşı, bəzi Azərbaycan mühacir təşkilatları da
iştirak edəcəklər. Azərbaycan və İran Türklərinin milli hədəflərinə cavab
verməyən bu toplantıda Güney Azərbaycan təşkilatlarının, aydınların hər hansı
bir ortaq birliyə imza atmaları doğru addım sayılmayacaq. Onu da xatırladırıq
ki, İran adlı ölkənin molla rejiminə qarşı mübarizə aparan marksist, kommunist
və sosialist təşkilatların rəhbərləri ilə "İran Xalq Mücahidləri Hərəkatı”
örgütü arasında çox ciddi əlaqələr vardır.
Cahandar Bayoğlu,
"BAY Düşüncə Ocağı”nın başqanı