Son 4 ayda 3 böyük yanğın – İcra başçısı yenə hədəfdə

OXUNUB: 565 GÜNDƏM HADİSƏ

Bakının Nizami rayonu ərazisində son 4 ayda artıq 3-cü dəfədir ki, güclü yanğın baş verir. 

"Yeni Sabah” xəbər verir ki, baş verən yanğınların xüsusilə ictimai iaşə yerlərində olması diqqəti cəlb edir.

İlk yanğın martın 26-da Qara Qarayev küçəsində "Diqlas” Ticarət Mərkəzində baş verdi və hadisə nəticəsində mərkəz demək olar ki, külə döndü. Hadisə ilə bağlı araşdırmalar hələ də davam edir.

Növbəti yanğın iyunun 23-də eyni küçədə "X-Lady", "X-Man” və "İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində baş verdi. Bu yanğının qarşısı vaxtında alınmasa idi, böyüklüyünə görə "Diqlas”dan fərqlənməyəcəkdi.

Bu gün də Nizami rayonunda eyni hadisə təkrarlandı. "Ağ çiçəyim” gül mağazası yandı. 

Bütün bu hadisələrdən sonra önə çıxan əsas şəxs rayonun icra başçısı Arif Qasımov olur. Həm mediada, həm də sosial şəbəkələrdə ittiham hədəfinə icra başçısı çevrilir. Bu da təbii olaraq ortaya müəyyən şübhələr və suallar çıxarır.

Bu olayların arxasında icra başçısının "vurulması” dayana bilərmi? Yanğınlar təxribat ola bilərmi? Əgər təxribat varsa, icra başçısının vəzifəsindən azad olunmasını kimlər istəyir? Növbəti hadisə nə olacaq?

Bakının ən böyük rayonlarından olan Nizami rayonunu hər zaman ayrı-ayrı məmurların maraq dairəsində olub. Hətta vaxtilə  MTN rəhbərliyinin rayondakı ticarət mərkəzləri və "8-ci km bazarı” ilə bağlı apardığı savaş sonradan üzə çıxmışdı. 

İndiki halda belə bir savaşın olub-olmaması haqda heç bir məlumat yoxdur. Sadəcə ehtimallar var ki, bunları da qeyd etdik.

RƏYLƏR