Yeni kəşf edilən nəhəng planetə Atatürkün adı verilə bilər

OXUNUB: 664 DÜNYA
Türk alimlərin rəhbərlik etdiyi beynəlxalq araşdırma qrupu yeni planet kəşf edib.

Yerdən 210 işıq ili uzaqlıqda olan, Yupiter böyüklükdə nəhəng planet müşahidə edilib. Bu planetin içinə ən azı 1300 Yer planeti sığışa bilər.

Planet Antalyadakı TÜBİTAK rəsədxanasında qurulan türk-rus "RTT150" teleskopu tərəfindən müşahidə edilib. Peqasus Bürcü istiqamətində kəşf edilən planet Günəşdən 5 dəfə geniş və 12 dəfə parlaq olan, metallarla zəngin "HD 208897" adlı ulduzun ətrafında dövr edir.

2007-ci ildə Ankara universitetinin tədqiqatçısı Mesut Yılmazın rəhbərliyi ilə başlayan türk, yapon və rus alimlərdən ibarət beynəlxalq layihə çərçivəsində planet axtarışları10 il sonra nəticə verib. Kəşf edilən planet Yupiterin əkizləri qrupuna aiddir və Günəş sistemindəki Yupiter planetindən 1.4 dəfə daha böyükdür.

Yeni planetdə bir gün 353 gündür. Planetdən ulduza qədər olan məsafə Günəşdən Yupiterə qədər olan məsafə ilə eynidir. Amma "HD 208897" ulduzu yanacaq ehtiyatını artıq bitirmək üzrədir və qabarmağa başlayıb. Bu səbəbdən planetdə temperatur çox yüksəkdir. Həyat üçün əlverişli deyil.

Mesut Yılmaz açıqlamasında bildirib ki, yeni kəşf edilən planetə ad veriləcək. Açıqlamada deyilir: "Bildiyimə görə Yaponiya, ABŞ, Fransa və Kanada kəşf etdikləri planetə ad verirlər. Niyə biz də belə etməyək? Belə bir düşüncəmiz var. "Türk", "Türk1" və "Atatürk" adları ağlımdan keçir"./olke.az
 
 
İcmal.Az

RƏYLƏR