7NEWS.az xəbər verir ki, bu barədə millət vəkili Azay Quliyev Milli Məclisdə çıxışı zamanı deyib: "Heydər Əliyevi dahi şəxsiyyət, böyük dövlət adamı və ulu öndər zirvəsinə ucaldan nədir sualına cavab versəm, onun xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərini, tarixi xilaskarlıq missiyasını və mükəmməl siyasi portretinin əsas cizgilərini ümumiləşdirərək aşağıdakıları qeyd edərdim:
1.
Heydər Əliyev yenicə müstəqilliyini bərpa edən Azərbaycanı bir tərəfdən Ermənistanın
işğalı, digər tərəfdən etnik separatizm və vətəndaş müharibəsi nəticəsində məhv
olmaq, dağılmaq və yenidən müstəqilliyini itirmək təhlükəsindən qurtardı,
Cümhuriyyət qurucularının 100 il bundan öncə elan etdikləri müstəqil Azərbaycana
sahib çıxdı, onların yarımçıq qalan müstəqil dövlət qurmaq arzularını gerçəyə
çevirdi, dövlətimizin istiqlalını əbədi və dönməz etdi.
2. Heydər Əliyev müasir Azərbaycanın memarı kimi ölkəmizin dünyada
layiqli yerini tutması üçün mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib
hazırladı və onu reallaşdırmağı bacardı.
3. Heydər Əliyev iqtisadi və siyasi baxımdan çökmüş bir ölkənin milli inkişaf
strategiyasının təməl prinsiplərini müəyyənləşdirdi: bütün təhdid və təhlükələrə
rəğmən həyati əhəmiyyətli neft müqavilələrini imzaladı, köklü iqtisadi, sosial
və hüquqi islahatlar həyata keçirdi, vahid komandana tabe olan güclü və nizami
ordu qurdu.
4. Heydər Əliyev Azərbaycan dövlətinin milli ideyasını konkret ideoloji
konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir
dövlət quruculuğunun tələblərinə uyğun yeni məzmun verdi və onu bütün dünya Azərbaycanlılarının
birliyinin və həmrəyliyinin əsas bazasına çevirə bildi.
5. Heydər Əliyev regionda və dünyadakı qüvvələr nisbətini dəqiq müəyyən edərək
Azərbaycanın ilk növbədə qonşuları, sonra isə dünya gücləri ilə balanslı və
milli maraqları özündə əks etdirən müstəqil xarici siyasət kursunun əsasını
qoydu və onu uğurla tətbiq etdi.
6. Heydər Əliyev Azərbaycanın yeni konstitusiyasını qəbul etməklə sivil,
demokratik, çoxpartiyalı dövlət idarəetmə sisteminin formalaşdırılmasını və ölkədə
vətəndaş cəmiyyətinin təşəkkül tapmasını, ən vacibi isə möhkəm təməllərə söykənən
ictimai-siyasi sabitliyi təmin etdi. Silahlı müxalifətin mövcudluğu və güc yolu
ilə hakimiyyəti zəbt etmək praktikasını birdəfəlik aradan qaldrıdı və bununla
da Azərbaycanı Əfqanıstanın və Suriyanın uzun müddət yaşadığı faciəli siyasi
taleyini yaşamaq təhlükəsindən xilas etdi.
7. Heydər Əliyev başladığı böyük dövlət quruculuğu və xilaskarlıq missiyasını cənab
İlham Əliyev kimi qətiyyətli, bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik
ideallarına sadiq bir şəxsiyyətə, dövlət adamına etibar etməklə ölkəmizin güclənməsinin
və inkişafının, xalqımızın firavanlığının və rifahının, cəmiyyətimizin təhlükəsliyinin
və sabitliyinin, ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan milli davanın və
mücadilənin uğurlu davamına tam zəmanət verdi.
Yüksək mənəvi keyfiyyətə, peşəkar idarəetmə bacarığına və fitri istedada malik
Ümummilli liderimiz Heydər Əliyevin bütün həyat və fəaliyyəti hər bir
soydaşımız üçün vətənpərvərlik, əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir.
Heydər Əliyevin işıqlı və əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca
tutulacaq, onun ideyaları və siyasi məfkurəsi əbədiyyən yaşayacaqdır.”
7NEWS.az