Qazaxda tender pozuntusu: Ata və oğulun şirkətləri… - FOTO

OXUNUB: 129 Özəl HADİSƏ
Qazax rayon Psixiatriya Xəstəxanası bu gün ümumi məbləği 69 min 200 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Kotirovka sorğusu əsasında məbləği 49 min manat olan dəftərxana və təsərrüfat xərclərinin satınalması müqaviləsi "Orman AS” MMC, məbləği 10 min manat olan mətbəə məhsulları üzrə xərclərinin satınalması "Tədarük AS” MMC və məbləği 10 min 200 manat olan digər kommunal xidmətlər haqqının ödənilməsinin satınalması müqaviləsi "Səma” MMC ilə imzalanıb.

Hər 3 şirkətin hüquqi ünvanı Ağstafa rayonunda yerləşir.

10 manat nizamnamə kapitalına malik "Orman AS” MMC-nin hüquqi ünvanı Ağstafa şəhəri, 33-cü məhəllə, ev 0, m 0-dir. Qanuni təmsilçisi isə Elvin Yaqubəliyev Abdi oğludur. Şirkət 12.05.2018 tarixində dövlət qeydiyyatından keçirilib.

21.06.2019 tarixindən indiyə kimi şirkətlə 9 satınalma müqaviləsi bağlanılıb. Satınalma müqavilələrini araşdırdıqda məlum olur ki, "Orman AS” MMC cari təmirdən tutmuş oduncaq, dəftərxana, təsərrüfat malları və yumşaq inventarların satışı ilə məşğul olur. Şirkətin udduğu satınlamalar Qazax və Ağstafa rayonlarını əhatə edir.

Hazırda şirkətin 2222 manat 20 qəpik vergi borcu var.


"Orman As” MMC ilə bağlı internet resurslarında məlumatlar yalnız satınalmalarda qalib gəlməsi ilə bağlıdır.

10.06.2019 tarixində yaradılan və 10 manat nizamnamə kapitalına sahib "Tədarük AS” MMC-nin hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndidir. Şirkətin qanuni nümayəndəsi isə "Orman As” MMC-nin təmsilçisi Elvin Yaqubəliyevin atası Abdi Yaqubəliyev İbrahim oğludur.

05.07.2019 tarixindən indiyə kimi "Tədarük AS” MMC 16 satınalmanın qalibi olub. Abdi Yaqubəliyevin şirkəti də oğlunun şirkəti kimi çox profillidir. Şirkət Qazax və Ağstafa rayonlarında müxtəlif istiqamətlərdə keçirilən satınalmalarda qalib olub.

Şirkətin hazırda 165 manat 72 qəpik vergi borcu var.
"Dövlət Satınalmaları Haqqında” qanuna görə vergi öhdəliklərini yerinə yetirməyən şirkətlərin satınalmalarda iştirakına imkan verilmir. Görünür, dövlətin bu qanunu ata və oğulun şirkətlərinə aid deyil…

06.08.2002 tarixində yaradılan və 10 manat nizamnamə kapitalına malik "Səma” MMC-nin hüquqi ünvanı Ağstafa şəhəri, M.Ə.Sabir, ev 9-dur. Qanuni təmsilçisi isə Yaşar Aslanov İmamverdi oğludur.

25.04.2019 tarixindən indiyə kimi şirkətlə 4 satınalma müqaviləsi bağlanılıb ki, onların 3-nu Bakı Dövlət Universitetinin Qazax Filialı keçirib.

RƏYLƏR