Azərbaycan siyasətinin “kor bağırsağı” – İlqar Məmmədov!

OXUNUB: 520 Özəl SİYASƏT
İlqarı 2003-dən tanıyıram. Xeyli də üzbəüz gəlmişik. Müxtəlif zaman aralıqlarında. Və ələlxüsus debatlarda. Hətta heç yadımdan çıxmaz, Prezident seçkiləri öncəsi, təbliğat mərhələsi idi - o vaxt eynək taxırdım - bir dəfə Mübariz Qurbanlı mənə qayıtdı ki, vallah səni İlqardan ayırmaq olmur, bir-birinizə çox bənzəyirsiz.....Açığı nə gizlədim, həmin an çox xoşuma gəlmişdi, bu bənzətmə. Amma zaman keçdi, bir çoxları kimi mən də İlqarı daha yaxından tanıdım və nəhayətində anladım ki, bu həyatda İlqara oxşamaq mümkün olan variantların ən qorxuncu, ən acınacaqlısıdır....

İlqar kompleksli biridir. Bu səbəbdən özünü "tapa bilmir”. İqtidarla normal görüşəndə müxalifətin nə deyəcəyindən ehtiyatlanır, müxalifətlə görüşəndə öz ətrafındakıların. "Qızıl ortanı” tapmaq, ya da özü olmaq isə onun istedad və qabiliyyətinin imkanları xaricindədir.

İlqar aqressiv tipdir. Onu təbdən çıxarmaq 2 dəqiqəlik işdir. Yəni, adamda peşəkar siyasətçi soyuqqanlığından əsər-əlamət belə yoxdur. Ona görə də affekt vəziyyətinə düşən kimi tarazlığını itirir, gerçək xisləti, ruhu üzə çıxır və səhvləri ard-arda edir.

İlqar adekvat insan deyil. O, gülüb-zarafatlaşdığın yerdə qışqıra bilər, əl uzatdığın yerdə arxasını çevirib gedə bilər, heç gərəkmədik yerdə üzr istəyə bilər, əsl üzr istənməli yerdə qırmızıca üzünə dura bilər. Qısası, "tutmaq olmur” adamı. 11 xarakter qurşağının ən az 9-u var onda. Saatbasaat dəyişir. Sadə bir misal deyim. Partiya sədrləri ilə Zəngilana gedirdik. "Ağalı” kəndinə. İlk yaşayış binalarının açılışı idi. Avtobusda paralel oturacaqlarda əyləşmişdik. Yol boyunca ətrafa heyrətlə baxdı, görülən işlərdən danışdı, quruculuq prosesini əməllicə təriflədi, təqdir etdi və axırda da Zəngilana çatan kimi feysbuk üzərindən "canlı” açıb hakimiyyətin əleyhinə babat döşədi. Kİ, niyə belə sistemsiz və mənasız iş görülür...

İlqar həbsdə olanda daha maraqlı idi. Cəmiyyət üçün də, elə öz elektoratı üçün də. Çünki görünmürdü,   danışmırdı, xəyali obrazı ilə hərəkət edirdi. Amma elə ki, azadlığına qovuşdu, 10-ca gün yetdi ki, özünü tam bitirsin. Həm xaotik məntiqi, həm "feysbuk” üzərindən silsilə formasında tirajladığı "mənasız” zarafatları, həm də bayaq haqqında danışdığım qeyri-adekvatlığı ucbatından İlqar adında sabun köpüyü bir andaca partlatdı. Daha dəqiq desəm, əsl İlqar ortalığa çıxdı.

İlqar elə bir adamdır ki, ona göstərilən hörmətin yalnız və yalnız öz gücü ilə bağlı olduğunu düşünər. Üstəlik, ağlının ucundan da keçməz ki, bəlkə şəxsinə edilən jest və ya ehtiram elə qarşısındakının böyüklüyündən, kübarlığından irəli gəlib. Yox! Əsla! Onun fikrincə qorxublar, çəkiniblər. Vəssalam. Hətta siyasi dialoq çərçivəsində dövlətin əl uzatımını, siyasi rəqiblərlə münasibətdə gərginliyin minimuma endirilməsini, yeni - modern mərhələyə keçidi, şəxsinə bəraət və kompensassiyanın verilişini belə güman ki, İlqar öz "qüdrəti” və "böyüklüyü” ilə əlaqələndirib. Üstəlik, bir məqamı (dəqiq!) unudub ki, məlum münasibət və ünsiyyət hamı ilə yaradılır. Hətta möhürünü sonuncu dəfə 1994-cü ildə görmüş Partiya sədrləri ilə də. Hətta evindəki xanımını belə öz Partiyasına üzv edə bilməyənlərlə də. Hətta Partiya lideri olması 20 ildən sonra dövlət tərəfindən yadına salınan kəslərlə də!

İlqar elə bir siyasətçidir ki, "quşu”–"quş” dalınca buraxır. Ona görə də ətrafındakılar siyasi fəaliyyət göstərməkdən daha çox, onun "quş”larını malalamaqla məşğuldurlar.

İlqar azərbaycanca elə danışır və yazır ki, mənim yaponcam ondan daha yaxşıdır. Və ya, müğənni Manana belə Azərbaycan dilində səlis danışmağı öyrəndi, amma siyasi olimpə iddialı olan İlqar - yox!

İlqar qısqanc biridir. Həm də inanılmaz. O, üzdə özünü praqmatik göstərə bilər. Fəqət, daxildə tam başqadır. Hə, bəzən Erkin Qədirlinin, Natiq Cəfərlinin və üzdə olan digər "realçı”ların adlarını çəkir, onlarla qürur duyduğunu söyləyir, hətta zaman-zaman guya müdafiələrinə də qalxır. Amma bilin, sadəcə üzdə! Çünki, İlqar kiminsə uğuruna sevinməyi bacarmır. O, resurs ovlamağa pərgardır, öz yanlışları ilə bütün ətrafını el dilində desək "zibilə” salmağa + yaratdığı problemləri hamı ilə paylaşmağa, hər kəsə yükləməyə qadirdir, amma bir daha təkrar edirəm: kiminsə xoş gününə, qələbəsinə, uğuruna  sevinməyə - əsla! Bu səbəbdən də, ixtiyari perspektiv sahibinin başı üzərinə qalxaraq yekə görünmək, hətta qısqandıqlarından da bəhrələnmək, bir qəpik xeyiri dəymədiyi insanları istismar etmək "respublikaçı” bəyin ən ümdə xobbisidir!

İlqar "tramplin” anlayışını "turnik” anlayışı ilə səhv salanlardandır. Ona görə də sallanmağı irəliləmək, tullanmağı isə yüksəlmək bilir. Ona görə fasiləsiz, dala-qabağa fırlanır. Ona görə ayağı yerdən 20 sm üzülən kimi elə bilir göylərin xanimanı budur, bir tək qanadları əskikdir..

İlqar AMİP-də çalışdığı, Amerika səfirliyin(d)ə işlədiyi, Avropa Şurasında fəaliyyət göstərdiyi vaxtlarda da formalaşa bilməyib. Onun sistemsizliyi, cığallığı, kəmfürsətliyi, natamamlıq kompleksi daim başına bəla olub!

*

O gün baxdım. Ölkə rəhbərliyinə "məsləhət” verirdi. Daxili siyasət üzərindən.

Daha 3 gün əvvəl isə partiyasının qeydiyyatı üçün tələb olunan 5 min imza ilə bağlı açıq təlaşını ifadə etmişdi. Üstəlik, bütün elektoratının toplandığı və 45(!) nəfərin izlədiyi canlı efirdə...

Paradoks bax budur! Və ya: İnsan öz qabiliyyəti ilə ambisiyasını tənzimləyə bilməyəndə, uşaqlıqda oxuduğu nağılları həyat tərzinə çevirəndə, yerdəki daşları görməzdən keçib, göydəki ulduzlarla əlləşəndə çönüb olur – İlqar Məmmədov!

Ətrafında 30-50 adamı olana "Siyasətdən uzaq dayan” – deyilərmi? Deyilməz. Özü bilər, şəxsi işidir...

Ətrafında 30-50 adamı olana "Gücsüzsən, acizsən” – deyilərmi? Deyilməz. İmkanı nədirsə, odur...

Ətrafında 30-50 adamı olana "Sən sus, danışma!” – deyilərmi? Deyilməz. Danışmaq da, susmaq da hər kəsin haqqıdır...

Amma və lakin! Ətrafında 30-50 adam olan birisi gəlib başından yekə məsləhət vermək, qorxutmaq, şantaj etmək "hava”sına girərsə, bax o zaman cavab mütləq verilər. Deyiləsi şeylər də deyilər. Sadəcə mədəni şəkildə. Pıçıltı formasında.

Ki, a bala get o yanda oyna...
 
 
 
 
Elşən Musayev, Milli Məclisin deputatı

RƏYLƏR