295 nadanın senatda “quyuya” atdığı “daş”...

OXUNUB: 362 SİYASƏT
Fransa parlamentinin aşkar ermənipərəst qərarı bu dəfə Azərbaycanın səbrini bitirdi - rəsmi Bakı bu cavabı verdi

Fransa Senatı Azərbaycanın Qarabağa "hücumunu” pisləyən və Ermənistana hər hansı "digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Layihənin lehinə 295 səs, əleyhinə isə 1 səs verilib.

Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.

Qərəzli qətnamənin məğzi nədir? 

Fransa Senatı ilk dəfə deyil ki, Azərbaycan əleyhinə qətnamə qəbul edir. Bununla belə, qətnamənin adı və nəzərdə tutduğu sanksiya diqqət çəkir.

Birincisi, qətnamədə Azərbaycanın Qarabağa "hücumu” pislənir. Ümumiyyətlə, bu məqamın qətnaməyə salınması həm beynəlxalq hüququn pozulması, həm də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. BMT TŞ-nin Qarabağın işğalına dair 4 qətnaməsi vardı. Yəni işğal faktı bu qətnamələrlə beynəlxalq səviyyədə tanınıb. Azərbaycanın Qarabağı hərbi yolla işğaldan azad etməsi heç bir halda qanunsuz ola bilməz. Əksinə, bu faktı qanunsuz hesab etmək özlüyündə qanunsuz əməldir. Fransa başda olmaqla, əksər ölkələr Qarabağı Azərbaycanın ərazi bütövlüyü olaraq rəsmi səviyyədə tanıyır. Parisin belə bir qətnamə qəbul etməsi həm də bu baxımdan əsassızdır.

İkincisi, qətnaməyə Ermənistana hər hansı "digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdləri müddəası da salınıb. Ümumiyyətlə, Azərbaycan bu günə qədər Ermənistanın ərazi bütövlüyünü pozacaq addım atmayıb. Hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycan ərazilərinə ballistik raketlər atarkən belə rəsmi Bakı yalnız zərbələrin endirildiyi hərbi təyinatlı məntəqələri sıradan çıxarmaqla kifayətlənmişdi. Yəni rəsmi Bakının Ermənistan ərazilərini işğal etmək kimi bir düşüncəsi yoxdur.

Düzdür, rəsmilər səviyyəsində qeyd olunur ki, bugünkü Ermənistan əraziləri tarixi Azərbaycan torpağıdır. Hətta Paris sülh konfransı zamanı Fransa başda olmaqla, dövrün Avropa ölkələri Cənubi Qafqazın siyasi xəritəsini tanıyıb. Və həmin xəritələrdə Qərbi Zəngəzur, Göyçə mahalı ADR-in parçası kimi təsdiq edilib. Bununla belə, rəsmi Bakı məsələyə tarixi metadologiya aspektindən yanaşmır.

Üçüncüsü, qətnamədə Ermənistan əhalisinin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur. Ermənistan əhalisi deyərkən böyük ehtimalla Qarabağ ermənilərindən söhbət gedir.

Dördüncüsü, qətnamə layihəsində diqqətçəkən bir digər məqam da Fransanın Azərbaycana qarşı sanksiyalar tətbiq etməsidir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadi münasibətlər mövcuddur. Lakin bu, həyati əhəmiyyət kəsb edəcək və ya iqtisadiyyata ciddi zərbə vuracaq qədər geniş deyil. Fransa region olaraq Azərbaycana çox uzaqdır. Bu ölkənin nəzarət etdiyi strateji bir nöqtə və ya boğaz da yoxdur. Parisin sanksiya addımı Bakını narahat etmir. Lakin Azərbaycan Fransanın da daxil olduğu Aİ-nin alternativ enerji təminatçısıdır. İttifaq ölkələrinin bir çoxu ilə mavi qazın nəqlinə dair sazişləri var. Yəni müqayisə etdikdə Bakının iqtisadi sahədə təzyiq rıçaqları daha çoxdur.

Fransa Senatının qətnaməsi ilə əlaqədar Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Komitə Fransaya qarşı sanksiya qərarlarının verilməsi ilə əlaqədar təkliflər irəli sürüb. Bildirilib ki, Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər. Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir.  İndiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan və onların geri qayıdış hüququnun bərpasına çağırış etməyən Fransa yenə də ikili standartlar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün hər fürsətdə canfəşanlıq edir.

Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da qeyd edilir ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olmuşdur. Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Fransadan fərqli olaraq, dünyanın əksər ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatlar Azərbaycanın qarşılaşdığı "mina terroru”nu pisləyən açıqlamalar yaymışlar...

Bəyanatda Fransanın indiyə qədər dünyanın 50-dən yuxarı ölkəsində həyata keçirdiyi insanlıq əleyhinə cinayətlər, soyqırımlar, milyonlarla insanı qətlə yetirməsi faktlarla sadalanıb və bu cinayətlərə görə BMT-nin, ayrı-ayrı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə Fransanın məhəl qoymaması xatırladılıb. 

Bəyanatda Fransa törətdiyi insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini tanımağa, vəhşiliklər törətdiyi xalqlardan üzr istəməyə, həmçinin təbii sərvətlərini talan etdiyi dövlətlərə kompensasiya ödəməyə çağırılıb: "Fransa parlamentarilərini öz hökumətini ölkədə artmaqda davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yuxarıda şərh olunanları, xüsusən Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:

Fransaya qarşı sanksiyalar tətbiq edilsin.

Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.

Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın. 

"Total" da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın.

Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.

Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın".
 Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO
 
 
 
 
 
 

Aydın Hüseynov

Deputat Aydın Hüseynov "Yeni Müsavat”a bildirdi ki, Fransa Azərbaycana qarşı düşmənçilik aparır. Senatın qərarı isə artıq həyasızlığın pik nöqtəsi oldu: "Azərbaycanın bu düşmənçiliyə və həyasızlığa sərt cavabı olmalı idi və Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin verdiyi bəyanat da bunu göstərir. Bəyanatda hökumətimizə edilən çağırışlardakı məsələlər reallaşdırıldıqca itirən tərəfin məhz Fransa olduğunu senatdakılar görəcəklər. Makron və onun ətrafı işğalçını müdafiə etməklə Fransanın Minsk Qrupu həmsədrliyinin üstündən xətt çəkmiş oldu. Artıq Azərbaycan onun vasitəçliyindən imtina edib. Bundan sonra isə Milli Məclisin bəyanatında qoyulan məsələlərə start verildikcə Fransanın itirdiklərinin sayı daha da artacaq. Azərbaycan heç bir addımında beynəlxalq hüququ pozmayıb və ədalətli mövqedə olub. Bu gün də ədalətli mövqedədir. Ona görə də bizim hansısa senatın qəbul etdiyi kağız parçasından çəkinəcəyimiz yoxdur.

Fransa Senatının addımına ən layiqli cavablardan birini də elə məhz fransalı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin fəxri deputatı Jerom Lamber verib. Cənab Lamber yaydığı bəyanatda senatın 157 saylı qətnaməsini pisləyib və bildirib ki, qətnamə qisas almaq ruhunda yazılıb, belə qətnamələr dünyada sülhə mane olur, separatizmə yol açır. O bildirib ki, beynəlxalq hüquqdan, Fransanın dünyanın bu regionundakı maraqlarından danışarkən senat heç bir müsbət rol oynamaq istəmir. O, hətta açıq şəkildə bəyan edib ki, öz ölkələrindən daha çox ekstremist olan erməni diasporunun lobbiçiliyi Fransanı bu gün çox səhv istiqamətə sürükləyir.  

Tamamilə düzgün xəbərdarlıqdır. Fransada erməni lobbisinin güclü olması, 600 min erməninin yaşaması bu ölkənin siyasətçilərinin əksəriyyətinin mövqeyinə həmişə təsir edib. Belə görünür ki, senat artıq Ermənistan parlamenti kimi fəaliyyət göstərir".

Deputat vurğuladı ki, Fransa erməni terrorçularını bəsləyən ölkə kimi də tanınır. Fransanın özü qatil, terrorçu dövlətdir. Fransa ilə Ermənistanı bir-birilərinə bağlayan soyqırımlar törətməklə tarixə eyni adla daxil olmalarıdır: "Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Ermənistan havadarlarının dəstəyi ilə türklərə və azərbaycanlılara qarşı  son yüz ildə  törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Onları birləşdirən ümumi dəyər məhz budur.

Fransa Senatı və rəhbərliyi öncə qeyd etdiyim cinayətlərinə görə üzr istəməlidir".  
 Elşən Musayev: Azərbaycan gəncliyi Vətən müharibəsində öz vəzifəsini şərəflə yerinə yetirib
 
 Elşən Musayev

Deputat Elşən Musayev isə bildirdi ki, ümumilikdə Fransanın və ələlxüsus da senatın Azərbaycana qarşı sərgilədiyi fəaliyyət hikkədən, rəzillikdən, qərəzdən savayı bir şey deyil. Bunlar həqiqətən başlarını itiriblər və artıq ağılla, məntiqlə deyil,  sırf düşmənçilik məqsədinə, amalına köklənmiş strategiya ilə hərəkət edirlər: "Fəqət, məlum gedişatla, hərəkətliliklə nəyəsə nail olmaq mümkündürmü? Əsla! Çünki biz belə həmlələri, belə riyakarları, belə başı pozuqları indiyə qədər çox gördük. Hətta ruhumuzda, içimizdə həmin zavallılara, hərdəmxəyallara, həqarətçilərə, hədyançılara qarşı antitel, immunitet belə formalaşdı. Düşüblər, özlərisifət Ermənistanın ardınca. Və beləcə erməniləşiblər, erməni tayı olublar, erməni gününə qalıblar. Özünə hörmət edən ölkə bu boyda yanlışlığı, beynəlxalq hüquqa zidd hərəkətləri üzərinə götürərmi? Erməni kimi 30 illik işğalçı ilə bir sırada dayanarmı? Nə var- nə var Makronla Paşinyan dostdur, qardaşdır deyə bu qədər haqsızlığa imza atarmı?! Elə bil kukladırlar, plastilindirlər, amöbdürlər. Hara desən yönəlirlər, uzanırlar, gündə bir forma, sifət, üz dəyişirlər”.

Deputat qeyd etdi ki, Fransa əgər açıq ədavət istəyirsə, buyursun. Hara qədər desələr varıq: "Bizim kimsədən qorxacaq, ehtiyat edəcək, çəkinəcək yerimiz yoxdur.  Bütün məkrli, nadan, riyakar qüvvələrin cavabını da layiqli şəkildə vermək iqtidarındayıq”.

RƏYLƏR