57 yaşlı qadını öldürüb, quyuya atdılar: qatil ögey oğlu çıxdı – Təfərrüat

OXUNUB: 628 HADİSƏ
Şamaxı rayonunda qadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Rəhim Bağırovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İcmal.Az teleqraf.com xəbər verir ki, Rəhim Bağırovun barəsində olan cinayət işi Şamaxı rayon Prokurorluğunda yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin edilib.

İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.

Müəyyən edilib ki, Badam Bağırovanı bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

Rəhim Bağırov qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Sonra meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac yığıb.

Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və onunla birgə nikahdan bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayıb.

Mərhum Badam Bağırovanın övladı noyabrın 13-də məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib.

Axşam saatlarında Şamaxı rayon polis şöbəsinin əməkdaşları itkin Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. O, 8 il məhkumluq həyatı yaşayıb. O, qətli törətməmişdən bir neçə ay əvvəl həbsdən azad edilmişdi.

İstintaq orqanı tərəfindən Rəhim Bağırovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilib.

 

İcmal.Az

RƏYLƏR