Abdin Fərzəliyevin təlaşı: yanlış özünümüdafiə strategiyası başçını bitirir?

OXUNUB: 844 SİYASƏT

"Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev özünümüdafiəyə keçib. O, bir neçə gün əvvəl hazırda Londonda yaşayıb fəaliyyət göstərən vəkil Qurban Məmmədova Nərimanov rayonu ərazisində ev verilməsiylə bağlı yayılan məlumatları "zərərsizləşdirməklə” məşğul olur”.



Bu fikirləri AFN-ə son günlər baş verən prosesləri diqqətlə izləyən siyasi ekspert bildirib. Qeyd edək ki, mediada yayılan məlumatda Qurban Məmmədovun Avropaya köçdükdən sonra onun Azərbaycanın müxalif mühacirətinin siması olması qarşılığında Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovdan Nərimanov rayonunda M.Nağıyev küçəsi 19/27 ünvanında "Atlant-inşaat” tərəfindən yeni tikilmiş 16 mərtəbəli binada 11 ədəd yeni mənzil və 1 beşmərtəbəli qeyri-yaşayış sahəsi tələb etdiyi bildirilir. Nəticədə, Qurban Məmmədovun 150 kvadratmetrlik köhnə mənzili guya plana salınıb və əvəzində ümumi sahəsi 1500 kvadratmetr olan mənzillər verilib. Hazırda Qurban Məmmədovun ailə üzvləri və qohumları həmin mənzillərdə yaşayır. Məlumatlarda o da qeyd olunur ki, Qurban Məmmədova Bakının mərkəzində dəyəri milyonlarla ölçülən mənzillər və qeyri-yaşayış sahəsinin verilməsinin təşəbbüskarı Ramiz Mehdiyev və Əli Həsənov olsa da, bu işin icrasını Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev həyata keçirib.
Bu məlumatlar yayıldıqdan sonra A.Fərzəliyev mediada özünü müdafiə jestləri etməyə başlayıb. Belə ki, həmsöhbətimizin sözlərinə görə, icra başçısı saytlara həmin mənzilləri R.Mehdiyevin birbaşa razılığı və Ə.Həsənovun tapşırığı ilə verdiyi haqda məlumatlar sızdırıb: "Bəzi saytlarda bilərəkdən, yaxud da bilməyərəkdən bu mövzuda yazılar görünməyə başlayıb. Bildirilir ki, Əli Həsənov Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə zəng edərək Qurban Məmmədova bu qədər əmlakın saxta yollarla verilməsiylə bağlı göstəriş verib. Həmin vaxt guya Abidin Fərzəliyev tərəddüd edərək daha yuxarı instansiyaya, yəni sabiq PA rəhbəri Ramiz Mehdiyevə müraciət edib. Ramiz Mehdiyev isə başçıya ona verilən tapşırıqların dərhal yerinə yetirilməsiylə bağlı göstəriş verib. Bundan sonra Fərzəliyev həmin ərazini Qurban Məmmədova verilməsiylə bağlı sənədləşməni həyata keçirib və evlər ona verilib. Abdin Fərzəliyev unudur ki, o, "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə”yə əsasən birbaşa prezidentə tabedir, yalnız onun tapşırıqlarını yerinə yetirə bilər. Əsasnamədə açıq göstərilir ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. İcra başçısı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yerinə yetirir. Əsasnamədə Prezident Administrasiyası rəhbərinin icra başçılarının fəaliyyətinə hər hansı müdaxilə etmək, göstəriş vermək kimi bir səlahiyyəti haqda söhbət belə getmir. Belə olan halda Abdin Fərzəliyev nədən Əli Həsənovun tapşırığını Prezidentlə yox, PA rəhbəri ilə müzakirə edirdi? Başçı özünü nə qədər təmizə çıxarmaq istəsə də, Mehdiyev-Həsənov qrupunun üzvü olduğunu gizlədə bilməyəcək. Yaxın günlərdə Fərzəliyevin də vəzifədən alınması ən dərin ehtimallar sırasındadır”.
İcmal.Az

RƏYLƏR