ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat

OXUNUB: 493 SİYASƏT
Hazırkı durumda Aİ və ABŞ-nin sərgilədiyi fəaliyyət, 5 aprel görüşünə hazırlıq, təhlükəsizlik adı ilə düzənlənən növbəti şou, məzhəkə, heç şübhəsiz, xüsusi məqsədlərə hesablanıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

"Sülhün bir addımlığında idik. Hər şey öz yolunda, qaydasında gedirdi. Niyə imkan vermirsiniz? Niyə hər fürsətdə öz məkrli niyyətlərinizlə bərabər zühur edirsiniz? Niyə ara qatıb, iş korlamaqdan yorulmursunuz, usanmırsınız?

Görəsən, məlum Qərb dairələri nə zaman dərk edəcəklər ki, artıq onların üzündəki bütün maskalar yırtılıb? Görəsən, bu binəvalar nə zaman anlayacaqlar ki, elədikləri hər şey yanlışdır, əbəsdır, faydasızdır və Azərbaycana belə saxta şoularla təsir etmək mümkünsüzdür?

Üstəlik, özündə qəribəlik və absurdluq elementləri daşıyan digər nüans nədir, bilirsinizmi? - Paşinyanın hələ də həmin qüvvələrin əlində alət olmağa razılaşması! Hərgah, burada məqsəd gün kimi aydındır: ABŞ-nin də, Aİ-nin də hazırda yeganə hədəfi odur ki, bölgədə, Qafqazda daha çox təsir imkanları əldə etsin və Ermənistanı Rusiyanın əlindən tam almaqla öz dominantlığını gücləndirsin.

Ermənistanın baş naziri isə bu tələyə doğru şüurlu şəkildə gedir. Üstəlik, onu da nəzərə almır ki, həmin Qərb, həmin ABŞ, həmin Avropa indiyə qədər Nalvalnı və Saakaşvilinin, digərlərinin arxasında necə durubsa, durdusa, onun da arxasında eləcə duracaq. Yəni iş çətinə düşən kimi aradan çıxacaq, dabanına tüpürüb qaçacaq!”, - deyə deputat bildirib.

O qeyd edib ki, təbii ki, Aİ-nin sərhəddə öz missiyasının sayını artırmaq təşəbbüsü sülh prosesinə yalnız və yalnız mənfi kontekstdə təsir göstərəcək.

"Niyə mənfi? Çünki onlar bölgəyə sülh üçün deyil, sülhün olmaması üçün gəlirlər. Çünki sülh istəyən qüvvə yatıb indi ayılmazdı, hələ ATƏT-in Minsk Qrupu çərçivəsində nələrsə edərdi, əməli fəaliyyət göstərərdi. Çünki ABŞ-nin, Aİ-nin əl və barmaq qoyduğu yerlərdə sözlər, imzalar deyil, yalnız silahlar danışır.

Paşinyan ABŞ-nin, Aİ-nin üzərinə elə sevincək qaçır, sanki "ağ günə” çıxacaq. O, fərqində belə deyil ki, dövlətin, millətin xoşbəxt gələcəyi üçün lazım olan əsas şərt müstəqillikdir, müstəqil qərar vermək bacarığıdır, kimsənin üzərinə yıxılmamaqdır, öz gücünə, öz təpərinə güvənməkdir, xalqın gələcəyinə hesablanan addımlar atmaqdır.

Hər halda gözləyək. Səbirlə gözləyək, görək, bu işin sonu hara, hansı istiqamətə doğru gedir. Amma nəticə hər nə olursa-olsun, bir şeyi indidən dəqiq deyə bilərik: Azərbaycanı öz haqlı mövqeyindən, yürütdüyü müstəqil siyasətdən kimsə döndərə, çəkindirə bilməz. Heç bir məkirli birlik bizim yolumuzda əngələ, maneəyə çevrilə bilməz. Bunu Ermənistan da qulağına sırğa eləsin, ABŞ da, Avropa İttifaqı da”, - deyə E.Musayev əlavə edib.

RƏYLƏR