ABŞ İranı qonşuların əli ilə vuracaq? - Ekspert rəyi

OXUNUB: 520 DÜNYA
Bakı-Tehran əlaqələri yeni sınaqla üzə-üzə; ABŞ-ın İranla nüvə razılaşmasından çıxması Azərbaycan üçün doğru siqnal olacaq. Hazırda Azərbaycan-İran əlaqələri obyektiv və subyektiv əngəllərə rəğmən, dinamik məcrada inkişaf edir. Xüsusən də son illər iki qonşu dövlət arasında əməkdaşlıq daha geniş sahələri əhatə eləməklə keyfiyyətcə yeni bir mərhələyə adlayıb. İran prezidenti Həsən Ruhaninin son Bakı səfəri bu yöndə qənaətləri xeyli möhkəmlətmiş oldu. Ancaq Azərbaycan-İran əlaqələri çox tezliklə ciddi sınağa çəkilə bilər.
 
Qeyd edək ki, Tramp İrana onun qonşuları vasitəsi ilə zərbə vurmaq istəyir. İrana qarşı ABŞ və ya İsrailin hazırladığı hücum planlarına dair xarici mətbuatda yayılan xəbərlərdə Azərbaycanın adı dəfələrlə çəkilib. Vaxtilə Corc Buş administrasiyası dövründə Pentaqonda hazırlanan plana əsasən İrana zərbələr endirmək üçün Azərbaycan ərazisindəki hərbi aerodromlardan istifadə də nəzərdən keçirilirdi. Bir sözlə, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycan dünyanın supergüclərinin maraqlarının toqquşduğu yer olmaqla bərabər İrana qarşı mümkün hücumlar və Əfqanıstanda aparılan əməliyyatlar üçün də kritik nöqtəyə çevrilib. Baxmayaraq ki, rəsmi Bakı İranla münasibətlərdə maksimum ehtiyatlı olmağa çalışır və bu ölkəyə qarşı fəaliyyətlərdə açıq şəkildə yer almır. Ancaq Ermənistanın yaranmış vəziyyətdən istifadə edərək, Dağlıq Qarabağa məsələsinin həllində ABŞ və ya İsrail ilə bazarlığa gedərək, İsrail İranı Ermənistandan vura bilərmi? Əgər Ermənistan İsrailə belə bir imkan versə, bu Azərbaycana nə vəd edir?

Məsələylə bağlı fikirlərini BNEWS.az-a bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İsrail İranı Ermənistandan üzərində vurması planının reallaşacağına inanmır: "Bundan 10-15 il öncə İranın nüvə məsələsi diqqət mərkəzində idi. ABŞ və İsrailin İrana qarşı hazırladığı hücum planlarına dair xarici mətbuatda məqalələr dərc olunurdu. Amma bunların heç birinin Azərbaycana aydiyyatı yox idi. Çünki Azərbaycanın rəsmi dairələri bəyan etmişlər ki, İranın nüvə proqramına dair çəkişmələrdə Azərbaycan bitərəf mövqedə qalacaqdır. Azərbaycan heç bir ölkəyə onun ərazisindən qonşularına qarşı istifadə olunmasına yol verməyəcəkdir. Amma İranda fəaliyyət göstərən bəzi mərkəzlər buna inanmırdılar, Azərbaycana təzyiq etməyə çalışırdılar. Azərbaycanın xarici siyasəti milli maraqlara, dünyada birgəyaşayışa, sülhə və tərəqqiyə xidmət edir. İranla qarşıdurma bizim milli təhlükəsizlik maraqlarına cavab vermir. Trampın İranla bağlanmış nüvə anlaşmasından çıxması səhv addım olaraq bölgədə vəziyyəti gərginləşdirib. Azərbaycan bununla bağlı mütəmadi olaraq açıqlamalar verməlidir ki, İranla əlaqələrimiz daha da inkişaf etdirəcəyik.
 
Bu kimi proseslərin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etməsinə gəlincə, hesab edirəm ki, biz ABŞ və İsrailin planlarında yer almasaq belə, ABŞ və İsraillə normal münasibətlərimizi davam etirək, necə ki, İranla da normal münasibətlərimiz var. Amma Ermənistana gəlincə, Ermənistan İrana qarşı mümkün hərbi əməliyyatlarda yer almayacaq. Bu baxımdan da nə Azərbaycan, nə də Ermənistan Dağlıq Qarabağ məsələsində hansısa bir üstünlük qazanacağını düşünmürəm. Ermənistan o qədər də ağılını itirməyəb ki, İsraillə sövdələşməyə gedib İrana qarşı hərbi əməliyyatlarda rol alsın. İran ordusu qısa müddət ərzində Ermənistanı darmadağın edər. Bu Ermənistanın maraqlarına da uyğun deyil. Əksinə belə bir vəziyyətdə Ermənistana İranla əlaqə hava-su kimi lazımdır. Ermənistan son dərəcədə proseslərdən kənarda qalmağa çalışacaq”.

Elxan Şahinoğlunun sözlərinə görə, əgər ABŞ və İsrailin İrana qarşı hazırladığı hücum planlarının həyata keçirmiş olsa, bu Azərbaycana çox böyük humanitar fəlakət vəd edir: "İranda 30 milyon azərbaycanlı yaşayır. Belə ki, Suriyada baş verən qarşıdurmalar nəticəsində üç milyona yaxın insan Türkiyəyə sığınıb. Türkiyə hökuməti Suriyadan qaçan üç milyon insanı qəbul edərək, onların zəruri sosial ehtiyaclarını təmin edir. Əlbəttə, humanitar baxımdan bu təqdirəlayiqdir. Türkiyə çox böyük dövlətdir, 80 milyon əhalisi var. Amma Azərbaycan kiçik dövlətdir, əhalisi də azdı. Azərbaycan İrandan bu qədər qaçqını qəbul edə bilməz. Hazırda dünyada baş verən bu gərginlik Azərbaycanın maraqlarına ziddir”.
 
İcmal.Az

RƏYLƏR