Bakı–Tbilisi istiqamətində 26 maydan etibarən yenidən fəaliyyətə başlayan sərnişin qatarlarının bilet qiymətləri təyyarə biletləri ilə bəzi tarixlərdə demək olar ki, eynidir.
"Azərbaycan Dəmir Yolları”nın satışa çıxardığı biletlərin qiyməti tarixdən və seçilən vaqondan asılı olaraq 81 manatdan başladığı deyilsə də, ilk gündən hələ ki, bu qiymətə bilet tapılmır. Bu istiqamət üçün ən ucuz qatar bileti 95 manatdan başlayır. Tarixə əsasən isə bilet qiymətləri 280 manat arasında dəyişir.
Maraqlıdır ki, bəzi tarixlərdə qatar biletlərinin qiyməti AZAL-ın Bakı–Tbilisi aviareysləri ilə demək olar eyni səviyyəyə çatır. Məsələn, iyunun ikinci yarısında qatar biletləri 200-243 manat, bəzi günlərdə isə 280 manata yaxın təklif olunur. Eyni dövr üçün AZAL-ın bir istiqamətli aviabiletləri isə 167-228 manat aralığında dəyişir.
Halbuki Bakı–Tbilisi marşrutu üzrə təyyarə ilə uçuş təxminən 1 saat 10 dəqiqə çəkdiyi halda, qatar səfərinin müddəti təxminən 9 saatdır.






















