Aİ və NATO ölkələri niyə Bakıya qarşı birləşib?

OXUNUB: 719 SİYASƏT
Paris və Brüssel dialoq və etibarlı münasibətlərdən daha çox postimperiya hökmranlığına can atır

"Ermənistanın Azərbaycana qarşı ittihamları Avropa İttifaqı və NATO ölkələri ilə koordinasiyalı şəkildə aparılır. Məqsəd Qərbin ermənilərin himayədarı olduğunu göstərməkdir. Bu, həm də Paşinyana köməkdir ki, Ermənistanı Rusiyadan qopararaq onu Qərbə müttəfiq kimi gətirmək asan olsun”.

Bu sözləri Oxu.az-a açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq Qərbdəki himayədarların Ermənistana dəstəyini isə belə şərh edib: "Digər mühüm vəzifə münaqişə məkanı yaratmaq və bu bəhanədən istifadə edib Cənubi Qafqaz ərazisinə "neytral" vasitəçi kimi daxil olmaqdır. Fransa və Avropa İttifaqı Cənubi Qafqazda mövcud olmaq ambisiyalarından və istəklərindən əl çəkmir".

Sergey Markov əmindir ki, hazırda Paris və Brüsselin neytral siyasi potensialı yoxdur. "Onlar dialoq və etibarlı münasibətlərdən daha çox postimperiya hökmranlığına can atırlar. Məhz buna görə də süni münaqişə məkanı yaradılır, Ermənistan təxribat və atəşlə məşğul olur, Fransa və Avropa İttifaqının gəlişinə şərait yaradır. Ardınca Qərb guya münaqişənin həllinin "ağır yükünü" öz üzərinə götürmək iddiası ilə çıxış etməyi düşünür.

"Türkiyə on illərdir Avropa Birliyinin qapısında gözlədilməsinə baxmayaraq, Avropa Birliyi üzvlüyündən, namizədlik statusundan imtina etmir. Əksinə, hər fürsətdə bu prosesi aktivləşdirmək istəyir. Eyni zamanda Türkiyə artıq 70 ildən çoxdur ki, NATO-nun üzvü, Qərb dünyasının bir parçasıdır. Bu baxımdan, Azərbaycanın bütün məsələlərdə Türkiyə ilə birgə hərəkət etməsinə ehtiyac var. Yəni Avropa Birliyi, NATO və ABŞ-la münasibətlərini inkişaf etdirməlidir. ABŞ bütün tənqidlərə və problemlərə baxmayaraq, dünyanın ən güclü dövlətidir. Yeni dünya nizamı quruculuğuna, kollektiv Qərbə liderlik edən bir ölkədir”. Bu fikirləri isə politoloq Sülhəddin Əkbər Azpolitika.info-ya müsahibəsində deyib. 

"Ola bilsin ki, Avropa Birliyi Azərbaycanı öz tərkibində görmək istəməsin. Amma bizə bu standartları yaxalamaq lazımdır. Bizə Avropa Birliyi üçün yox, öz milli maraqlarımız üçün demokratikləşmək lazımdır”, - deyə o bildirib.  
 
 Elşən Musayev: Prezidentin bölgələrə hər səfəri yeni uğurların təməli və müjdəsidir -

 Elşən Musayev

Milli Məclisin deputatı Elşən Musayev isə "Yeni Müsavat”a bildirdi ki, Qərbin hazırda elədiyi manevrlər, yürütdüyü siyasət özündə ikibaşlı strategiyanı ehtiva edir. O anlamda ki, açıq məram, konkret məqsəd məlum deyil. Görünmür. Özləri də bilmirlər, nə istəyirlər: "Bəlkə də bilirlər, sadəcə, həmin istəyi çox qeyri-mütənasib, uyğunsuz, adekvat olmayan formada ifadə edirlər. Belə olan halda isə  "etibarlı tərəfdaş" ampluasından  uzaqlaşırlar, mövcud fəaliyyətləri ilə öz qlobal imiclərinə böyük zərbə vururlar.

Məlumdur ki, Avropa Şurasının timsalında Azərbaycana qarşı başlanılan "səlib yürüşü” Avropa İttifaqı, NATO və bəzi ABŞ Konqresmenlərinin də timsalında davam elədi. Və əlbəttə, bu proses, bu fəaliyyət konkret tapşırıqlardan, ölkəmizə yönəlik məkrli qüvvələrin öncədən yazdığı ssenarilərdən qaynaqlanırdı. Üstəlik, məqsədli və ədalətsiz idi. Sadəcə, məsələ burasındadır ki, Qərbin xarici siyasət fəlsəfəsində belə bir "presedent” də var: uduzan kimi sakitləşirlər. Geri çəkilirlər. Ən azından müəyyən müddətlik. Və yəqin o səbəbdəndir ki, biz Münxendə tam başqa mənzərə gördük. Hətta Con Kerrinin timsalında cənab Prezidentdən xahiş edildi ki, İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə görüşə razılıq versin.

Bir daha təkrar etmək istəyirəm: Qərb də, digər dövlətlər də güc faktoru ilə mütləq şəkildə hesablaşırlar. Amma real güc ilə! Onlar görəndə ki, Azərbaycana yolladıqları ATƏT-in müşahidəçi missiyası  2 ay müddətində heç bir qüsur tapmadan, əlləri ətəklərindən uzun geri qayıtdı, Avropa Şurasının məlum qərarı Azərbaycanı öz milli, müstəqil, prinsipial siyasətindən döndərə bilmədi, hansısa mənasız konqresmenlərin timsalında, şəxsində yaratmaq istədikləri "siyasi şoular” nəticə vermədi, bax o zaman anladılar ki, Azərbaycan Ukrayna-filan deyil. Onunla diktə, hədə, əmr formasında danışmaq olmaz".

Deputat qeyd etdi ki, təxminən bir neçə aydan sonra Qərb və onun "əlaltısı” olan qüvvələr özlərini heç nə olmamış kimi aparacaqlar, yenidən Azərbaycana əl uzadacaqlar, strateji müttəfiqlikdən dəm vuracaqlar, suyu  süzülmüş halda geri qayıdacaqlar, əvvəlki münasibətlərin bərpasına çalışacaqlar.
 
Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL) - Turkic World
İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə qeyd etdi ki, 2020-ci il Vətən müharibəsindən sonra regionda yeni geosiyasi konfiqurasiya formalaşıb və regiona təsir imkanını əlində saxlayan, regionda nüfuzunu genişləndirmək istəyən və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını bəhanə edərək burada özünün istədiyi istədiyi status-kvonu idarə edən güc mərkəzləri təsir gücünü itirdilər: "Yeni geosiyasi konfiqurasiyada artıq əvvəlki mexanizmlər işləmir. ATƏT-in Minsk Qrupu da tarixin arxivinə verilib. Ermənistan bütün baş verən proseslərdə Rusiyanı günahlandırınca, Avropa İttifaqı və NATO hərəkətə keçdi, Ermənistan vasistəsilə regionda təsir və nüfuz gücünü formalaşdırmaq məqsədini ortaya qoydu. Avropa İttifaqının mülki missiyası Ermənistanda yerləşdirildikdən sonra bu, özünü qabarıq şəkildə göstərməyə başladı. Eyni zamanda Avropa İttifaqından kənar birbaşa NATO-nu təmsil eləyən dövlətlər də Ermənistanda olan "missiyanın" işinə qoşuldu. Qarşıdakı dövrdə biz Avropa İttifaqının missiyasının əsl məqsədini yaxşı biləcəyik. Amma ilkin təsəvvürlərimiz, 2023-cü ildən bu yana keçən dövr ərzində müşahidələrimiz də onu göstərir ki, bu missiyanın məqsədləri sırasında regionda sülhə və sabitliyə dair heç nə yoxdur. Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Məqsəd Rusiyanın maraqlarını Cənubi Qafqazda zəiflətmək və Rusiyasız Qafqaz əmələ gətirməkdir".

Politoloqun sözlərinə görə, Azərbaycan bu gün Rusiyanın əleyhinə bir neçə ciddi mövqe ortaya qoysa, Avropa İttifaqı və NATO dərhal bizə də "qarmaq” atacaq, hətta onların sözdə sevimlisinə çevriləcəyik. Çalışacaqlar ki, bizi də Ermənistanı etdikləri kimi Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq layihəsinin iştirakçısına çevirsinlər: "Ermənistanla adıçəkilən beynəlxalq qurumların iş birliyi bu gün heç də erməni maraqlarının təminatı üçün deyil. Bu güc mərkəzləri qeyd etdiyimiz məqsədlərini həyata keçirmək üçün Ermənistan alətindən istifadə edir. Azərbaycan alət ölkə olmadığı üçün Azərbaycanı hədəfə alırlar. Eyni zamanda burada bir təzadlı vəziyyət də müşahidə olunur. Azərbaycan Avropanın enerji təminatında rol oynadığı üçün və bölgədə söz sahibi olan dövlət olduğundan bir tərəfdən Azərbaycanı hədəf alırlarsa, o biri tərəfdən Azərbaycanla əməkdaşlığa da can atırlar. Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə keçirilən görüşlər də bunu təsdiq etdi. Azərbaycan Avropa İttifaqına və NATO-ya lazımlı ölkədir. Ona görə də məcburdurlar ki, Azərbaycanın rolu ilə hesablaşsınlar. Azərbaycan da Avropadan imtina etmək siyasətini indiyə qədər yürütməyib, əlaqələr, əməkdaşlıq daim davam edib. Hər hansı regional prosesi Azərbaycansız düşünmək artıq Avropa İttifaqı üçün çətindir”. 

 
 

RƏYLƏR