Aslan İsmayılovdan Rövnəq Abdullayevə: "Mən İlham Əliyevi müdafiə edəndə sən barda onun haqqında ağzına gələni danışırdın"

OXUNUB: 227 Özəl GÜNDƏM

7NEWS.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Aslan İsmayılov deyib: "Azərbaycanın pula və tapşırığa qul olan məhkəmələri bu günlərdə qərar qəbul etdilər ki, "AFFA-da korrupsiya var” dediyimə görə mən, Aslan İsmayılov - Rövnəq Abdullayev, Elxan Məmmədov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın digər rəhbər şəxslərindən üzr istəməliyəm. Bu qərarı qəbul edən hakimlərin şərəf və ləyaqətləri haqqında heç nə deyə bilərəm. Mən isə şərəf və ləyaqətimi həyatımdan üstün tutan adamam. Ona görə də sualım məni məhkəməyə verib üzr istətmək istəyənlərə və birinci növbədə bu dəstənin başında duranadır. Biz R.Abdullayevlə təxminən həmyaşıdıq. Məhkəmədən əvvəl dəfələrlə R.Abdullayevə yaxınları, işçiləri vasitəsilə müraciət etdim ki, yaşımla əlaqədar mübarizədən yorulmuşam, yenicə vəkilliyə bərpa olmuşam və sakit həyat keçirmək istəyirəm. Xahiş etdim ki, iddiadan çəkilsinlər, mən də bu problemi yaddan çıxardacam. Əvəzində isə mənə gücünü göstərmək istədi. Ona görə də indi Rövnəq Abdullayevdən soruşuram ki, mən səndən üzr istəyə bilərəmmi?! Axı... 

- Mən 28 yaşımda SSRİ-də məhkəmə sədri işləyəndə sən papka daşıyırdın,
- Prezident Aparatında işləyib Gənc Mütəxəssislər Cəmiyyətini qeydiyyata aldırdıqdan sonra Əhmədlidə sənin də qaldığın yataqxanaya gələndə yanıma düşməyə can atırdın,
- Hüseyn Abdullayev (Quska) iş yerimə gəlib onun vəkili olmağım xahişini rədd edəndə sən onun qarşısında farağat dayanıb yanında qapançı, ya da sürücü işləyirdin,
- Ömrümün 33 ilini Azərbaycan Dövlətinə həsr edəndə, sən bu dövləti dağıtmaqla məşğul idin,
- Boğazımdan kəsib "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını 5 dildə çap etdirib dünyaya yayanda sən milyardlar oğurlamaqla məşğul idin,
- ABŞ Universitetlərində, BMT-də, ATƏT-də, Avropa Şurasında çıxış edəndə sənin hıqqana-hıqqana AzTV-dən danışdığını heç azərbaycanlılar başa düşmürdü,
- 2010-cu ildən heç bir təmənna güdmədən gecə-gündüz sosial şəbəkələrdə insanlarl narahat edən problemləri işıqlandıranda sən soyuqdan donan vətəndaşların qaz limitini qaldırırdın,
- Oğlanlarım xaricdə təhsil alıb Vətənə qayıdıb əsgər borcunu yerinə yetirəndə sənin oğlun ofşorlarda gəzirdi,
- Oğlanlarım mənə istirahət üçün putyovka alanda sənin oğlun bir işarəyə qorxusundan sənin korrupsiya pullarına aldığın 2 milyonluq saatı qolundan çıxardıb təhvil verirdi,
- Qış ayında qaz pulu borcuna görə evimdə soyuqdan donanda sən yaxtalarda M.Mənsimovla kef çəkirdin,
- Mən M.Mənsimovla məhkəmə çəkişməsi aparanda sən onun qanunsuz hərəkətlərini Bakıda ört-basdır edirdin,
- İlham Əliyevi müdafiə edəndə sən M.Mənsimovla gəmi barında oturub onun haqqında ağzına gələni danışırdın... 

Bu siyahını gələcəkdə çox artıracam ki, biləsən məni kimilərini tutdurmaq, öldürmək olar, ancaq sındırmaq olmaz! Axı, mən səni növdə olanlar kimi hər yerə dürtülə, prinsiplərimdən keçə bilmirəm. 

Rövnəq Abdullayev, indi sən de görüm, mən haqlı ola-ola səndən üzr istəyə bilərəmmi? Sonra da səni kimiləri deyirlər ki, "Aslan İsmayılov qalmaqallı adamdır". Axı səni kimilər öz həyasızlıqları, hikkələri ilə məni dinc buraxmırlar."

RƏYLƏR