AŞPA inkişaf etmiş ölkələrin demokratik inkişaf prosesinə mənfi təsir göstərir ŞƏRH

OXUNUB: 341 SİYASƏT
Azərbaycan işğal altında saxlanılan torpaqlarını azad etməklə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum 4 qətnamənin icrasını təkbaşına icra etdi və 30 il davam edən ədalətsizliyə son qoydu. Qazandığımız Zəfərdən sonra dünya dövlətləri, eləcə də BMT daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bu ədalətli mübarizəsinə haqq qazandıraraq ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasını alqışladılar. Lakin bunlarla yanaşı, erməni lobbisi öz himayədarlarının və Cənubi Qafqazla bağlı çirkin niyyətləri olan dövlətlərin fəal iştirakı ilə Azərbaycanın bu haqq işinə müxtəlif istiqamətlərdə kölgə salmağa və bu müharibənin nəticələri ilə razılaşmamaq üçün çox çirkin oyunlar oynamağa başladı.

Baxmayaraq ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür. Bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzlarından istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vururlar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, 30 il Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində sözdə tərəfsiz çıxış edən və sülhün əldə olunması üçün danışıqlar prosesinin tərkib hissəsi sayılan Fransa, 2020-ci ildən sonra birmənalı mövqe ortaya qoyaraq ermənilərin dəstəklənməsi istiqamətində qərəzli fəaliyyətə başladı. Bununla da Fransa və digər "dost” ölkələr böyük sülh sazişinin imzalanmasına dəstək olmaq əvəzinə müxtəlif platformalarda Azərbaycanı qaralamağa və mümkün olan vasitələrlə ölkəmizə təsir etmək qərarına gəldilər.
 
 
"Baş verənlərin əksinə, Azərbaycan bu gün də sülhün əldə olunması üçün hərtərəfli fəaliyyətini istər Vaşinqton, Brüssel, istərsə də Moskva formatında həyata keçirir, bütün ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edərək Azərbaycanın Avropa Şurasının üzv dövləti olaraq suveren ərazilərinin bərpası və vətəndaşlarının hüquqlarının qorunması məqsədilə əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir, bu istiqamətdə bütün tərəflər, xalqlar üçün Cənubi Qafqazda lazımi şəraitin yaradılması üçün böyük sülh sazişinin imzalanması ilə bağlı Ermənistana havadar olan dövlətlərin hamısına çağırış edir.

Bu gün gördüyümüz ondan ibarətdir ki, artıq bütün dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir, beynəlxalq təşkilatlar da mütəmadi olaraq ölkəmizin sülh çağırışlarını yüksək qiymətləndirirlər. Lakin Avropanın bir sıra dövlətlərini mövcud yanaşmalar qıcıqlandırır, bu isə öz növbəsində, məğlubiyyəti həzm edə bilməyən ermənipərəst qüvvələrin daha amansız və ədalətsiz fəaliyyətini davam etdirməsinə gətirib çıxarır. Həmin ermənipərəst qüvvələr birləşərək 2024-cü ilin yanvar ayında özlərini insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan AŞPA-nın son sessiyasında göstərdilər. Nəticədə müxtəlif bəhanələrlə Azərbaycan nümayəndə heyətinin səsinin müvəqqəti dondurulmasını təsdiqlədilər”, - deyə deputat bildirib.

Avropa Şurasının hər zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış etdiyini və bu gün də bu siyasətin davam etdirildiyini vurğulayan M.Əfəndiyev deyib: "Baş verənlər AŞPA kimi nüfuzlu beynəlxalq təşkilat üçün riyakarlıqdan başqa bir şey deyil. Qurum dünyada təhlükəsizliyə, baş verən qlobal dəyişikliklər fonunda nizam prosesinə, eyni zamanda, inkişaf etmiş dövlətlərin demokratik inkişaf prosesinə mənfi təsir göstərir. AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən, doğru və qanuni bildiyi yoldan heç vaxt uzaqlaşdıra bilməz. Azərbaycan ilk gündən demokratik inkişaf yolunu tutub və bundan sonra da öz vətəndaşlarının hüquqlarını qorumaqla Cənubi Qafqazın bütün xalqlarının sülh içində yaşaması istiqamətində fəaliyyətini davam etdirəcək. Bu gün ölkəmiz öz sözü, əməli ilə dünyada nüfuz sahibinə çevrilib və dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməklə göstərir ki, Azərbaycan tolerantlıq, multikultural dəyərlərə sadiqliyini qoruyaraq bundan sonra da davamlı inkişafını təmin edəcək”.
 

RƏYLƏR