Avropa İttifaqı anlamalıdır ki, bizim ona deyil, onun bizə ehtiyacı var - Deputat

OXUNUB: 492 GÜNDƏM SİYASƏT
Avropa İttifaqının və ələlxüsus da orada qərarlaşan bəzi dövlətlərin Azərbaycana qarşı qərəzli münasibəti başadüşülən deyil. Hətta deyərdim ki, son zamanlar əndazəni aşan səviyyədədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

"Avropa İttifaqı əvvəla onu anlasın ki, bizim ona deyil, onun bizə ehtiyacı var. Çünki enerji təhlükəsizliyi məsələsində Azərbaycanın regiondakı roluna kimsə sahib deyil. İkinci məsələ, Aİ-nin erməni yalanlarına alət olmasıdır. Əsas da Fransanın təhriki ilə. Bu, məlum quruma lazımdırmı? Lazımdırsa, getsinlər mənasız Ermənistanın və ədalətsiz Fransanın arxasınca. Görək hara qədər gedirlər.

Digər məsələ siyasi mövzularda sərgiləmiş olduqları spekulyasiyalardır. Çünki sözün həqiqi mənasında ikibaşlı oynayırlar. Nə istədikləri, amalları bəlli deyil. Guya normalda Avropa dəyərlərinin, insan hüquq və azadlıqlarının təminatçısı, təşviqatçısı olmalıdırlar. Amma gerçəkdə bunun tam əksini edirlər.

Əksərən dolayı, bəzi hallarda isə açıq formada separatizmə dəstək verirlər, lobbi girovuna çevrilirlər, gerçəkləri söyləyənlərin deyil, nağıllarla, yalanlarla yaşayanların mövqeyinə üstünlük verirlər. Normaldırmı bu? Yox, təbii. Və məlum yanaşma ilə onlar ilk öncə öz adlarını, təşkilatın imicini bərbad edirlər. Üstəlik, sanki düşünülmüş şəkildə!”, - deyə deputat bildirib.

O qeyd edib ki, iqtisadi zolaqda isə Azərbaycanın Avropadan qətiyyən asılacağımız yoxdur.

"Azərbaycanın Ərəb ölkələri ilə, Çin ilə gündən-günə yüksələn, artan əməkdaşlığı var. Gərək olsa, istiqaməti kəskin dəyişər və Avropanı tamamən kandarda qoyarıq. Lazımdırmı bu Avropaya? Düşünmürəm. Yaxşı bəs o zaman nə artistlik edirlər? Kimin ağzı ilə danışırlar? Hansı qüvvələrin təhriki ilə ədalətdən və reallıqdan uzaq düşüncələrə qapılırlar?

Bizə sadəcə bilirsinizmi nə lazımdır? Bunların açıq mövqeyini bilmək. Vəssalam. Desinlər, agah və bəlli etsinlər, yetər. Azərbaycan bu gün o qədər güclüdür ki, onunla kimsə tonla, diktə ilə, şantajla danışa bilməz. Heç kimin də nazını çəkəsi halda və həvəsdə deyilik.

Zatən Qarabağı kimsənin köməyi olmadan özümüz qaytardıq. Çünki 30 il ərzində bütün beynəlxalq təşkilatlar qış yuxusuna getdilər, hərəkətsiz qaldılar, heç bir dəstək göstərmədilər. Bundan sonra da bütün qərarları özümüz qəbul edəcəyik. Müstəqil şəkildə. Kənardan təsir və təzyiq göstərmək istəyənlər isə arzularına, məramlarına heç bir zaman çata bilməyəcəklər. Necə ki, bu günə qədər çata bilməyiblər!”, - deyə deputat əlavə edib.

RƏYLƏR