Azər Bayramov: ‘Bu festival gənclərin innovativ texnologiyaların istifadəçisindən istehsalçısına çevrilməsində önəmli rol oynayacaq’’ - MÜSAHİBƏ

OXUNUB: 634 Özəl GÜNDƏM

7NEWS.az xəbər verir ki, ‘’TEKNOFEST Azərbaycan’’ Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən ‘’sosialyönümlü texnologiyalar’’ üzrə müsabiqənin əsas tərəfdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müsahibimiz Agentliyin sədrinin müşaviri Azər Bayramovdur.

 

Azər müəllim, bu ilin may ayında ‘’TEKNOFEST’’ – Aerokosmik və Texnologiya Festivalı ilk dəfə olaraq ölkəmizdə keçiriləcək. Bu festivalın yerli innovativ texnologiyaların inkişafına təsirini necə dəyərləndirirsiniz?

- Öncə qeyd etmək istəyirəm ki, ‘’TEKNOFEST’’- aerokosmik və texnologiya festivalının Azərbaycanda keçirilməsi olduqca böyük hadisədir. Mən ötən il İstanbulda keçirilən ‘’Teknofest 2021’’-də iştirak etmişəm və bu festivalın möhtəşəm texnoloji platforma olduğunun şahidi olmuşam. Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı) ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindəntəşkil edilən festival texnologiyaların təbliği və inkişaf etdirilməsi, insanların bu sahədə məlumatlılığının və marağının artırılması məqsədini daşıyır. Son 4 ildə davamlı olaraq keçirilən bu festival gənc texnoloqların ortaya çıxarılmasında önəmli rol oynayıb. Festivalda müxtəlif müsabiqələr, texnologiya sərgiləri, yerli və beynəlxalq startap tədbirləri keçirilir. Bunların hamısı innovativ texnologiyaların inkişafına və ən əsası xarici texnologiyalardan asıllığın azaldılmasına xidmət edir.

Qeyd edim ki, 2019-cu ildə keçirilmiş festivalda bir milyon 700 mindən artıq ziyarətçi iştirak edib. Geniş hədəf kütləsini əhatə etmək və proqram zənginliyi ilə ‘’Teknofest’’ dünyanın ən böyük aerokosmik və texnologiya festivalına çevrildi. Festivalın beynəlxalq brendə çevrilməsi istiqamətində ilk olaraq Azərbaycanda keçirilməsi olduqca önəmli hadisədir. İnnovativ sahibkarlıq sahəsində yerli kadr potensialının aşkar və təqdir edilməsi olduqca zəruridir. İnanıram ki, ‘’TEKNOFEST Azərbaycan’’ bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmış olacaq.

 

Bu kimi texnologiya festivalları Azərbaycana hansı dividentlər gətirir?

- Qeyd etdiyim ki, texnologiya festivalı ilk növbədə milli texnologiyaların yaradılması və təşviq olunmasında misilsiz əhəmiyyətə malikdir. Müasir və qloballaşan dünyada yüksək texnologiyalar inkişaf etmiş ölkələrdə cəmləşib. Yerli məhsulların yaradılması zəminində gənclərin yeni ideya və təşəbbüslərinə böyük ehtiyac duyulur. Onların təklif etdiyi innovativ həll yolları hesabına cəmiyyətin gözləntilərini qarşılamaq olar. Bu istənilən bir sahədə göstərilən xidmətin keyfiyyətinə və əlçatanlığına müsbət təsir edəcək.

‘’TEKNOFEST Azərbaycan’’ çərçivəsində keçiriləcək ‘’sosialyönümlü texnologiyalar’’ üzrə müsabiqəyə qeydiyyat artıq başa çatıb. Müsabiqədən hansı gözləntiləriniz var?

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən ‘’Teknofest Azərbaycan’’ın tərəfdaşı olaraq, festival çərçivəsində Sosial Yönümlü Texnologiyalar müsabiqəsinin təşkili bizim Agentlik tərəfndən aparılır. Müsabiqə çərçivəsində 3 kateqoriya üzrə innovativ layihələr qəbul olunub.

GovTech kateqoriyası üzrə rəqəmsal dövlət xidmətlərinin inkişaf etdirilməsi, yeni texnoloji alətlər və fərqli yanaşmalarla vətəndaş məmnunluğunun artırılması hədəf seçilib.

İkinci kateqoriya – Sosial texnologiyalar üzrədir. Bu kateqoriya fiziki məhdudiyyəti olan insanların həyat şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək, həmçinin məşğulluq, təhsil və s. ilə bağlı sahələri əhatə edir.

Məlumat üçün bildirmək istərdim ki, son statistik məlumatlara əsasən ölkə əhalisinin 6%-i fiziki məhdudiyyətli insanlardır. Onların gündəlik rastlaşdığı problemlərin həlli istiqamətində və fəaliyyətlərinə əhəmiyyətli dərəcədə təsir edəcək innovativ yanaşmaları əks etdirən layihələri dəyərləndirəcəyik.

3-cü kateqoriya isə sağlamlıq və ilkin yardımla bağlıdır. Bu sahədə səhiyyə xidmətinə əlçatanlığın artırılması, xəstəliklərin diaqnostikası və digər istiqamətlərdə innovativ texnoloji həllər üzrə layihələr təqdim edilir.

Vurğulamaq istərdim ki, hər 3 sahə üzrə təklif edilən innovativ təşəbbüs və texnologiyalar sadalanan problemlərin həllinə, işlərin optimallaşdırılmasına, xidmətin keyfiyyətinə və əlçatanlığına o cümlədən, iqtisadi dəyərin yaradılmasına önəmli töhfə verəcək. Gənclərimizin təklif edəcəyi yerli texnoloji məhsullar Azərbaycanın texnoloji inkişafına olduqca müsbət təsir göstərə bilər.

Müsabiqənin qeydiyyat prosesi necə keçdi, müraciətlərin sayı sizi qane edirmi?

- Bildiyiniz kimi, müsabiqəyə olan böyük maraq və çoxsaylı müraciətlər nəzərə alınmaqla son müraciət tarixi 28 fevral tarixinə kimi uzadılmışdır. Hazırda 90-a yaxın müraciət qeydiyyata alınıb. Müsabiqə üzrə qeydiyyat qənaətbəxşdir. Əminəm ki, münsiflər heyəti tərəfindən dəyərləndiriləcək layihələr ölkəmizin rəqəmsal iqtisadiyyatına töhfə vermiş olacaq.

Sonda gənclərimizə nə arzulamaq istərdiniz?

Gənclərimizin texnologiyaların istifadəçilərindən texnologiya yaradanlara və istehsal edənlərə çevrilmələrini arzu edirəm. Müasir dünyanın çağrışlarından kənarda qalmaq olmaz. Azərbaycan gəncləri olduqaca fəaldırlar və həmişə elm və təhsilin arxasınca həvəslə gedirlər. İstərdim ki, gənclərimiz bu gün bazarın tələbinə uyğun yeni innovativ peşələr seçsinlər.

Dövlət Agentliyinin bir neçə qurumu Azərbaycan innovasiya ekosisteminin iştirakçısı kimi innovativ mühitin formalaşması, gənc sahibkarların və startapların inkişafı istiqamətində müxtəlif akselerasiya, inkubasiya, təlim proqramları həyata keçirirlər. Gənclər ideyalarını real məhsula çevirmək istiqamətində bu kimi proqramlarda fəal iştirak etməlidirlər. Mənim fikrimcə, hər bir gənc bir yeni layihə deməkdir. Bir neçə gəncin komanda olaraq bir araya gəlməsi, maraq dairəsində olan sahə ilə bağlı problemin qoyuluşunu və onu aradan qaldıran innovativ həll yollarını təklif etməsi olduqca qürurvericidir.

Sonda, gənclərimizi ‘’TEKNOFEST Azərbaycan’’ festivalında fəal iştiraka dəvət edirəm. Əminəm ki, gənclərimiz öz ideyalarını real məhsula çevirməkdə və yeni, yerli texnologiyaların yaranmasında böyük çoşğu və əzmlə çalışacaqlar.

 



 

 

 

 


RƏYLƏR