Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir - TƏHLİL

OXUNUB: 439 Özəl GÜNDƏM İQTİSADİYYAT

İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərinda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Türkmənistan, İran, Rusiya Federsiyası, Qazaxstan və Azərbaycanın dövlət rəhbərlərinin iştirakı ilə keçirilən bu mötəbər tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edərək bir sıra mühüm məqamlara toxunub.

Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bütün görüşlərdə Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident İlham Əliyev dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdən bəri sürən ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasında humanistliyini göstərdi. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasında dövlət başçımızın mühüm rolunun olması beynəlxalq səviyyədə etiraf olundu.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanı əlamətdar tarixi hadisə adlandıran dövlət başçımız çoxillik birgə fəaliyyət və qarşılıqlı anlaşma nəticəsində imzalanmış bu sənədi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində inam və etimadı əks etdirən mühüm addım kimi dəyərləndirir.

Sahilyanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinin nəticəsidir ki, bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və neqativ halların aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb və müəyyənləşdirilmiş prinsiplərə əməl olunur.

Xəzər dənizi ətraf ölkələrin nəqliyyat infrastrukturunun genişlənməsi, xidmətlərin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dənizin sahillərində salınmış limanlardan istifadə qabiliyyətinə görə də Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Müxtəlif marşrutlar üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi ildən-ilə artır.

Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir.

Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini qeyd edərək onun gələcəkdə Xəzəryanı dövlətlərin öz aralarında əməkdaşlıq və əlaqələrinin güclənləsində mühüm rol oynayacağını bildirib.

Məsələ ilə bağlı 7NEWS.az-a danışan millət vəkili İlham Məmmədov Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmləndiyini deyib: "Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir.


Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.”

Amil Qurbanov

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.6

 

 

RƏYLƏR