Azərbaycan istəsə, onları Bakıya gətirib, Makronu söydürər, amma…

OXUNUB: 0 SİYASƏT
Bir neçə il əvvəl Kopenhagendə azərbaycanlı yaxın dostumun qonağı idim. Axşam bizimlə birlikdə danimarkalı bir həkim də süfrə arxasında əyləşmişdi. Söhbət Avropa siyasətindən, ABŞ-dan, Fransadan, NATO-dan, ümumiyyətlə, Qərb dünyasının son illərdə keçdiyi siyasi transformasiyadan gedirdi.

Necə oldusa, söhbət Emmanuel Makrona gəlib çıxdı. Makronun adı çəkilən kimi danimarkalı cənab sifətini turşutdu və öz dilində qısa bir ifadə işlətdi. Dostum gülümsəyərək dedi ki, danimarkalıların danışıq dilində həmin ifadə bizim jarqonda işlənən "düşük”, "matışkə” sözünə yaxındır.

Necə də sərrast, yerində işlənmiş ifadə idi, özü də bir skandinav tərəfindən. Yəni söhbətin mahiyyətini tək biz yox, onlar da tutublar. Doğrudan da matışkəlik son onilliklərin siyasi davranış modelinə çevrilib. Dövlət ağılı ilə deyil, emosiyalarla qərar vermək, diplomatiyanı küçə polemikasına çevirmək, klişelərə ilişib qalmaq bu modelin əsas xüsusiyyətləridir. Müasir informasiya texnologiyaları və sosial şəbəkələr isə bu prosesi, əlbəttə, daha da sürətləndirib. Mənə qalsa, bu tendensiyanın ilk əlamətləri Barak Obama dövründə görünməyə başladı. Obama matışkəliyi institusionallaşdırdı. Emmanuel Makron isə matışkəliyi ətə-qana bürüdü və bu fenomenin ən simvolik fiquruna çevrildi. Ədalət naminə deməliyəm ki, Fransa əsrlər boyu diplomatiya məktəbi yaratmış dövlət kimi tanınıb. Talleyrand, Rişelye, de Qoll kimi siyasətçilər dövlət maraqlarını emosiyalardan üstün tutmağın klassik nümunələrini yaradıblar.

Fransanın bu gün gəlib çıxdığı, daha doğrusu, düşdüyü səviyyə isə göz qabağındadır.

İndi gəlin birlikdə anlamağa çalışaq ki, Fransa kimi əsrlərlə diplomatik ənənələrə malik bir dövlətin ərazisində Azərbaycan Prezidentini və ailəsini ən ağır küçə leksikası ilə təhqir edən azərbaycanlı marginal fiqurun uzun müddət fəaliyyət göstərməsi və bunun qarşısının alınmaması siyasi matışkəliyin bariz nümunəsi deyilsə, bəs nədir?

Məsələn, Fransada şəxsiyyətin alçaldılması, bütövlükdə təhqir ritorikası qəbul edilmir. Bu, irqindən, cinsindən, sosial statusundan asılı olmayaraq belədir. Hətta üçüncü cins nümayəndələri haqda da aşağılayıcı tonla danışan olsa, dərhal susdurarlar. Cəmiyyət bu məsələdə dözümsüzdür, güzəştsizdir. Amma konkret bir dövlət başçısını və ailəsini təhqir etmək "sərbəstdir”. Fransa kimi böyük dövlət necə, niyə özünü bu hala salıb? Fransa Prezidenti özü danışmaq əvəzinə niyə küçə leksikası ilə danışan marginal fiquru, friki danışdırır? Bu siyasi cılızlığı özünə necə rəva görür?

Paradoks ondadır ki, Azərbaycan istəsə, sabah Paris küçələrindən eyni səviyyədə danışan onlarla marginal adam, bomj tapa bilər. Onlardan birini Bakıya gətirib Emmanuel Makronu və arvadı Briciti eyni ifadələrlə təhqir etdirmək texniki baxımdan çətin məsələ deyil. Qiyməti də uzaqbaşı bir-iki min avrodur. Lakin Azərbaycan bunu etmir. Bu üslub İlham Əliyevə, onun dövlətçilik anlayışına yaddır.

Təəssüf ki, matışkəlik Parisdə, Fransa dövlətinin qoruması altında yaşayan bir frikin fəaliyyəti ilə də məhdudlaşmır. Matışkəlik xaricdəki bəzi azərbaycanlıların kredosuna, həyat tərzinə çevrilib. Bu qancıq ulaşmasında iştirak edənlərin istisnasız hamısının ortaq cəhəti isə parazitlikləridir. Ha sosial yardımla dolandın, ha fondlardan qrant aldın – eyni rəzillikdir. Avropa şəhərlərinin küçələrində Azərbaycanın siyasi xadimlərinin üstünə sürü ilə şığıyanlar, "sən o gözəl qızın canı” deyib sürü ilə pul dilənən məlum sırtıqlardan əsla fərqlənmirlər.

İyirmi beş ildən artıqdır ki, Avropa ilə sıx bağlıyam, son 14 ildir isə fasiləsiz burada yaşayıram. İndiyədək işi-gücü olan, səhər işinə gedib axşam ailəsinə qayıdan, cəmiyyətə inteqrasiya olunmuş, vergi ödəyən bir insanın həyatının mərkəzinə Azərbaycan rəhbərliyini sosial şəbəkələrdə təhqir etməyi qoyduğunu görməmişəm. Əksinə, belə insanlar adətən tamamilə başqa işlərlə məşğul olurlar. Onlar biznes qururlar, universitetlərdə dərs deyirlər, xəstəxanalarda çalışırlar, taksi sürürlər, laboratoriyalarda tədqiqat aparırlar, şirkətlər idarə edirlər. Qısaca desək, yaşadıqları cəmiyyətin inkişafına töhfə verirlər. Ən əsası isə Azərbaycanla ikinci vətənləri arasında humanitar-mədəni körpülər yaradırlar.

Səhv başa düşülməsin. Bu o demək deyil ki, xaricdə inteqrasiya olunmuş, uğurlu, işi-gücü olan insan hökuməti tənqid edə bilməz. Əlbəttə edər, o yana da keçər. Lakin ciddi adamın (matışkənin yox) tənqidi arqumentlərə, alternativ təkliflərə söykənir. Şəxsi təhqir isə arqumentin yox, arqument çatışmazlığının əlamətidir. Təhqir müzakirəni əvəz etmir, sadəcə onu mümkünsüz edir. Ona görə də əminliklə demək olar ki, xaricdəki matışkələrin ortaq sosial portreti peşəkar uğursuzluq, luzerlikdir. Onlar şəxsi həyatlarındakı problemləri siyasi aqressiya vasitəsilə kompensasiya edirlər. Bəziləri hətta daha da irəli gedərək Azərbaycan hökuməti ilə hədə, ultimatum dilində danışır, pul tələb edir, istədiklərini almayınca isə daha radikal üsluba keçirlər.

Problemin başqa bir təhlükəli tərəfi isə həmin marginal şəxslərin mövcudluğundan ziyadə, onlara Azərbaycanda göstərilən diqqətdir. İstənilən cəmiyyətdə qeyri-adekvat davranan, özünü qalmaqalla gündəmdə saxlamağa çalışan insanlar tapılır. Lakin siyasi və ictimai mədəniyyəti oturuşmuş ölkələrdə belə fiqurlar adətən cəmiyyətin periferiyasında qalır. Belə cəmiyyətlərdə luzerlərin sözünün heç bir qiyməti olmur. Onların dedikləri ictimai müzakirənin mərkəzinə çevrilmir, çünki nüfuzun əsas meyarı səs-küy və matışkəlik yox, şəxsi nailiyyət və peşəkarlıq hesab olunur.

Təəssüf ki, Azərbaycanda biz bunun əksini müşahidə edirik. Bizdə luzerlərin auditoriyası var. Yəni buradan belə nəticə hasil olur ki, problem təkcə həmin marginal fiqurların mövcudluğu deyil. Onları fasiləsiz izləyən, paylaşan, müzakirə edən və süni şəkildə gündəmdə saxlayan auditoriya da bu prosesin bir hissəsidir. Halbuki diqqət və zaman müasir dövrdə ən qiymətli resursdur. Cəmiyyət həmin resursları kimə xərclədiyini düşünmədikcə, seçici olmadıqca, matışkəlik və qalmaqal həmişə məzmunu üstələyəcək. Çox təəssüf.

Xaricdən ölkədaxili siyasət mümkündürmü?

İndi isə təklif edirəm ki, konkret nümunələrdən ümumi məsələyə keçək və diaspor nümayəndələrinin ana vətənin daxili siyasi həyatında oynaya biləcəyi rol barədə düşünək. Uzun illər xaricdə yaşayan insanın Azərbaycanın daxili siyasi proseslərinə fəal şəkildə müdaxilə etməsi nə dərəcədə məqsədəuyğundur? Bu, həqiqətənmi ölkəyə fayda verir, yoxsa əksinə, məhsuldar olmayan, hətta ziyanlı bir fəaliyyətdir? Axı belələri istənilən halda xarici dairələrin diqqət mərkəzinə düşür, maliyyələşdirilir və Azərbaycana qarşı istifadə olunurlar. Daha maraqlı sual isə budur ki, niyə onlar yaşadıqları ölkənin gündəlik həyatı, məişəti, seçkiləri, yerli idarəetməsi, iqtisadi və sosial problemləri əvəzinə Azərbaycanın daxili gündəmini izləyir və onu öz ictimai fəaliyyətlərinin əsas mövzusuna çevirirlər?

Mənə elə gəlir ki, birinci səbəb məsafənin yaratdığı illüziyadır. İnsan uzun müddət ölkədən kənarda yaşayanda onun Vətən haqqında təsəvvürü tədricən real həyatdan uzaqlaşmağa başlayır. O, ölkəni artıq gündəlik həyat vasitəsilə deyil, informasiya vasitəsilə tanıyır. İnformasiyanın isə öz xüsusiyyəti var. Xəbər həmişə istisnanı, emosiyanı göstərir, normanı, reallığı yox. Bu, təkcə Azərbaycan üçün xarakterik deyil. Sosiologiyada buna "uzaq müşahidə effekti” deyilir. Məsafə artdıqca insan hadisələri daha qəti qiymətləndirməyə başlayır. Məsələn, ölkədə yaşayan insan hər gün yüzlərlə müxtəlif hadisə görür, fərqli insanlarla ünsiyyət qurur, müxtəlif baxışlarla qarşılaşır. Xaricdə yaşayan insan isə çox vaxt seçdiyi informasiya mühitinin içində qalır və əslində ölkəni deyil, ölkə haqqında seçilmiş informasiyanı yaşayır.

İkinci səbəb legitimlik məsələsidir. Demokratiyanın əsas prinsiplərindən biri ondan ibarətdir ki, siyasi qərarların nəticələrini daşıyan insanlar həmin qərarlar haqqında əsas söz sahibidirlər. Vergini ölkədə yaşayan ödəyir, bahalılığı ölkədə yaşayan hiss edir, dövlət xidmətlərindən ölkədə yaşayan istifadə edir. Təhsil sisteminin, səhiyyənin, nəqliyyatın və iqtisadi siyasətin nəticələri ilk növbədə onların gündəlik həyatına təsir göstərir. Buna görə də ölkənin daxili siyasi müzakirələrinin əsas iştirakçısı da məhz həmin insanlar olmalıdır. Bu o demək deyil ki, xaricdə yaşayan azərbaycanlı susmalıdır. Əlbəttə yox. Hər bir vətəndaşın fikir bildirmək hüququ var. Lakin fikir bildirməklə ölkədaxili siyasi proseslərin əsas istiqamətləndiricisinə çevrilmək arasında ciddi fərq mövcuddur. Bu, çox elementar məsələdir.

Əgər insan beş, on, iyirmi ildir Azərbaycanda yaşamırsa, övladları başqa ölkədə böyüyübsə, vergisini başqa dövlətə ödəyirsə, səhiyyə xidmətini başqa ölkədən alırsa, pensiya sisteminə başqa ölkədə qoşulubsa və seçdiyi həyat modeli tamamilə fərqli mühitdə formalaşıbsa, onun Azərbaycan haqqında baxışı istər-istəməz kənardan baxış olacaq. Yenə deyirəm, səhv başa düşülməsin, bu, qüsur deyil, sadəcə obyektiv reallıqdır.

Dünyadakı uğurlu diasporlara nəzər salaq. Dediklərimi onlar çox yaxşı başa düşürlər. ABŞ-dakı yəhudi, hind, yunan və çin diasporlarının əsas fəaliyyəti öz ölkələrini, hökumətlərini sosial şəbəkələrdə söymək deyil. Güclü diasporalar ilk növbədə yaşadıqları ölkədə nüfuz qazanmağa, həmin nüfuzu isə öz tarixi vətənlərinin maraqları naminə istifadə etməyə çalışırlar. Bizimkilərə baxanda isə çox vaxt ya biveclik, laqeydlik görürsən, ya da həyasızlıq. Yaxşıları, əlbəttə, istisna edirəm, amma ümumi mənzərə budur. Özümüzü aldatmayaq. Banal həqiqətləri dilə gətirməkdən qorxmaq lazım deyil. İlk növbədə öz payıma deyirəm. Diasporun əsas missiyası daxili siyasi qarşıdurmaları xaricə daşımaq yox, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirmək olmalıdır. Əlbəttə, bu, daha çətin yoldur, çünki daha uzunmüddətli nəticə verir. Amma məhz buna görə qiymətlidir.

Heç kəs Azərbaycanın problemlərini inkar etmir. Onun da tənqid edilməli, müzakirə olunmalı məsələləri var. Ancaq bu müzakirələrin yeri xarici donorların yaratdığı meydançalar deyil. Ona görə yox ki, bu tənqid və müzakirələrin heç bir faydası, səmərəsi yoxdur. Sən xaricdə oturub daxili siyasi mübarizənin iştirakçısına çevrilmək istəyirsənsə, bəribaşdan uduzmusan, çünki boş işlə məşğul olursan. Bu yolun axırı yoxdur, daha doğrusu, bu yolun axırı matışkəlikdir. Şübhəsiz ki, bu da bir yoldur, bu da bir seçimdir. Amma onda da gərək hazır olasan ki, sənin adını, ünvanını və təyinatını dəqiq qoyan da tapılacaq.
 
eiliye
Ələkbər Əliyev, İsveçrə
Xüsusi olaraq Globalinfo.az üçün
 

RƏYLƏR