"Məqsəd Türkiyə ilə Azərbaycanın arasını vurmaq, türk birliyi ideyasını gözdən salmaqdır" - ETİMAD BAŞKEÇİD YAZIR

OXUNUB: 0 Özəl SİYASƏT
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış yazıçı, şair, publisist Etimad Başkeçid son günlər gündəmi zəbt edən məsələyə münasibət bildirərkən deyib: "Son günlər cərəyan edən hadisələrin tamamilə süni xarakter daşıdığı, qəsdən körükləndiyi mənə gün kimi aydındır. Məqsəd Türkiyə ilə Azərbaycanın arasını vurmaq, türk birliyi ideyasını və bu istiqamətdə aparılan işlərin əhəmiyyətini kiçiltmək, gözdən salmaqdır. İran və Rusiya Türkiyəylə Azərbaycanın rəsmi müttəfiqliyini həzm edə bilmirlər. Çünki bu bəyannamə tərəflərdən birinə hücum olarsa, digərinin hərbi yardım etməsini qanuniləşdirir. Zəngəzur Dəhlizinin açılması və Türk dünyasının coğrafi olaraq birləşməsi onların geostrateji maraqlarına ziddir. Onlara görə Türkiyə-Azərbaycan xəttini zəiflətmək, bu layihələrin onurğasını qırmaq deməkdir.
Burda mənə maraqlı olan istər Türkiyədə, istər də bizdə hansısa dıngıra qovalayanların çaldığı havaya oynayan, dini, məzhəb və s. kimliklərini hər vəchlə qabardan yelbeyinlər deyil. Mənə maraqlı gələn marığa yatıb fürsət gözləyən, bəzən bu fürsəti yaratmağa çalışan, Türkiyəni Azərbaycanda əzəli düşmən kimi qələmə verməyə cəhd edən kriptolardır. Bunlar nə etdiyini gözəl bilir. Sivil dünyanın, Avropa ölkələrinin keçmişi geridə qoyub gələcəyi qurması fonunda, bizim regionda tarixin manipulyasiya edilməsi bunların əsas alətidir. Nə bilim, Şah İsmayıl belə gəldi, Sultan Səlim elə getdi, Dəmirəl helikopter vermədi, qırqovul kola girmədi, filan…
Dediyimiz kimi, Avropa dövlətləri bir-birləri ilə yüzillik müharibələr aparıblar, milyonlarla insan qırıblar, məsələn, Fransa və Almaniya, İngiltərə və Fransa. Lakin bu gün heç bir Avropa ölkəsi digəri ilə münasibətləri 300 il əvvəlki döyüşə görə dizayn etmir.
Bizim regionda isə bu elementlərin məhz tarixi manipulyasiya etməsinin səbəbi cəmiyyətlərin emosional həssaslığıdır. Onlar bilirlər ki, cəhalət içində uyuyan kütlələri iqtisadiyyat, logistika, hərbi ittifaq kimi rasional arqumentlərlə inandırmaq çətindir, ona görə də din, məzhəb və tarixi travmaları qabardırlar.
Bu proses sadəcə klaviaturanın arxasında oturan bir neçə trollun işi deyil. Bu, Türk Birliyi ideyasının güc mərkəzinə çevrilməsindən qorxan hansısa şəbəkələrinin idarə etdiyi, ola bilsin maliyyələşdirdiyi və müəyyən alqoritmlərlə önə çıxardığı planlı bir əməliyyatdır. Məqsəd iki ölkənin ictimai rəyini zəhərləmək və qərarverici instansiyaların strateji addımlarına daxildən maneələr yaratmaqdır.
Bunu görən yəqin ki, təkcə mən deyiləm. Türkiyəni və Azərbaycanı idarə eləyənlərin də gözü görür. Ona görə də, bu gün-sabah Türkiyədə Azərbaycana qarşı mırıldanan yelbeyinlərin əl-ayağının yığışdırılacağına şübhə etmirəm. Bizim dınqıra qovanlar isə qoy özünü yandırmağa davam eləsin."

7NEWS.az

RƏYLƏR