Reabilitasiya üzrə mütəxəssis, fizioterapevt Dr. Rəhimə Atəşin rəhbərliyi ilə fəaliyyət göstərən Rəhimə Atəş Fizioterapiya və Reabilitasiya Mərkəzi Azərbaycanda ilk dəfə reabilitasiya prosesini süni intellekt texnologiyası ilə dəstəkləyən "Becure” onlayn mobil tətbiqini istifadəyə verib.
Rəqəmsal səhiyyə sahəsində innovativ həll kimi təqdim olunan "Becure” tətbiqi pasiyentlərin fizioterapiya və reabilitasiya məşqlərini ev şəraitində, həkim nəzarətini itirmədən həyata keçirməsinə imkan yaradır. Tətbiq xüsusilə onurğa və oynaq problemləri, travmalardan sonrakı bərpa dövrü, həmçinin müxtəlif ortopedik və nevroloji xəstəliklərdən əziyyət çəkən şəxslər üçün nəzərdə tutulub.
Tətbiqə inteqrasiya olunmuş süni intellekt sistemi məşq zamanı istifadəçinin hərəkətlərini real vaxt rejimində analiz edir, hər bir hərəkətin düzgün icra olunub-olunmadığını qiymətləndirir, məşqin effektivliyini hesablayır və bütün məlumatları avtomatik olaraq fizioterapevtə ötürür. Bu yanaşma pasiyentin ev şəraitində də təhlükəsiz və düzgün reabilitasiya proqramı icra etməsinə şərait yaradır.
Beləliklə, pasiyentlər "Hərəkətləri düzgün yerinə yetirirəmmi?” sualı ilə bağlı narahatlıq yaşamadan məşqlərini davam etdirə bilir, fizioterapevt isə məsafədən onların vəziyyətini izləyərək reabilitasiya proqramını ehtiyac olduqda operativ şəkildə yeniləyə və fərdiləşdirə bilir.
Mərkəzdən bildirilib ki, "Becure” tətbiqinin əsas məqsədi reabilitasiya xidmətlərini daha əlçatan etmək, müalicənin effektivliyini artırmaq və pasiyentlərin mütəxəssis nəzarəti altında, vaxt və məkan məhdudiyyəti olmadan bərpa prosesini davam etdirməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, tətbiqi yükləmək və fərdi reabilitasiya proqramına qoşulmaq üçün Rəhimə Atəş Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəsmi profilində yerləşdirilən keçiddən istifadə etmək mümkündür.
"Becure” mobil tətbiqinin funksiyaları və istifadəsi ilə bağlı fizioterapevt Dr. Rəhimə Atəşin ətraflı izahını təqdim edən videonu izləyə bilərsiniz./Klinik.media
























