İş adamı Xəlil Göyüşova məxsus olduğu bildirilən "Körpü-Bina-Tikinti" şirkəti Ağdam Rayon İcra Hakimiyyətinin keçirdiyi iki tenderin qalibi seçilib.
Tenderlər Ağdam rayonunda və Quzanlı qəsəbəsində yolların əsaslı təmir işləri bağlı keçirilib. Şirkətin hər iki satınalma predmeti üzrə qiymət təklifi eyni məbləğ olub - 289.642,8 manat.
Bununla da "Körpü-Bina-Tikinti” MMC cari ildə qazandığı tenderlərin sayını 4-ə çatdırıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Körpü-Bina-Tikinti" şirkəti 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manatdır. Hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşən şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xaliq Göyüşov Xəlil Göyüşovun qardaşıdır. Mətbuatda yayılan məlumatlarda Xəlil Göyüşov "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini tutan Cavid Qurbanovun yaxın çevrəsinə aid edilən şəxslərdən biri kimi təqdim olunur.
"Körpü-Bina-Tikinti” MMC adətən iri dövlət layihələrinin icrasını həyata keçirir.
Yeri gəlmişkən, bir neçə il əvvəl Sabunçu rayonunun Asəf Əsədullayev küçəsində yerləşən tunelin su ilə dolması nəticəsində iki nəfər həyatını itirmişdi. Hadisədən sonra mediada yayılan məlumatlarda qeyd olunurdu ki, sözügedən tunel 2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi əsasında 'Körpü Bina Tikinti' MMC tərəfindən inşa edilib.






















