Klinik Tibbi Mərkəzdə biabırçı mənzərə: Xəstə daşınması üçün tibbi avadanlıq əvəzinə PVC borudan düzəldilmiş "xərək"?!

OXUNUB: 26 GÜNDƏM Özəl SOSİAL

Klinik.Media xəbər verir ki, paytaxtın ən böyük tibb müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəzdə (xalq arasında "Semaşko" kimi tanınan) ortaya çıxan görüntülər ciddi suallar doğurur. Mərkəzin birinci korpusunda yerləşən şöbələrdən birində ağır xəstələrin daşınması üçün istifadə olunan xərəkin tibbi standartlara uyğun avadanlıq deyil, PVC plastik boruların bir-birinə birləşdirilməsi ilə hazırlanmış primitiv konstruksiya olduğu iddia edilir.
Videodan da görünür ki, bu "xərək" nə təhlükəsizlik baxımından etibarlıdır, nə də xəstənin vəziyyətinə uyğun tənzimlənmə imkanlarına malikdir. Ağır xəstələrin daşınması üçün nəzərdə tutulan peşəkar xərəklərdə olması vacib olan baş hissəsinin qaldırılıb-endirilməsi mexanizmi, təhlükəsizlik sistemi və digər funksiyalar burada ümumiyyətlə mövcud deyil.
Sual yaranır: ölkənin ən böyük dövlət tibb müəssisələrindən birində xəstələrin həyatı niyə bu cür kustar üsulla hazırlanmış vasitələrə etibar edilir? Bu vəziyyətə kim cavabdehdir? Səhiyyə müəssisəsində tibbi standartlara cavab verməyən belə avadanlığın istifadəsinə necə göz yumulub?
İnsan həyatı üzərində qənaət etmək olmaz. Xəstəxanada hər bir avadanlıq beynəlxalq və milli təhlükəsizlik standartlarına cavab verməlidir. Aidiyyəti qurumlar bu görüntülərlə bağlı dərhal araşdırma aparmalı, iddialara rəsmi münasibət bildirməli və məsul şəxslər barədə qanunauyğun tədbirlər görməlidirlər.
 
 
 

RƏYLƏR