Azərbaycanda uşaq qəbiristanlıqda faciəvi şəkildə öldü

OXUNUB: 648 HADİSƏ

Masallı rayonunda uşağın üstünə qəbir daşı aşıb və uşaq yerindəcə ölüb.

icmal.az-ın verdiyi xəbərə görə, hadisə aprelin 22-si saat 17:30 radələrində rayonun Şıxlar kəndində baş verib.

9 yaşlı Səmədov Əhəd Rizvan oğlu evlərinin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən 2016-cı ildə vəfat etmiş şəxsin qəbir daşı aşaraq onun üzərinə düşüb. Orta məktəb şagirdi olan Əhəd hadisə yerində vəfat edib.

Məlumata görə, ailə həmin kənd sakini olsa da, Rusiyada yaşayırmış. Bir müddət əvvəl Bakıya qayıdıblar. Ailənin iki oğlu var. Onlar karantindən öncə kəndə gedib orada qalıblar. Dünən Əhədin anası atasının qəbrini ziyarət etmək üçün qəbiristanlığa gedib. Onlarla birgə yaxın qohumların 3-4 uşağı da gəlib. Ailə üzvləri məzarın başında Yasin surəsi oxutdurarkən uşaqlar onlardan 50-60 metr aralanıblar və oynamağa başlayıblar. Həmin vaxt bir məzarın qəbir daşı aşaraq Əhədin üstünə düşüb. İlkin ehtimala görə, qəbir daşı digər uşaqlardan birinin qəbir daşına söykənməsi və ya itələməsi nəticəsində aşıb.

Masallı Rayon Prokurorluğunun əməkdaşları və polis tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. Faktla bağlı araşdırma aparılır. 

RƏYLƏR