“Barda görüş” – Elşən Musayevin yazısı..

OXUNUB: 662 SİYASƏT

Əli Kərimli ilə Əli İnsanov görüşüb. Bu barədə məlumatı elə "Azadlıq”ın öz saytından aldım. Hətta şəkil də paylaşılıb. Hər ikisinin simasında xoşbəxtlik var. Bilmirəm niyə. Amma var.

Görüş barda təşkil olunub. Ən azından fotodakı mənzərə bunu deyir. Arxa fonda böyük və piramida şəklində spirtli içki topası var. Yəni, çox güman bardır. Hər halda ev olmaz. Üstəlik, ağıllarına da gəlməyib, başqa fon seçmək. Siyasət qavrayışları necədirsə, şəkil çəkdirmək vərdişləri də eynidir. Yabanı.

Sosial şəbəkədəki qınaqları görəndən sonra Kərimlinin baş mirzəsi Qənimət Zahid söhbəti malalamağa çalışıb. Amma qaş düzəltdiyi yerdə vurub böyrək partladıb. Qayıdıb ki, "Əli bəyin üzərinə çox getməyin, mövcud hakimiyyətə qarşı hətta 3-4 adam da bizim qənimətimizdir. Yetər ki, sıralarımız genişlənsin.” Yəni, kim olursa olsun, bandit olsun, korrupsioner olsun, faydasız və ya yararsız olsun, fərq eləmir: əsas iqtidara qarşı olsun və sıralarımız artsın, adam sayı çoxalsın. Vəssalam. Amal budur.

İnsanov ümumiyyətlə bara necə girib, orası da müəmmalıdır. Çünki bu yaxınlarda saytlar xəbər tirajladı ki, adamı 2 gün öncə toya buraxmayıblar. Vaksin vurdurmadığına görə. Yaxşı bəs bara necə daxil olub? Barda ümumi qərarlar qüvvədən düşürmü, işləmirmi? Yoxsa bəylər "dance pool”un qabağındakı masaya zənbilləmi düşüblər?

Qənimət deyir, İnsanov 14 illik həbslə bütün elədiyi səhvləri kompensasiya edib. Hərgah, maraqlıdır: Nəyi kompensasiya edib? Riyakarlığınımı, xəyanətinimi, səhiyyənin başına saldığı daşımı, yoxsa onun ucbatından reanimasiyalarda ani bir məsuliyyətsizlik ucbatından mənim kimi valideyn itirən övladların ahınımı? Hansını?

Yeri gəlmişkən, o biri Əli hardadı? Əliyev Əlini deyirəm. Onu niyə çağırmamısız? Oysa, "gözəlcə” trio təşkil edərdiz. Şüarınız da olardı: "3 soyad 1 ad”. Yoxsa həmin Əlinin başı hələ partiyadaşlarını təşkilatdan qovmağa qarışıb, ona görə vaxtı yoxdur? Ya da olsun Gülçatay. O hardadı? Onu niyə dəvət eləməmisiz? Adam bar və disko profili üzrə namizədlik dissertasiyası yazan, barın fəlsəfəsini barmendən gözəl bilən kəsdir. Sizə qızıl xırdalayardı orda. Gözəl xatirələr nəql edərdi. Hər şey bir yana qalsın, ən azından özünü bir müddət balıq suda hiss edirmiş kimi edərdi. Nə paxıllıqdır, niyə qıymamısız bu xoşbəxtliyi həmkarınıza?

"Azadlıq”ın elə öz saytında bir şərh diqqətimi çəkdi. Olduğu kimi yazıram: "Vurmağa bu qədər içki varsa, görüş niyə də olmasın ki?” Gerçəkdən, qardaş düz buyurub. İş yox, güc yox. Bundan sonra o bar sənin, bu bar mənim, gəzin, dolanın, vurun getsin. Pənco-pənco. Arada sağlıqların birində haşiyə-filan da çıxın. Məsələn, Kərimli qayıtsın ki,"Ay İnsanov, yadında, o vaxt məni yaman pis yerdən söymüşdün. Bax, o söyüşü qarış-qarış "yedim”. Hətta madam oturmuşuq, imkan etsən bir-iki kərəm də söy, təhqir elə, nifrin püskür, vallah yenə "yeyəcəm”. Əsas odur ki, iqtidara qarşı bərabər olaq. Qalanı boş şeydir. Lap uzağı sifətdir də, nazilər, amma üzülməz.”

***

Bu növrəstə cavanların"müqəddəs” ittifaqından sonra rəqs olubmu- olmayıbmı, orasını bilmirəm. Amma olmayıbsa, çox heyf. Barda yaxşı virtuoz musiqilər olur. Sadəcə DJ-i "görmək” lazım idi. İnsanov keçərdi 5-10 manatından, sifariş verərdi "Fantomas” filmindəki "İ am ghost” mahnısını.

Süzərdi yeni tapdığı qardaşı ilə....

Elşən Musayev, Milli Məclisin deputatı


 

 

RƏYLƏR