Baş Prokurorluq cinayətkarları necə himayə edir?! - Aslan İsmayılovdan etiraz

OXUNUB: 647 GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşunas Aslan İsmayılov KİVDF ilə bağlı gedən araşdırmaya münasibət bildirərkən deyib: "Bəli, yanılmadınız. Uzun müddətdir ki, ölkənin Baş Prokuroru Kamran Əliyevə KİVDF işində ciddi qanun pozuntularına yol verildiyini yazıram. Bu barədə elə bu səhifələrdən ona açıq məktub da ünvanladım, ancaq heç bir cavab almadım. Tam ciddi deyirəm ki, Baş Prokurorluq KİVDF işində əsas cinayətkarları gizlədir. KİVDF işində bütün cinayətlərin başında Prezidentin keçmiş köməkçisi Əli Həsənovun durduğunu artıq bu iş üzrə həbsdə olan Vüqar Səfərli də bildirir. Bu iş üzrə "Xəmsə" və "Altun" restoranlarının icarədərları da cinayət məsuliyyətinə cəlb edilib və haqlarında həbssiz qətimkan tədbiri seçilib. Bilirsinizmi niyə?! Ona görə ki, Prokurorluq çox gözəl bilir ki, icarədarlar o restoranlardan qərar qəbul edib milyonlar mənimsəyənlər olmayıblar, onlar sadəcə inzibatçı vəzifəsini yerinə yetiriblər və onlar haqqında həbslə bağlı qərar verilərsə susmayacaqlar, həqiqi cinayətkarların adlarını çəkəcəklər. Prokurorluq da onlara söz verib ki, susacaqları təqdirdə onlar haqqında şərti cəza veriləcək və çəkdikləri əzablara görə də əsas suçlular lazım gələni edəcəklər.
 
Bu restoranlarda qərar qəbul edən və Ə.Həsənovla birlikdə milyonları mənimsəyənlər həmin restoranların sahibləri olublar. "Xəmsə" restoranının sahibi Mürvət Həsənli, "Altun" restoranın sahibi isə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir. Bunun üçün uzun istintaqa, böyük araşdırmaya ehtiyac da yoxdur. Dövri mətbuatda adları çəkilən şəxslərin Ə.Həsənovla işbirliyini araşdırmaq kifayət edir. Bütün ölkənin gözü qarşısında Baş Prokurorluq bu qanunsuzluğu nə üçün edir, heç cür başa düşmürəm. Ancaq güman edirəm ki, yenilənən Prokurorluq da artıq haqqımda olan 3 məhkumluğa yenisini əlavə edə bilər."
7NEWS.az

RƏYLƏR