“Belə nankoru necə mədh etmək olar?” - Elşən Musayev

OXUNUB: 547 GÜNDƏM SİYASƏT
Bakı Dövlət Universitetində, xüsusən də "Hüquq” və "Beynəlxalq hüquq” fakültələrində xarici dil profili üzrə "alman” bölümünü seçənlər yəqin ki, Əminə xanımı yaxşı xatırlayırlar. Allah ona qəni-qəni rəhmət eləsin. Həyatım boyunca qarşılaşdığım ən dürüst, ən tələbkar, ən ləyaqətli müəllimlərdən olub. 

Əminə xanım bir dəfə bizə Harri Kasparov haqda maraqlı bir hadisəni nəql etdi: "Xarici Dillər Universitetində tələbəm idi. Şahmat uğurlarına güvənərək dərs-filan oxumurdu. Mənə də keçməz belə şeylər. Bir gün kəsdim onu imtahandan. Dedim, hazırlaşıb gələr. Aləm dəydi bir-birinə. Ta kimlər bunun xahişini etmədi ki...Harrini təyyarənin trapında qarşılayan dövlət məmurlarından tutmuş digər nüfuzlu insanlara qədər. Hamı və hamı. Amma qiymət yazmadım. Hətta şərt qoydum ki, ya o hazırlaşıb gələcək, ya da mən buradan gedəcəm. Axırda quzu balası kimi oxuyub qiymətini aldı və uzun illər bəzi insanlar Kasparov söhbətinə görə məndən küsülü qaldılar. Hə, sual edə bilirsiz ki, bu prinsipiallığın səbəbi təkcə dərs oxumamaq idimi? Xeyr! Mən də başa düşürəm ki, bəzən müəyyən güzəştləri etmək lazımdır. Amma məsələ burasındadır, Harri həm dərs oxumurdu, həm də Azərbaycana və azərbaycanlılara nifrət edirdi.  Üstəlik, bu ölkənin suyu, çörəyi ilə böyüyüb boya-başa çatmasına, hər şeyini, bütün uğurlarını Azərbaycana borclu olmasına rəğmən. Bilirsinizmi niyə? Çünki atasının ölümündən sonra öz soyadını övladına zorla verdirən erməniəsilli ana – Klara Kasparyan (Kasparovun soyadı əvvəllər Vaynşteyn olub) əslində bir tək soyadla kifayətlənməmişdi, həm də Harriyə erməni xislətini, erməni düşüncəsini, erməni nankorluğunu öyrətmişdi, genetik kodlarla ötürmüşdü.

Bu söhbət niyə yadıma düşdü? Əsas ona gəlim. Bir həftə öncə baxıram ki, tənqidçi müxalifətin feysbuk səhifəsində belə bir paylaşım edilib: "Rusiya müxalifətinin görkəmli siması olan Harri Kasparovdan Qubad İbadoğluna dəstək...”

Olarmı belə?! Olmaz, cənablar. Vallah-billah olmaz. Çünki həmin "görkəmli sima” zamanında bir tək dərs oxumamaqla və azərbaycanlılara nifrət eləməklə kifayətlənməyib, həm də məlum düşüncəni praktik əmələ çevirib, icraata yönəldib, 1-ci Qarabağ müharibəsində erməni soydaşlarının büdcəsinə 5 milyon dollar, Vətən Müharibəsində isə şeytan bilir nə qədər əvəzsiz paralar ödəyib. Hələ 30 illik aralıq dövrdə elədiklərini, dünya mətbuatında Azərbaycana qarşı nifrin dolu müsahibə və açıqlamalarını da bunun üzərinə gəlsəm görün söhbət hara gedib çıxar. Yəni, Kasparov və ya sizin təbirinizcə desək: "görkəmli sima” həmin insandır ki, onun göndərdiyi paralarla alınan silahlar və güllələr bizim azərbaycanlı əsgərlərə tuşlanıb, nə qədər igidimizin həyatına son verib, nə qədər ananın gözünü yaşlı qoyub....

Belə ermənipərəst üzərindən necə müdafiə qurmaq olar? Belə nankoru necə mədh etmək olar?!

Bir də bilirsinizmi kimləri xatırladım? "Söyüş müxalifəti” dediyimiz qrupun media və sosial şəbəkə resurslarından bəh-bəhlə istifadə edənləri. Çıxıb elə danışırlar, sanki BMT-nin tribunasındadırlar. Ya da ondan da ali mərtəbədə.

Maraqlıdır, ətrafa necə təqdim edirsiz bunu? Bax, tutaq mənim yazım "Qafqazinfo”da, digər saytlarda  yayınlanandan sonra həmin yazının linkini çox rahat şəkildə dosta, tanışa, həmkarlara, qohum-əqrəbaya göndərə bilirəm. Amma görəsən həmin insanlar neyləyirlər? Açıqlama, müsahibə verdikləri məkanlarda ana-bacı söyüşünün beşi bir qəpikdir – ona görə soruşuram. Və ya, lap sənin müsahibən normaldır. Amma qonağı olduğun səhifənin, saytın sağı-solu, yuxarısı-aşağısı büsbütün söyüş, sər-şəbədədir axı. Yayınlandı və əzizlərin, ailən, övladın da oxudu bunu. Deməyəcək ay ata, ay qohum, ay bacanaq, ay yeznə, hara çıxmısan? Niyə çıxmısan?

Bu məntiqlə Makronla danışığa gedib bütün Fransa mətbuatını da ələ almaq mümkündür. Deyilmi? Nə əcəb bu barədə düşünməmisiz?

***

Əlqərəz, demək istədiyim budur ki, siyasi mübarizənin yanlış üslubu sadəcə yanlışlıq deyil, elə gözdən düşmək, hörmətsizləşmək baxımından da çox ciddi və neqativ "əhəmiyyətə” malikdir.

Və ona görə ətrafınızda 5 adam yoxdu.

Hərgah, bunu "boykot” adı ilə malalamağa çalışırsız.  

Amma yox. Elə məhz adam yoxdu.

Olsaydı, bu dəqiqə narıncı lələklərlə "göz oxşayırdız...”

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.   
 

RƏYLƏR