Blinkenin zəngi göstərdi ki, Azərbaycan Cənubi Qafqazda əsas gücdür - RƏY

OXUNUB: 810 SİYASƏT
ABŞ dövlət katibi Antoni Blinkenin dünənki zəngi və vəziyyəti izah etməyə çalışması birbaşa Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir. Eyni zamanda bu həqiqətin ifadəsidir ki, Azərbaycan Cənubi Qafqazda əsas gücdür və həmin gücü hətta bizi sevməyənlər belə qəbul edir.

Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev ABŞ-nin dövlət katibinə bütün gərəkən sözləri dedi və Azərbaycanın mövqeyini bir daha qətiyyətlə ifadə etdi.

"Həqiqətən də bu gün Qərbin, Avropanın, Fransanın bölgəyə münasibətdə sərgilədiyi mövqe yetərincə ədalətsizdir və anlaşılan deyil. Hazırki situasiyada İranın proseslərə mövqeyi isə heç anlaşılan deyil.

Heç şübhəsiz, Rusiya bu məsələyə sükutla yanaşmayacaq və ilk fürsətdə Ermənistanın başına qapaz endirəcək. Sadəcə indi başı qarışıqdır, öz zamanını gözləyir. Qərb və Avropa isə Ermənistanı vassala çevirməklə bu dövləti daha da ağır duruma gətirəcək, ondan Ukrayna və Suriya düzəltməyə çalışacaq. Və qəribədir ki, Paşinyan bunu hələ də dərk eləmir. Ya da edir, amma yenə də şüurlu şəkildə tarana gedir. Halbuki, hazırda bölgə üçün lazım olan tək şey, atılması gərəkən tək addım sülh müqaviləsinin imzalanması idi. Vəssalam. Başqa heç nə. Amma Ermənistanın baş naziri bu məsələdə əsas təşəbbüskarlardan biri olmaq əvəzinə Qərbin oyunlarına baş əydi, onların şirin vədlərinə uydu və bununla da həm dövlətini, həm də millətini daha böyük təhlükələr, daha acı perspektivlər qarşısında qoydu.

Kim nə edirsə etsin, kim bizə qarşı nə plan qurursa qursun, fərq etməz. Yekunda bütün riyakar addımlar, gedişlər fiaskoya uğrayacaq. Nəticə etibarilə yenə də biz qalib olacağıq. Çünki Azərbaycanda müstəqil və milli siyasət yürüdülür. Çünki Azərbaycanın Prezident İlham Əliyev kimi ləyaqətli və müdrik lideri var. Çünki Azərbaycan indiyə qədər kimsənin sözü ilə oturub-durmayıb və bundan sonra da heç kimə imkan verilməyəcək ki, bizimlə hədə və əmr dilində danışsın”, - deyə deputat əlavə edib.

RƏYLƏR