Akif Nağı: "Xalqımız bir daha dələduzlara inanıb, onların arxasınca getməsin”
Azad Vətən Partiyasının sədri Akif Nağının fikrincə, məqsədlərini də dolaşıq şəkildə izah edirlər ki, guya "demokratik seçki keçirib” "xalqı xilas etmək” istəyirlər: "O quruma rəhbərlik edənlərin bir hissəsi vaxtilə parlamentə düşüb, indi vicdanları qalıbsa, bir xatırlasınlar, görək parlamentə hansı pəncərədən, hansı arxa qapıdan düşmüşdülər? İndi yenə də parlamentə düşmək istəyirlər, hay-küy salıb hakimiyyətdən parlamentdə yer qopartmaq həvəsinə düşüblər? Xalq doğrudanmı bir daha bunların felinə aldanıb mitinqlərə gedəcək?”. A.Nağının sözlərinə görə, onlardan biri 1993-cü ildə məsul vəzifə tuturdu, jurnalist ondan soruşdu ki, niyə Qarabağı azad edə bilmədiniz, Kəlbəcər də getdi: "O da qayıdıb cavab verdi ki, xalq ölümə getmədi, vuruşmadı, ona görə qalib gələ bilmədik. O vaxt 20 min şəhid vermiş xalqı bu cür təhqir edirdi, indi "əziz xalqım” deyib köməyə çağırır. Bu qədər mənəviyyatsızlıq olmaz! Mitinq keçirmək hər kəsin haqqıdır. Amma xalqa həqarət edənlər, xaricdən, o cümlədən ermənilərdən sifariş alanlar, ermənilərlə işbirliyi yapanlar bu haqqı artıq itiriblər. İstərdik ki, xalqımız bunu başa düşsün, bir daha dələduzlara inanıb, onların arxasınca getməsin, onların yalançı hay-küylərinə uymasın".
Abutalıb Səmədov: "Onların başında 90-cı illərin havası qalıb”
Alyans Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov isə belə hesab edir ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində mitinq keçirmək məcburiyyət idi: "Çünki bu qədər televiziya kanalı yox idi. Müxalifət sözünü ancaq meydanlarda deyə bilirdi. İndiki halda mitinq təyin edən adamlar nədənsə çoxsaylı televiziya kanallarından istifadə etmirlər. Əli Kərimli yalnız bir kanalda çıxış edir. Düşüncələrini, proqramlarını, təkliflərini çıx kanallara de, hamı səni eşitsin. Bunun üçün mitinq təyin etməyə nə ehtiyac var? Təəssüf ki, uzun illər mitinqlərə hakimiyyətə təzyiq göstərmək, hakimiyyəti dəyişmək vasitəsi kimi baxılıb. Onların başında 90-cı illərin havası qalıb. Azərbaycana düşmən olan qüvvələr bundan istifadə etməyə çalışacaqlar. Əlbəttə ki, buna nail ola bilməyəcəklər”.
Elşən Musayev: "Əli Kərimli kimi siyasi qolçomaqların maskası çoxdan cırılıb”
Deputat Elşən Musayev isə hesab edir ki, mitinq xarici sifarişdir: ""Milli Şura” adlanan antimilli qurumun, konkret olaraq yaramaz Əli Kərimlinin mitinq təşəbbüsü xarici qüvvələrin birbaşa təhriki və təlimatı ilə ərsəyə gələn icraatdır. Daha dəqiq desəm, mesaj konkret dairələrdən ötürülüb və bu satqınlar da dərhal hərəkətə keçiblər, yenə maşa və zurna züyü olmağa qərar veriblər. Hazırki durumda mitinq və aksiya şousu ilə su bulandırmağa, siyasi sabitliyi pozmağa cəhd etmək birmənalı şəkildə milli maraqlara xəyanətdir. Həmin xəyanəti edənlər isə fəaliyyətlərinə, xislətlərinə yaxşı bələd olduğumuz ünsürlər, xainlər, satqınlar, sapı özümüzdən olan baltalar və nəhayət: kardaşyan irsinin davamçılarıdır!" E.Musayevə görə, mitinq söhbəti təbii ki, imitasiyadır: "Oyundur. Görüntüdür. Və pərdə arxasındakı bütün məqsədlər, məramlar sadəcə və sadəcə Azərbaycana ziyan vurmağa, zərbə yetirməyə hesablanıb. Fəqət alınmayacaq”.
"Regionda baş verən hazırkı proseslər, mövcud geostrateji vəziyyətdə Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırışlar etmək yalnız Ermənistana və ona dost, qardaş olan ölkələrə sərf edir”.
Asim Mollazadə
Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sputnik Azərbaycan”a ölkənin radikal müxalifətini birləşdirən Milli Şura rəhbərliyinin mitinq çağırışlarına münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan və onunla dost olan ölkələr üçün regiondakı hazırkı proseslərin, eləcə də diqqətin başqa istiqamətə yönəldilməsi çox vacibdir. Azərbaycandakı heç bir siyasi qüvvə buna alət olmamalıdır.
Millət vəkili əlavə edib ki, Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin regionda uzunmüddətli sülhün yaradılması istiqamətində işlərin getdiyi, ölkədə COP29 kimi dünya əhəmiyyətli tədbirlərin planlaşdırıldığı bir vaxtda belə çağırışlar Azərbaycana arxadan zərbə vurmaqdan başqa bir şey deyil.