“Bundan sonra hamı bizdən qorxsun və çəkinsin”-deputatdan AŞPA-nın rəzilliyinə sərt reaksiya

OXUNUB: 303 SİYASƏT
"AŞPA tərəfindən verilən məlum qərara azacıq da olsa təəccüblənmədim. Çünki həmin AŞPA-da düz 4 il nümayəndə heyətinin üzvü olmuşam və ona görə bu riyakarların, nankorların, işğalçı himayədarlarının əsl simasına, xarakterinə də yaxından bələdəm”.

Bu fikirləri Musavat.com-a vaxtı ilə AŞ PA-da nümayəndə heyətimizin üzvü olan, Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev deyib.

O bildirib ki, AŞPA siyasi müzakirələrin məntiqi sonluğa varmadığı, vara bilmədiyi məkandır: "Orada yekun qərarları siyasi mafiozlar, demokratiyadan anlayışı olmayan kəslər verir.

Təbii ki, bu qurumda dəyərli insanlar, gerçək demokratiya aşiqləri də var. Amma onlar çox azdır. Maksimum 10 faiz. Yerdə qalanları isə ancaq kuluarlarda, bufetlərdə, mərtəbələrdəki ofislərdə "iş aşırdırlar”, alver edirlər, bütün məsələləri separat şəkildə yoluna qoyurlar. Plenar iclasa qədər!

AŞPA bəlkə də bu günə qədər gəlib-keçmiş ən saxta, ən ikiüzlü, ən qeyri-adekvat qurumdur. AŞPA-nın hazırkı prioriteti ədalət və azadlıq deyil, rəzalət və təzadlıqdır! AŞPA bütün ümumbəşəri prinsipləri ayaq altına atan, ancaq qəyyumlarının diktəsi ilə qərar verən, günbəgün makronlaşan, mikronlaşan, nankorlaşan təsisatdır!

Guya öz aləmlərində bizi qorxudurlar. Nə ilə? Səsvermə hüququmuzun məhdudlaşdırılması ilə. Yəni belə cılız və ucuz variantlarla. Mənasız, effektsiz, rəzil üsullarla. Hərgah, onlara deyən lazımdır ki, biz sizə lazım deyiliksə, siz bizə dünəndən lazım deyilsiniz. Bu nadan qurum gec olmadan fərqinə varmalıdır ki, artıq onun divarlarından da, iclas salonlarından da gələn riyakarlıq qoxusunu udmaq üçün kimsənin ürəyi getmir. Əsas da bizim! AŞPA bir həqiqəti anlamalı və qulağına sırğa etməlidir ki, onun 1 yox, 100 qərarı belə nəyisə dəyişdirə bilməz, Azərbaycanda yürüdülən milli və müstəqil siyasətə təsir göstərə bilməz, bizi dövlətçilik, suverenlik yolumuzdan döndərə bilməz”.

Deputat həmkarlarının AŞPA-da fəaliyyətini dayandırmalarına dəstək verdi: "Nümayəndə heyətimiz ən düz olanı etdi. Onların hər biri ilə qürur duyuram. Bizə uzanan dillərin, atılan çamurların, ünvanlanan qara niyyətlərin cavabı hər zaman elə bu şəkildə də verilməlidir və veriləcək! Kimsədən qorxumuz yoxdur. Əksinə, bundan sonra hamı bizdən qorxsun və çəkinsin. Makron da, onun yedəkləri də, digər düşmənlər də”.

RƏYLƏR