Cahangir Əsgərov Müşahidə Şurasıyla hesablaşacaqmı? - "Rəhbərlik dəyişikliyinin vaxtı çatıb"

OXUNUB: 679 Özəl TƏHLİL

"Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səmdar Cəmiyyətinin Müşahidə Şurasının yaradılması diqqəti yenidən bu quruma yönəldib.

HİT.Az xatırladır ki, Prezident İlham Əliyev bu gün AZAL-ın Müşahidə Şurasının yaradılması və QSC-nin İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi barədə sərəncam imzalayıb. 

Zaman-zaman tənqid hədəfi olan AZAL son günlər yenə də ictimai qınağa tuş gəlib. Təyyarə biletlərinin region ölkələri ilə müqayisədə Azərbaycanda daha baha olması ictimai narazılığa səbəb olub. Prezidentin bugünkü sərəncamından sonra qurumun fəaliyyətində əhəmiyyətli dəyişikliklərin baş verəcəyinə ümid yaranıb. Buna rəğmən AZAL-ın Müşahidə Şurasının yaradılması və onun İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinə birmənalı yanaşılmır.

İqtisadçı alim Nazim Bəydəmirli HİT.Az-a bildirib ki, dövlət şirkətləri üzərində müşahidə şuralarının yaradılması müvəqqəti xarakter daşıyır. Onun fikrincə, bu addım sadəcə dövlət şirkətlərinə rəhbərlik edən şəxslərin məhdudiyyətsiz xərclərinə nəzarət məqsədi güdür. Bu isə o deməkdir ki, Müşahidə Şurasının yaradılması ilə hansısa qurumun fəaliyyətində əhəmiyyətli dönüşə nail olmaq bir qədər çətindir. 

"Müşahidə Şurasının tərkibində yenə də məmurlar təmsil olunursa, vətəndaş, cəmiyyət institunun nümayəndələri prosesdən kənarda qalırsa, o zaman şəffaf idarəetmənin olacağına şübhə ilə yanaşmamaq mümkün deyil”, - deyə Nazim Bəydəmirli əlavə edib.

AZAL-ın özəlləşdirilməsini vacib sayanlar da var. Onların fikrincə, qurumun effektiv fəaliyyətinə nail olmaq üçün optimal variantlardan biri də onun özəlləşdirilməsidir. Lakin Nazim Bəydəmirli hesab edir ki, indiki vaxtda AZAL-ın, ümumiyyətlə, dövlət şirkətlərinin özəlləşdirilməsi doğru addım olmazdı. 

"Azərbaycan təcrübəsi göstərir ki, özəlləşmə məmur sahibkarlığının çiçəklənməsinə xidmət edir. Dövlət şirkətləri özəlləşməyə çıxarılacağı halda Azərbaycanda oliqarxa çevrilmiş məmurlar yenə də önə çıxacaq. Müşahidə Şurasının tərkibini nəzərə almasaq, indiki modeli daha əlverişli hesab edirəm”, - iqtisadçı alim deyib.

Təyyarə biletlərinin, ümumiyyətlə, AZAL-da servisin baha olmasına gəlincə, müsahibimiz bunu inhisarçılıqla əlaqələndirir. Onun fikrincə, rəqabət mühiti olacağı, digər şirkətlərin maneəsiz fəaliyyətinin təmin ediləcəyi halda, qiymətlərdə dəyişiklik olacaq: "Təəssüf ki, rəqabət mühiti yoxdur. Ona görə də belə vəziyyətlə üzləşirik”.

AZAL-ın Müşahidə Şurası yaradılsa da, Cahangir Əsgərov yenə qurumun rəhbərliyində təmsil olunur. AZAL-ın şefi oliqarx məmurlardan və iqtidar komandasının odioz fiqurlarından hesab edilir. Ona görə də Cahangir Əsgərovun Müşahidə Şurası ilə hesablaşacağına inanmayanlar da var. Onların fikrincə, artıq AZAL-ın rəhbərliyində dəyişiklik edilməsinin də vaxtı çatıb. 

Nazim Bəydəmirli hesab edir ki, şəxslərin dəyişməsindən daha çox idarəetmə mexanizmi dəyişməlidir.

"Əgər mexanizm, sistem dəyişmirsə, o zaman Cahangir Əsgərov olmasın, Nazim Bəydəmirli olsun, yenə hansısa irəliləyişə nail olmaq çətin olacaq. Doğrudur, Cahangir Əsgərovun istefaya göndərilməsi müsbət addım olardı. Amma sistem dəyişməyəcyi halda onu əvəz edən şəxsin fəaliyyəti də AZAL-ın indiki rəhbərindən fərqlənməyəck”, - deyə iqtisadçı alim vurğulayıb.

VÜQAR


RƏYLƏR