“Heydər Əliyev Azərbaycanın qurtuluşuna imza atan böyük şəxsiyyətdir” - DEPUTAT

OXUNUB: 206 Özəl TƏHLİL
"Azərbaycan tarixinin şanlı səhifələri olduğu kimi çətin,gərgin və olduqca mürəkkəb proseslərin cərəyan etdiyi, daha dəqiq desək acınacaqlı hadisələrdən ibarət olan səhifələri də vardır."

Bu sözləri açıqlamasında millət vəkili İlham Məmmədov deyib: "Belə ki, 1980-ci illərin sonu və 1990-cı ilin başlanığıcında qeyd etdiyim kimi, çox gərgin və acınacaqlı hadisələr baş vermişdir. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 
Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. 
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. 
Ulu Öndərin yaratdığı müasir müstəqil Azərbaycan Ölkə Prezidenti, Ümummilli Lider irsinin ən layiqli davamçısı cənab İlham Əliyev müdrik siyasəti ilə günbəgün güclənir. Cənab Ali Baş Komandan  2020-ci ilin 27 sentyabr tarixində erməni təcavüzkarlarını məhv edəcək "Dəmir Yumruq” - əks-hücüm əməliyyatının başlanmasına Əmr verdi. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında olan doğma torpaqları cəmi 44 gün ərzində cənab Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi və müzəffər Ordumuzun rəşadəti hesabına azad olundu. Bu isə bir daha bütün dünyaya göstərdi ki, dahi Heydər Əliyev ideyaları, müstəqil dövlətçilik ənənələri bu gün yaşayır və əbədi olaraq da yaşayacaqdır."

RƏYLƏR