“CƏNAB!!!”- Elşən Musayevin yazısı

OXUNUB: 1065 Özəl index-manşet
Milli Məclisin deputatı Elşən Musayevin müəllif yazısını təqdim edirik.

Bir anlıq məktəb illərimi xatırladım. 1-ci Qarabağ Müharibəsinin getdiyi dövrü. Qəribə susqunluq vardı. Kimsə açıq danışmırdı. Fəqət, hər kəsin gözündəki təlaş, yorğunluq təxminən eyni suala köklənmişdi: "Bu gün haranı verdik?”

Şuşanın işğal xəbərini də çörək növbəsində aldıq. Əzilə-əzilə. Tapdana-tapdana. 1 saatdan sonra isə dövriyyəyə dezo buraxıldı. Ki, geri qaytarmışıq. Və nə qəribədir, biz işğal xəbərinə çox rahatca inandıq, amma geri qaytarılma xəbərini elə şayiə kimi də qəbul etdik.

Çünki bizi idarə edənlərin kəramətinə bələd idik. Çünki arzuladığımız yalan qorxulu həqiqətə uduzurdu.

Xarici kinoların yayımında yəqin belə "titr”lara çox rastlamısız: "2 həftə əvvəl”, "1 ay qabaq...” Bax, illər sonra həyatımızda təxminən o kimi şeylər baş verdi. Bu dəfə 30 il aralıqla. Üstəlik, filmdə deyil, reallıqda. Və elə bir dövrə gəldik ki, 23 saatlıq anti-terror əməliyyatının gedişində insanlar bir-birinə yalnız bu sualı verdilər: "Tam götürə bildikmi?”. Haranı aldıq yox ha, məhz tam götürə bildikmi?

Çünki yenə bizi idarə edənlərin kəramətinə bələd idik. Sadəcə bu dəfə fərq onda idi ki, arzuladığımız həqiqət qorxunc duyğuları məhv etmişdi! Arxayın idik. Rahat idik. Əmin idik.

İlham Əliyevin sayəsində!

***

Radikal müxalifət qismində status yazmağa, Qubad ətrafında var-gəl etməyə nə var ki. Həyat da, siyasət də onların 3 km uzaqlığından ötüb keçir, xəbərləri belə yoxdur. Nağıllar aləmində fırfıra kimi fırlanırlar. Qlobal siyasətdə isə görün ən qısa müddətdə nələr baş verib: Paşinyan Rusiyanı açıq bir formada "vuraraq” Qərbə yönəldi. Həmin ərəfədə Qərb, konkret olaraq Amerika və onların dövlət siyasətini yönəldən media qurumları Azərbaycana qarşı təzyiqlərə əl atdılar. (Biz də Paşinyan kimi davranaq deyə) Beləcə Rusiya tam neytrallaşdı. Və Rusiya ilə bərabər həm də İran. Yəni, tarixi bir şans! Qarma-qarışıq labirintdə qəfil işıq. İstifadə etmək lazım idi bu durumdan. Dəyərləndirmək lazım idi, mükəmməl və münbit şəraiti.

Dəyərləndirdi...Yenə O dəyərləndirdi.

Asandırmı Azərbaycanı bu qədər qısa müddətdə belə böyük qələbələrə aparmaq? Yox, təbii. Bir daha deyirəm: Kənardan mız qoymaq, "ağıllı-ağıllı” danışmaq, Sevinc Osmanqızının verilişində  əbləhsayağı  açıqlamalar vermək tam başqa şeydir, dövləti idarə etmək isə tamam başqa şey!

Üzdə gördüklərimiz nədir ki? Bir Allah bilir, İlham Əliyev bizi bu qələbələrə çatdırana qədər kimlərin qarşısında duruş gətirib, hansı qüvvələri yerində oturdub, nə qədər stress yaşayıb, ard-arda edilən telefon zənglərindən necə təngə gəlib, eyni anda nə qədər problemi yoluna qoyub.

İdimsiz Cəmil o gün deyirdi ki, nə var e Şuşada, Şuşadan da gözəl yerlərimiz var. Amma bu yarımçıq adam fərqində belə deyil ki, İlham Əliyev üçün Şuşanı geri qaytarmaq həyati missiya, ölüm-dirim məsələsi olub. Hətta Ordumuzun ən peşəkar zabitləri belə bu həlledici döyüşün çox riskli olduğunu xatırladarkən İlham Əliyev fikrindən dönməyib. "Alacayıq, vəssalam, başqa yol yoxdur” - deyib.

Xatırlayırsızmı Heydər Əliyevin indi öz adını daşıyan saraydakı dönüşünü? Onun həyatına birbaşa cavabdeh olan Vaqif Axundov həmin vaxt deyib ki, qabırğalarınız qırılıb, ürək fəaliyyəti tənzimlənmir, bir də qayıtsaz yaşama şansı sıfıra yaxındır. Heydər Əliyev isə cavabında qayıdıb ki, mən geri dönməsəm Heydər Əliyev olmaram. Adam ölümə meydan oxuyub. Ölümü öldürüb.

İlham Əliyev bax o kişinin oğludur və Şuşanı qaytarmaq da təxminən ölümü öldürmək kimi bir şey olub!

***

Qarabağdakı konsertlərin birində çəkiliş heyətinin həyəcanlı səsi hələ də qulağımdadır: "Cənab kövrəlib. Kadrı yaxın verin. Lap yaxın. Tez!”

O kadr gerçəkdən dəhşətli kadrdır. İlham Əliyevin gözlərində eyni anda o qədər hiss var ki, bu dünyanın gəlib-keçən ən böyük rəssamı həmin mənzərəni tabloya köçürə bilməz.

***

Dünəndən etibarən bilirsinizmi nə düşünürəm? Valideynləri insan özü seçmir və bu minvalla mən də radikal müxalifətçi ailəsində doğula, həmin ənənəni kor-koranə davam elətdirə və İlham Əliyevin dünənki qələbə nitqini dinləyəndən sonra indiyə qədər etdiyim müxalifətçiliyə, seçdiyim yanlış yola görə yerin dibinə girə bilərdim. Amma nə yaxşı ki, Tanrı mənə bu qisməti bəxş etməyib. Nə yaxşı ki, dəyərsizlərin deyil, düzgün insanın yanında qərarlaşmışam. Nə yaxşı ki, erməni terroruna qarşı milli bəyanata imza atmayacaq qədər namərd olmamışam.

Nə yaxşı ki, CƏNAB xitabını bəziləri kimi hansısa konqresmenə, Pensilvaniyadakı canişinə, Sorosun dəllalına deyil, öz ləyaqətli Prezidentimə etmişəm.

Bunun elə özü artıq xoşbəxt və alnıaçıq yaşamaq üçün ciddi səbəbdir...

 

Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri

RƏYLƏR