Ceyhun Bayramov: “Azərbaycan 30-dan çox ölkəyə təcili humanitar yardım göstərib”

OXUNUB: 28 SİYASƏT
"Sessiyamız COVID-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutur. Azərbaycan pandemiyaya dərhal cavab verib və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirib”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmayıb: "Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmamama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım edib. Azərbaycan həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərib”.

Nazirin sözlərinə görə, Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVID-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq edib: "İndi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVID-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə edib. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVID-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq”.

C. Bayramov qeyd edib ki, demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır: "Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir.

Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin mühüm işini dəstəkləmək məqsədilə Azərbaycan mütəmadi qaydada Ofisə könüllü maliyyə töhfələri ayırır və bunu etməkdə davam edəcək. Biz üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının mühüm rolunu yüksək qiymətləndiririk. Bu baxımdan ölkəmiz bütün mandat daşıyıcılara daimi dəvət ünvanlanıb”.

RƏYLƏR