Deputat: Prezident İlham Əliyevin Gürcüstana səfəri strateji əlaqələrin yeni mərhələyə yüksəlməsi baxımından böyük əhəmiyyətə malikdir

OXUNUB: 342 SİYASƏT
Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri olduqca maraqlı və əlamətdar hadisələrlə yadda qaldı. Məlum səfər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında reallaşıb və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

Deputat Azərbaycanla Gürcüstan arasındakı təməlli əməkdaşlıq bütün sferalarda mövcud olduğunu diqqətə çatdırıb. "Qeyd etmək yerinə düşər ki, elə ancaq cari ilin 9 ayında iki ölkənin ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb. Eyni zamanda, Azərbaycan qonşu Gürcüstanın iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb. Bütün bunlar isə həm də qarşılıqlı etimadın göstəricisi, nəticəsi və təcəssümüdür.

Dünyada enerjiyə tələbatın artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan yaradır. Onsuz da biz qonşuyuq, hər zaman milli və strateji məsələlərdə, müstəvilərdə eyni mövqedən çıxış etmişik, dünyada gedən qlobal proseslərlə bağlı fikirlərimizi, sözümüzü həmrəy şəkildə demişik və ən əsası tarixin bütün mərhələlərində bir-birimizə dəstək göstərmişik”, - deyə E.Musayev vurğulayıb.

Deputat Gürcüstanın Baş naziri Qaribaşvilinin ulu öndər Heydər Əliyev haqda söylədiyi fikirlərin son dərəcə diqqət çəkən olduğunu bildirib. Qeyd olundu ki, Heydər Əliyevin əziz xatirəsi gürcüstanlıların daim qəlbindədir və daim böyük ehtiramla yad edilir. "Bəli, Ümummilli Lider həm də qonşu dövlətlərlə ən yüksək səviyyədə qurulan münasibətlərin banisidir. Azərbaycanın adını, nüfuzunu daim yüksəklərə qaldıran Ulu Öndər zamanında yürütdüyü düzgün, məqsədyönlü siyasətlə sözün həqiqi anlamında gələcək əməkdaşlıq və müttəfiqlik üçün əsaslı bünövrə qoyub, zəmin yaradıb.

Heç şübhə etmirik ki, Azərbaycan və Gürcüstan arasındakı müttəfiqlik və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və bu münasibətlərdən hər iki ölkə fayda görəcək”, - deyə Elşən Musayev fikirlərini tamamlayıb.

RƏYLƏR