Əliyarın yeyilən haqqı! AYDIN BAĞIROV YAZIR

OXUNUB: 692 Özəl SOSİAL İDMAN
 



Əliyar Ağayev Azərbaycanın ikinci Tofiq Bəhramovudur. 

Müstəqillik dövrümüzdən bu yana hələ heç bir hakimimiz belə mənəvi yüksək mərtəbəyə qalxa bilməyib.

Əliyar Ağayev qaranlıq içində olan futbolumuzun üzünü ara-sıra ağardan çox az sayda insanlardan biridir. 

Əliyar Ağayev həm də rüşvət bataqlığına girmədən öz adını təmiz saxlamış azsaylı hakimlərimizdəndir. Qeyd etdiyim bu fakt qətiyyən şişirmə deyil və bir çox ciddi informasiya mənbəyimə əsaslanır. Sözüm odur ki, çoxları özlərini pul müqabilində klublara təklif edib onların hər cür sifarişini yerinə yetirəndə Əliyar cəmi 24 yaşında (!) FİFA referisi adını almışdı. Və deyəsən, futbol tariximizdə bu yüksək adı alan ən gənc hakimimiz olmuşdu.

Əliyar bugünə qədər dünya və Avropa çempionatlarının seçmə, Avropa kuboklarının təsnifat və qrup mərhələlərində üst-üstə 50-dək oyun keçirib, öz idarəçiliyi barədə müsbət qiymət alıb. Beynəlxalq matçlarla yanaşı Misir kubokunun finalını idarə edib, Avropanın ən güclü çempionatlarından olan Yunanıstan superliqasının prinsipial oyunlarına isə indiyədək dəvət alır. Ən son ötən şənbə günü mərkəzi görüşlərdən olan AEK - "Olimpiakos” matçını bundan əvvəlkilər kimi qüsursuz idarə edib.

Bu, əcnəbilərin Əliyara verdiyi qiymətdir. İndi gələk özümüzünkülərə, daha dəqiqi həm bizdən olan, həm də olmayan nanəciblərə ki, hər fürsətdə Əliyara badalaq vurmağa çalışırlar. Məsələ nədir? Odur ki, 2018-ci ildə Frits Ştuhlik adında bir avstriyalı əcnəbi AFFA-nın Hakimlər Komitəsinin sədri təyin olunub. O vaxtdan Əliyarı mümkün olduğu qədər mərkəzi və prinsipial oyunlardan uzaqlaşdırır, onu heç bir mənası, əhəmiyyəti olmayan görüşlərə göndərir. Turun vacib oyunları isə Ştuhlikin gənc, belə görüşlər üçün yetərli təcrübəsi olmayan əziz kadrlarına həvalə olunur. Təbii olaraq, bu zaman da oyunlarda mübahisəli qərarlar verilir. Elə tur yoxdur ki, avrokuboklara getmək istəyən klubların baş məşqçiləri hakimlikdən narazılıq etməsin. 

Əliyar Ağayev 24 yaşında öz bacarığı hesabına FİFA referisi olub Azərbaycanı ləyaqətlə təmsil etməyə başlayanda həmin bu Ştuhlikin bəlkə də bizim ölkənin varlığından xəbəri yox idi. Elxan Məmmədovun dəvətindən sonra bura gəlib, hakimliyi inkişaf etdirmək əvəzinə, ona olmazın zərbələri vurur, ən yaxşı hakimimizə süni maneələr yaradır. Bu gün Əliyar əhəmiyyətsiz oyunlara göndərilir, sabah da təyinatını birinci diviziona verəcəklər. Axırda da deyəcəklər ki, sən heç FİFA referiliyinə də layiq deyilsən. Yəni öz kadrım dura-dura sən niyə beynəlxalq oyunlara gedəsən ki?.. Elə Azərbaycanda çaldığım havaya oynayanlar getsin də. 

Uzun sözün qısası, vicdansızın adı üstündədir. 

Vicdansız isə hər əclaflığa qadirdir, Elxan Məmmədov!

Ştuklihi dayandırın!

Aydın Bağırov

RƏYLƏR