“Energetik” Futbol Klubu Fəaliyyətini Dayandırmaq Üzrədi

OXUNUB: 860 İDMAN
Azərbaycanda daha bir klub fəaliyyətini dayandırmaq üzrədi.
 
Söhbət Mingəçevir təmsilçisi "Energetik”dən gedir. Ölkənin köklü-köməcli klublarından olan "Energetik” son iki ili Region Liqasında keçirsə də, artıq komandanın burda da oynaması üçün yetərli maliyyə dəstəyi yoxdu. Əldə etdiyimiz məlumata görə kluba sponsorluq edən "Azenco” artıq futbolçulara maaş verməyəcək. Ümumiyyətlə zavod "Energetik”ə sponsorluqdan imtina edib. Bu üzdən sahibsiz qalan klub çox güman ki, fəaliyyətini dayandıracaq. "Energetik”in vitse-prezidenti Elbrus İsmayılov da məlumatı təsdiqlədi.
 
 
Elbrus bəy Sport7.az-a açıqlamasında durumun acınacaqlı olduğu və güman ki, "Energetik”in də tarixə qovuşacağını söylədi: "Bu yaxınlarda mənə də bildirdilər ki, "daha maaş verilməyəcək”. Fikrimcə, bu zavodun maliyyə durumu ilə əlaqədardı. Ona görə də maaş vermək fikirləri yoxdu. Ötən il "Azərenerji”nin rəhbərliyində dəyişiklik oldu. Yeni rəhbərlik klubla maraqlanmadı. Ezamiyyət xərclərimizi, AFFA-da olan mükafat fondu ilə yola verdilər. İndi nə mükafat var, nə də klubun maliyyəsi. Gələn mövsüm necə olacaq bilinmir. Belə çıxır ki, komanda fəaliyyətini dayandıracaq. Maliyyə olmayandan sonra necə oynasınlar?”.
 
Elbrus bəy, məsələ ilə bağlı heç yerə müraciət etməyəcəklərini dedi: "Mən də yorulmuşam, daha işləmək istəmirəm. Çox güman ki, mən də fəaliyyətimi dayandıracam. Kimlərsə yenidən müraciət edərsə, onu bilmirəm. Klubla maraqlanan yoxdu. İnternetdə də "Energetik”in Region Liqasındakı son oyunlarından görüntülər yerləşdirilmişdi. Azarkeşlər tərəfindən müraciət də olunmuşdu. Ancaq xeyri olmadı, heç kim maraqlanmadı. Hələ vaxt var. Bəlkə də kimsə komandaya kömək edəcək. Bilirsiz ki, komanda Birinci Divizionda da oynayıb. Artıq iki ildi Region Liqasındadı. Bu yarışda da yaxşı çıxış ediblər. Region Liqasına rəng qatan komandalardan idi. Qrupda lider olurdu. Ev oyunlarında azarkeşlər də stadiona toplaşırdı. Maraq çox idi. Ümid edirdik ki, bunları görəndən sonra kimlərsə "Energetik”ə sahib çıxar, kömək edər. Ancaq olmadı. Çox güman ki, maliyyə durumu ilə bağlıdı. "Azenco” komandaya yalnız maaş verirdi. Əvvəl futbolçular 150-160 manat maaş alırdılar. Martın 1-dən minimum əməkhaqqı 180 manat olandan sonra, maaşlar da bu məbləğə qalxdı. "Azenko” futbolçuları zavoda işçi kimi qeydiyyata salmışdı və öz hesabından maaş verirdi. Yəni məlumat doğrudu. Bir neçə gün əvvəl işdən azad olunmaqla bağlı ərizələrimizi istədilər”.
 
 
 
İcmal.Az

RƏYLƏR