“Ərəblərin Kəmaləddin Heydərovun qonaqları olduğu bildirilir, amma nazir reaksiya vermir”

OXUNUB: 130 Özəl HADİSƏ
"Ərəblərin Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə göyərçini drona bağlayıb şahinlərə təlim keçməsi qəbulolunmazdır”.

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, bunun kimlərəsə adi hal kimi görünməsi mümkündür, amma elə deyil: "Düşünə bilərlər ki, ölkədə turizm inkişaf edir, əcnəbilər gəlir, pul xərcləyir və s. Onların təlim keçdikləri quşların ölkəyə gətirilməsi üçün müxtəlif prosedurlardan keçmək lazımdır. Amma nəzərə almaq lazımdır ki, pandemiya ilə əlaqədar turist səfərləri dayandırılıb, viza verilmir. Belə olan halda, həmin turistlər hansı vasitə və niyyətlə gəliblər? Çünki turist vizası ilə gəlmək mümkün deyil. Gömrükdən quşları necə keçiriblər? Buna Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi cavab verməlidir. Ərəblərin o ərazidə istirahət etməsinə kim şərait yaradıb? Videogörüntülərdən məlum olur ki, onlar üçün bütün imkanlar yaradılıb. Bu, bir günün işi deyil... Bildirilir ki, ərazi özəl mülkiyyətdir, elədirsə, adını açıqlasınlar. Tərcüməçi ərəblərin Kəmaləddin Heydərovun qonaqları olduğunu bildirir. Amma nazir bu məsələyə reaksiya verməyib, ya təkzib, ya da təsdiq etsin. Digər məsələ drondan istifadədir, bilirik ki, dronun ölkəyə gətirilməsi bir neçə dövlət qurumundan razılıq almaq lazımdır. Dron kimin adınadır? Axı bunlar qeydiyyata alınır... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı sıravi şəxsin tapşırığı ilə onlara şərait yaratmaz, görünür, tapşırıq yüksək səviyyədə verilib. Dövlətlərarası münasibətlərin qurulması bəzi hallarda şəxsi ünsiyyətdən keçir. Əgər belə idisə, ora mühafizə olunmalı idi, kənar şəxslər də yaxınlaşanda deyilərdi ki, dövlət tədbiridir, mane olmayın. Amma rəsmi mövqedə bildirilir ki, ərəblər cərimələnib. Yəni onlar turistdirlər. Aidiyyatı dövlət qurumları hesabat verməlidirlər. Biz küçədə sərbəst gəzə bilmirik, maskasız gəzəndə cərimə yazırlar, amma kənardan gələnlər istədiyi hərəkəti edirlər. Belə başa düşülür ki, qayda-qanun yalnız yerli əhali üçündür. Maraqlıdır ki, qanun və qaydalardan üstün olan məmurlar hansılardır? Bizim üçün belə məsələlər adi hal kimidir, amma normal ölkələrdə bu əməl rezonansa səbəb olardı...”

RƏYLƏR