Ermənistan Azərbaycan torpaqlarında süni məskunlaşdırma yolu ilə demoqrafik vəziyyəti dəyişmək istəyir

OXUNUB: 868 SİYASƏT
Ekspertlərin fikrincə, işğalçı ölkənin qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısı qəti şəkildə alınmalıdır
Xəbər verildiyi kimi, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan və hümanitar hüqun pozulması kimi tövsif edilən bu köçürmədə Ermənistanın əsas məqsədi süni məskunlaşdırma yolu ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu və demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, Livanda baş vermiş partlayışdan sonra bu ölkədə yaşayan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi ermənilərin işğalçı, terrorçu mahiyyətini bir daha üzə çıxarır: "Ermənistanın Livan ermənilərini işğal etdiyi ərazilərimizə köçürməkdə əsas məqsədi həmin bölgədə ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə və burada yeni terror qruplaşmasının yaradılmasına nail olmaqdır. Eləcə də, "ASALA” terror təşkilatının yenidən dirçəlməsi, bu təşkilatın işğal altındakı torpaqlarımızda yeni təlim düşərgələri açması və fəaliyyət göstərməsi üçün geniş imkanlar yaranır. Azərbaycan bu haqda beynəlxalq təşkilatlara və ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etsə də, guya münaqişənin həllində vasitəçilik missiyası daşıyan bu qurum hələ ki susur. Onların bu susqunluğu anlaşılan deyil. Çünki Ermənistanın bu qeyri-qanuni hərəkətləri birmənalı şəkildə sülh danışıqlarının ruhuna ziddir. Nəticə etibarı ilə, beynəlxalq aləm bu məsələdə susmamalı, işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısı qəti şəkildə alınmalıdır”.
"Azərbaycan-Slavyan Gəncləri Assosasiyası” İctimai Birliyinin sədri Səbuhi Abbasov da Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində düşmən ölkə tərfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırılmanın yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, bundan öncə işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınmışdı. O zaman bununla bağlı Ermənistana qarşı hər hansı sanksiya tətbiq olunmadı və etdiyi qeyri-qanuni əməllərə görə cəzalandırılmayan işğalçı ölkə bu dəfə köçürmə ilə bağlı nümayişkaranə addımlar atmaqdan çəkinmir: "Ermənistan tərfindən işğal edilmiş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu deyir. Artıq Livandan ilk iki ailə Dağlıq Qarabağa yerləşdirilib və prosesin davamlı olacağı da istisna edilmir. Ermənistanın əsas məqsədi, Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə işğal altındakı əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır”.
Səbuhi Abbasov deyib ki, humanitar hüququn pozulması ilə müşayət olunan bu qeyri-qanuni köçürmə ilə bağlı ATƏT-in Minsk qrupunun susqunluq nümayiş etdirməsi isə anlaşılan deyil.
 
7News.Az

RƏYLƏR