“Ermənistan və onun rəhbəri özbaşına deyil!” - TƏHLİL

OXUNUB: 5421 Səhiyyə MARAQLI GÜNDƏM SİYASƏT

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib:

"Hazırda çox həssas bir diplomatik və siyasi mərhələni keçməkdəyik. Ermənistanın və onun havadarlarının çeşidli hiylə və təxribatlarına baxmayaraq, Azərbaycan addım-addım və qətiyyətlə öz strateji hədəflərinə çatmaqda və qarşısına qoyduğu planları həyata keçirməkdədir.

 

 

Yaxın həftələrdə Azərbaycanın müəyyən etdiyi şərtlər və prinsiplər əsasında Ermənistanla sülh müqaviləsi mətninin rəsmi şəkildə müzakirəyə çıxarılması gözlənilir və əslində, Paşinyan rejiminin ölkəmizin yaratdığı mövcud reallıqları qəbul etməkdən başqa çarəsi yoxdu.

Lakin proses rəvan getmir. Azərbaycan bir tərəfdən Fransa, İran və Rusiya kimi dövlətlərin diplomatiya və informasiya cəbhəsində bizə qarşı etdiyi həmlələri dəf edir, digər tərəfdən isə keçmiş münaqişə dövründə Ermənistanın işğal siyasətinin nəticələrini legitimləşdirməklə məşğul olan ATƏT -in (Minsk qrupunun) yenidən baş qaldırmış ikili yanaşmalarını və əsassız qərarlarını neytrallaşdırmağa çalışır.

Belə bir həssas dönəmdə, hər kəsdən, xüsusilə, siyasi müxalifətdən və ictimai fəallardan çox böyük məsuliyyət və vətənpərvərlik tələb olunur. Lakin biz son günlər bəzi marginal qrupların yenə də məqsədyönlü şəkildə faəllaşdığını və prosesə mənfi yöndən təsir etməyə çalışdıqlarını görürük. Onlar bilməlidirlər ki, təşkil etdikləri provakativ aksiyalarla yalnız dövlətimizə zərər vururlar, düşmən tərəfə ölkəmiz əleyhinə beynəlxalq platformalarda istifadə etmək üçün yeni "tezislər” və bəhanələr verirlər və Ermənistan mətbuatının "baş qəhrəmanları”na çevrilirlər.

Düşünürsən ki, görəsən, bunlar doğurdan bunu dərk etmirlər, yoxsa, elə məqsəd budur?”

 

***

"Paşinyan sülh müqaviləsi haqda həmişə danışır. Danışır və sonra danışdıqlarını unudur. Yəni, ortada icraat yoxdur. O da bilirsinizmi niyə yoxdur? Çünki müstəqil insan deyil. Çünki nökər təfəkkürlüdür. Ermənistanın elə bədbəxtliyi də ondadır ki, həmişə kiminsə köləsi olub, əmr qulu olub, yalnız və yalnız qəyyumlarının verdiyi tapşırıqları icra edib. İndi Ermənistanın baş naziri yenə deyir, ilin sonuna qədər sülh müqaviləsi bağlanmalıdır və ya bağlanacaq. Görək. Hər halda ilin axırına bir şey qalmayıb. Tezliklə məlum olacaq ki, Paşinyan dediyində qərarlıdır yoxsa yenə blef edir.”

 

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

 

Paşinyan 44 günlük müharibədə elə rəzil günə qaldı, elə bir formada məğlubiyyətə uğradı ki, üçtərəfli razılaşmanın imzalanması zamanı heç onu tapa bilmirdilər, müqaviləni, razılaşmanı da hansı dəlikdən çıxıb imzaladı, məlum deyil. Ona görə sonradan eyforiya yaşadı, üzərinə götürdüyü öhdəliklərdən qaçdı, zaman udmağa çalışdı, təxribatlara əl atdı və vəziyyəti düzəltmək əvəzinə daha da gərginləşdirdi.

 

Əlqərəz, Paşinyan ciddi adam və ciddi siyasətçi deyil. Ondan hər şey gözləmək olar. Amma bir məsələni unutmayaq: Ermənistan və onun rəhbəri özbaşına deyil. Yəni, proseslər, məsələlər onun istəkləri, arzuları ilə həll olmur. Paşinyan sülh müqaviləsini imzalamağa məcbur və məhkumdur! Daha dəqiqi: həmin sülh müqaviləsini imzalamasa, üzərinə götürdüyü öhdəliklərə əməl etməsə o, ilk növbədə özünü "yandıracaq”, öz dövlətinə ziyan vuracaq, Ermənistanı daha da bədbəxt və rəzil günə qoyacaq. Çünki, bir daha deyirəm: alternativ yoxdur. Bölgədə sabitliyin bərqərar olması, münasibətlərin normallaşması həmin sülh müqaviləsindən əhəmiyyətli dərəcədə asılıdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

 

***

Tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır. Bu birlik isə özündə inkişaf və sabitliyi ehtiva edir.

 

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.


"Oktyabrın 20-də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin orada dövlət başçılarının verdikləri mesajlar zamanı xatırladım ki, bu, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında son iki ildə salınmış ikinci hava limandır. Bir il öncə istifadə verilən Füzuli Beynəlxalq Hava Limanının açılışında da Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etmişdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik”, - deyə V.İskəndərov bildirib.

Oktyabrın 20-nin Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gün olduğunu diqqətə çatdıran deputat deyib: "Çünki bu tarix Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, bütün bu şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin məsələyə müdaxiləsinin qabağını alırdı”.

V.İskəndərov qeyd edib ki, bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Səfər zamanı hər iki ölkənin dövlət başçısı həm dəmir yolunun inşası ilə tanış oldu, həm də "Dost Aqropark”ın açılışını birlikdə qeyd etdi. Orada da vurğulandığı kimi, bölgəyə birinci özəl sərmayə olan aqroparkın adı da özlüyündə hər şeyi deyir. Türkiyə şirkətləri bölgədəki inşaat işlərində fəal şəkildə iştirak edirlər. O cümlədən Zəngilan Beynəlxalq Hava Limanının inşasında da qardaş ölkənin şirkətləri yaxından iştirak edib.

"Şübhəsiz, bölgədə görülən işlər Azərbaycan dövlətinin qüdrətinin, Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir. Bu isə həm də bir zamanlar Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşən vətəndaşlarımızın geri dönüşünü sürətləndirəcək. Yəni, görülən işlər, atılan addımlar son nəticədə "Böyük Qayıdış” layihəsinin həyata keçirilməsidir”, - deyə Vüqar İskəndərov fikirlərini yekunlaşdırıb


 

Nail Qurbanov

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.15

 

RƏYLƏR