FETÖ işində sensasion isim: Mənsimovun adı siyahıya niyə daxil edildi? – Deputat açıqladı

OXUNUB: 447 SİYASƏT
Son günlər mətbuatda Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun, Türkiyədə yaşayan azərbaycanlı milyonçu Mübariz Mənsimov və FETÖ rəhbəri Fətullah Gülənin adları birlikdə hallanır. Məsələnin böyüməsi öz növbəsində həm yeni həbslərdən xəbər verir, həm də prosesin düşünüldüyündən də dərin olduğu ehtimallarını artırır.

Maraqlıdır, FETÖ məsələsi ətrafında böyüyən məsələ nədən ibarətdir? Ümumiyyətlə hazırda dövlətin əlində tutarlı bir məlumat varmı ki, bu şəxslər ümumiləşdirilir? Onları birləşdirən nədir?
 
Hikmət Babaoğlu 

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, FETÖ-nün Azərbaycanda böyük şəbəkə qurduğu hər kəsə məlumdur:

"Bir neçə il bundan öncə Azərbaycanda bu şəbəkəyə qarşı geniş mübarizə tədbirləri həyata keçirildi. İslam dinini yanlış təbliğ edən, insanları milli təfəkkürdən məhrum edən, süni təhsil sistemi yaradaraq milli identikliyimizi əlimizdən alan, qeyri-məchul ideologiyanı "təhsil” ocaqları vasitəsilə yaymağa çalışan şəbəkənin dayaqları ciddi zərər gördü.

Ölkədə aparılan müvafiq tədbirlər sonrası şəbəkə ciddi ölçüdə dağıldı. Ölkəmizlə yanaşı Türkiyə, Rusiya, Mərkəzi Asiyada da güclü dayaqlara, nüfuza malik olan FETÖ-ya qarşı hazırda amansız mübarizə aparılır.

FETÖ həm də bir ideoloji-siyasi terror təşkilatıdır. Yəni siyasətə iddialıdır. Yetişdirdiyi və ya əla aldığı kadrlar ilə təşkilat paralel dövlət quraraq dövlətsizləşdirmə prinsipini həyata keçirir. Nüfuz etdiyi hər ölkədə eyni siyasi xətti tutan FETÖ düşünüldüyündən də təhlükəlidir. Təəssüf ki, Azərbaycanda da bənzər fəaliyyətə cəhd edilmiş, amma buna nail ola bilməmişlər”.

H.Babaoğlu deyib ki, hüquq-mühafizə orqanlarının əlində fakt olmasa idi, ciddi əməliyyatlar keçirilməzdi:

"Hüquq-mühafizə orqanlarının əlində dəqiq məlumatlar var. Məhz bu faktlara əsaslanaraq Qubad İbadoğlu həbs edilib. Bundan başqa Türkiyədə saxlanılaraq ölkəyə gətirilən digər bir FETÖ üzvü var. O ki qaldı Mübariz Mənsimova, deməli, onun barəsində də məlumatlar var ki, adı bu proseslərdə hallanır. Hər halda bütün bunlar öz əksini tapacaq. Daha dəqiq informasiya veriləcək. FETÖ məsələsi ilə bağlı həbslər hələ bundan sonra da olacaq. Dediyim kimi, bu məsələ düşündüyümüzdən də böyükdür”.

RƏYLƏR