Gəncədə gecə klubunda 3 nəfərin bıçaqlandığı davaya görə saxlanılan 5 nəfərin adları açıqlandı

OXUNUB: 631 HADİSƏ

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, yanvarın 22-nə keçən gecə Gəncə şəhəri ərazisindən 3 nəfərin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərin  Şəmkir rayon sakinləri Orxan Rüstəmov, Orxan Rzazadə və Orxan Məmmədov olmaları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Gəncə şəhər sakinləri Azər Məmmədov, Nicat Mustafayev, habelə hadisənin digər iştirakçıları İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Prokurorluqdan bildirilib ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

 

Qeyd edək ki, yanvarın 22-də gecə saatlarında Gəncə şəhərində fəaliyyət göstərən "X-Club" gecə klubunda kütləvi dava baş verib. Hadisə nəticəsində üç nəfər - Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar.                                                                      

İcmal.Az

RƏYLƏR