Gənclərin gələcək əmək bazarına hazırlığı müzakirə edilib

OXUNUB: 939 Özəl QHT SOSİAL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində "Davam" Gənclər Hərəkatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Agentlik tərəfindən İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Agentliyin rəhbər heyəti, Hərəkat tərəfindən isə İdarə Heyətinin sədri Nihad Allahyarlı, İdarə Heyətinin üzvləri və Katibliyin əməkdaşları iştirak edib. 

İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri, görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Həyata keçirilən islahatların əsas istiqamətlərindən birinin işsiz və işaxtaran şəxslərin dayanıqlı məşğulluğunun təmini, onların əmək bazarına inteqrasiyası, həmçinin gənclərin müasir əmək bazarına hazırlığının təşkili olduğunu bildirib. Qeyd edib ki, Agentlik tərəfindən gənclərin məşğulluğu daim diqqətdə saxlanılır, dövlət və özəl qurumlarla, o cümlədən gənclər təşkilatları ilə müxtəlif layihə və proqramlar icra olunur. 

Öz növbəsində çıxış edən Hərəkatın İdarə Heyətinin sədri Nihad Allahyarlı gənclərin karyera quruculuğu ilə bağlı atılan addımlar, maarifləndirmə, düzgün ixtisas seçimi, Özünüməşğulluq proqramında iştirakla bağlı həvəsləndirici tədbirlər, birgə əməkdaşlığın yol xəritəsində yer alacaq layihələrlə bağlı fikirlərini dilə gətirib, o cümlədən "Davam"ın struktur vahidləri olan Davamlı İnkişaf Xidməti və BİLİK - Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzi haqqında və gördüyü işlər barədə geniş məlumat verib. 

Görüş zamanı hər iki tərəfin əsas fəaliyyət istiqamətləri və qarşılıqlı əməkdaşlığın perspektivləri barədə danışıqlar aparılıb. Gənclərin gələcək əmək bazarında rəqabətə davamlılığının və məşğulluğunun artırılması, gənc işçi qüvvəsinin formalaşdırılması istiqamətində birgə görülə biləcək layihələr müzakirə edilib. 

Sonda 2022-ci il ərzində "Davam” Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi xüsusi dəstəyə görə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə "Davamçı” Milli Mükafatı təqdim olunub.
 

RƏYLƏR