General-mayor Natiq Əliyevin qızının dövlət idarəsində qalmaqalı: Qarabağ qazisinə hörmətsizlik, məmura təzyiq - VİDEO

OXUNUB: 0 Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, General-mayor Natiq Əliyevin qızı Türkər Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində yaratdığı iddia olunan insident ciddi suallar doğurub.

Məlumata görə, Türkər Əliyeva bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra Abşeron Ərazi İdarəsinə gəlib. İddialara əsasən, söhbət daşınmaz əmlaka dair sənədlə bağlı məsələdən gedib və həmin sənədin həqiqiliyinə dair idarədə ciddi şübhələr yaranıb.

İdarədə mübahisə zamanı Türkər Əliyevanın üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atdığı bildirilir. Hadisənin yüksək səslə, qışqırıq və emosional davranışla müşayiət olunduğu da qeyd edilir.
Məhz bu məqamda idarədə növbə gözləyən II Qarabağ müharibəsi qazisi məsələyə müdaxilə edib. Qazinin xanımdan sakit danışmasını xahiş etdiyi, səhhətinin ağır olduğunu, yüksək səsə dözə bilmədiyini və yaranmış səs-küy səbəbindən növbəsinin də gecikdiyini bildirdiyi deyilir.

Lakin iddialara görə, Türkər Əliyeva qazinin bu müraciətinə də sakit şəkildə yanaşmayıb. Əksinə, qaziyə və dövlət qulluqçusuna müxtəlif dövlət qurumlarının – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Prokurorluğun adını çəkərək hədə-qorxu gəldiyi bildirilir.
Hadisənin ən ciddi məqamlarından biri isə bundan sonra baş verib.

İddialara görə, Türkər Əliyeva sürücüsünü çağırıb və sürücü Qarabağ qazisinin üzərinə göndərilib. Əgər bu məlumatlar təsdiqini taparsa, məsələ artıq sadəcə dövlət idarəsində yaranmış mübahisə deyil, fiziki qarşıdurma və qaziyə qarşı hörmətsizlik iddialarının araşdırılmasını tələb edən hadisədir.

Burada xüsusi vurğulanmalı məqam var: söhbət sıradan bir vətəndaşla mübahisədən getmir. Qarşı tərəfdə Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə iştirak etmiş, səhhətində ciddi problemlər olduğunu bildirən Qarabağ qazisi dayanır.

Qaziya hörmət cəmiyyət üçün sadəcə etik məsələ deyil. Bu, dövlətin və dövlətçilik dəyərlərinin qorunması baxımından mühüm prinsipdir. Heç bir vəzifə, titul, soyad və ya tanınmış şəxsin övladı olmaq insanı başqa bir Azərbaycan vətəndaşından üstün hüquqa malik etmir.

Xüsusilə də dövlət idarəsində çalışan qulluqçuya qarşı təzyiq göstərilməsi, dövlət sənədinin cırılması və qaziyə qarşı aqressiv davranışla bağlı iddialar varsa, bu hadisəyə hüquqi qiymət verilməsi vacibdir.

Türkər Əliyevanın bundan əvvəl də ASAN xidmətlə bağlı sərt və hədə xarakterli videomüraciət yaydığı barədə məlumatlar da diqqət çəkir. Bu faktın hazırkı hadisə ilə birlikdə qiymətləndirilməsi də cəmiyyətdə yaranan sualların cavablandırılması baxımından əhəmiyyətlidir.

Əgər həqiqətən də hansısa sənədin saxta olması barədə iddia varsa, bunun yolu qışqırıq, təhqir, hədə-qorxu və dövlət idarəsində qalmaqal yaratmaq deyil. Bunun yolu hüquqi müstəvidə müraciət etmək, sənədlərin ekspertizasını tələb etmək və məhkəmə də daxil olmaqla qanunun verdiyi imkanlardan istifadə etməkdir.

Əks halda ortaya başqa mənzərə çıxır: dövlət qurumunun qərarı ilə razılaşmayan şəxs öz mövqeyini arqumentlərlə deyil, yüksək səslə və müxtəlif dövlət qurumlarının adını çəkməklə qəbul etdirməyə çalışır.

Ən əsası isə bu hadisədə Qarabağ qazisinin təhqir olunması və ona qarşı fiziki təzyiq göstərilməsi ilə bağlı iddialar cəmiyyət tərəfindən cavabsız qalmamalıdır.
Çünki Azərbaycan cəmiyyətində bir sualın cavabı çox aydın olmalıdır: General-mayorun qızı olmaq Qarabağ qazisindən üstün olmaq deməkdirmi?

Cavabı isə nə soyad, nə rütbə, nə də yüksək səslə deyil, yalnız qanun verməlidir.

7NEWS.az
 
 

RƏYLƏR