“Heç kəs arxayın olmasın ki, cərimələnməyəcək” — Yol polisindən son XƏBƏRDARLIQ

OXUNUB: 420 GÜNDƏM SOSİAL

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, müddəti keçmiş sürücülük vəsiqəsi olan şəxslərə karantin məhdudiyyətləri zamanı verilən güzəşt müddəti 31 may 2020-ci il tarixində başa çatır. 


Bu tarixədək köhnə sürücülük vəsiqələrinin ASAN xidmət və "ASAN Kommunal”da yeniləri ilə əvəzlənməsi başa çatdırılmalıdır. Çünki avtomobili müddəti başa çatmış sürücülük vəsiqələri ilə idarə edən şəxslər həmin müddətdən sonra cərimələnəcək. Lakin məlumdur ki, mayın 23-dən 30-dək tətil günlərində ASAN xidmətlər işləməyəcək, bu isə sənəd mübadiləsi prosesini çətinləşdirə bilər. 


Maraqlıdır, məsələ ilə bağlı avtomobil sahiblərinə hər hansı güzəşt tətbiq olunacaq?


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı saytımıza açıqlama verərək bildirib ki, ASAN xidmətlərdə vəsiqənin müddətini onlayn şəkildə yeniləmək mümkündür. Vətəndaşlar bundan istifadə etməlidirlər:


"Sürücülük vəsiqəsinin müddəti bitib, aidiyyəti qurumlar da işləmirsə, deməli Baş Dövlət Yol Polis İdarəsinin  Qeydiyyat-İmtahan Şöbəsi üzrə sürücülük vəsiqəsini yenidən əldə edə bilərlər. Həmçinin avtomobil sahibi ASAN xidmətlərdə vəsiqənin müddətini onlayn sistemlə yeniləməlidir. 


Ümumilikdə isə sürücülər özləri bilər, ASAN xidmət nə cür xidmət göstərirsə, ona uyğun müraciət edib müddəti artıra bilərlər. Heç bir problem yoxdur, narahat olmağa da səbəb yoxdur, nəqliyyat vasitəsilə bağlı hər hansı bir sənədləşdirmədən söhbət gedirsə, Dövlət Yol Polisinin yaratdığı şəraitdən istifadə edərək mövcud çatışmazlığı aradan qaldırmaq mümkündür. Mən bilirəm ki, onlayn şəkildə müraciət edirlər və müraciət əsasında, öz istəklərinə nail olurlar”. 


Vaqif Əsədov eyni zamanda avtomobillərin texniki baxışı ilə bağlı məsələyə də toxunub:


"Nəqliyyat vasitəsinə texniki baxışların keçirilməsi üçün konkret növbətçi ayrılıb. Hər gün, hətta istirahət günlərində belə orada nümayəndələr var, onlar texniki baxışdan keçməni tənzimləyirlər.


Bu gün sizin maşınınızın, sabah da mənim maşınımın müddəti bitə bilər. Hər bir avtomobil sahibi öz vaxtını bilib ona görə davranmalıdır. Həmişə texniki baxışdan keçən şəxsə sənəd verilir, burada gələn il nə vaxt keçməli olduğu yazılır, ona diqqət eləsinlər. Hətta əlavə 20 gün də vaxt verilir. Bu da yaradılmış şəraitdir, sürücülər bəhrələnsinlər. 


Qeyd olunan müddət ərzində texniki baxışdan keçməyənlər sözsüz ki, cərimələnəcək, cərimələnmə ilə bağlı elektron qərar qəbul edilir. Cərimənin məbləği isə 50 manatdır. Düzdür, hələ pandemiya dövrü davam edir. Amma bu gün hərəkətlə bağlı məhdudiyyət yoxdursa, avtomobil sahibi istənilən istiqamətdə sərbəst hərəkət edə bilirsə, niyə gedib texniki baxışdan keçmir? Gözləyirlər ki, karantin bitsin, bir əlavə 20 gün də vaxt verilsin? Bu nə yanaşmadır axı... 


Heç arxayın olmasın ki, cərimələnməyəcək. Vaxtında gedib texniki baxışdan keçsinlər, həmçinin qeyd olunan müddətdə də sürücülük vəsiqələrini yeniləsinlər”.(yenisabah.az)

RƏYLƏR