“Hər 5 uşaqdan birində nevroloji xəstəlik var”

OXUNUB: 6629 Səhiyyə

Müstəqil.Az tanınmış nevroloq Xəyalə Məmmədovanın müsahibəsin təqdim edir.

 

– Nevrologiya haqqında qısa məlumat verərdiniz…

– Nevrologiya— tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan sahəsi.

 

– Nevroloji xəstəliklər nədən yaranır?

– Nevrozlar– sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.

 

– Nevrozun əsas əlamətləri…

– Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.

Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar: iştahanın pis və əksinə, həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissiyyatı, cinsi pozğunluqlar və s.

Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları.

 

– Nevroz – ciddi xəstəlik hesab etmək olar?

– Əlbətdə. Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda,  adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.

Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.

Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarkən düzgün qidalanmalı və daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi və ailədə sakit və mehriban şəraitin yaradılmasıdır. Böyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:

Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına "kömək” edir.

Müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaq (təmiz havası olan yerdə, xüsusən də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına səbəb olur. Və nəhayət, beyin hüceyrələrinin tonusunun artması isə, istənilən nevrotik simptomların tezliklə sönməsi ilə nəticələnir.

Stres vəziyyətlərindən çıxmaq qaydalarını yaxşı bilmək.

 

– Epilepsiya

– Epilepsiya– əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur.

Epilepsiya ən qədim xəstəliklərdən biridir. Müasir həyat tərzi ilə əlaqədar olan bəzi xəstəliklər istisna olmaqla bütün xəstəliklər elə insanın yaranması ilə başlayıb, yəni qədim dövrdən mövcud olub. Epilepsiya xəstəliyi çox maraqlı və insan beyni ilə maraqlananlar qarşısında böyük imkanlar açan nevroloji bir patalogiyadır. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Xəstəliyin etimoloji adında bu ənənə özünü göstərir. Epilesiya sözü yunanca "epilambano” sözündən götürülüb mənası "yıxılıram” "tuturam”deməkdir. Bundan başqa epilesiyanın xarakterik klinikası və gedişi qədim insanların şüurunda qəribə duyğular formasında əks olunub. Ona "ilahi xəstəlik”, "Herkules xəstəliyi” kimi adların verilməsi məhz onun o zaman üçün anlaşılmaz olan tutmaları ilə bağlı olub. Və nəhayət epilepsiyaya "dahi xəstəliyi” damğasının vurulması da elə- belə olmayıb. Tarixə müraciət etsək görərik ki, Napoleon Bonapart, Yuli Sezar, Dostoevski, Qeorq Fridrix Hendel, Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlər bu xəstəlikdən əziyyət çəkib. Tibbi ensiklopediyanın məlumatına görə bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyil. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya tipli tutmalar təhlükəsi meydana çıxır.

 

– Epidemiologiya

– Müxtəlif məlumatlara görə, epilepsiya ilə xəstələnmənin rast gəlmə tezliyi il ərzində 100 000 nəfər əhaliyə 30-50 hadisə təşkil edir. Epilepsiyanın inkişaf riski 20 yaşa qədər 1%, 75 yaşa qədər isə 3%-ə bərabərdir.

 

– Əlamətləri haqqında bir az məlumat verərdiniz…

– Epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir.Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır.Epiletik tutmalar 2 yerə bölünür:kiçik və böyük tutmalar. Epilepsiyalı insanların xarakterik görünüşü və ya davranışı da olur,Onların gözlərinə baxsanız soyuq parlaqlıq,narahatlıq görə bilərsiniz,Epilepsiyanın bir neçə saniyə davam edən "absans”tipli formlarından tutmuş tutmaları dövri şəkildə təkrarlanaraq uzun müddət davam edən Epileptik statusa qədər formaları var.

Gecə epileptik tutmaları deyilən bir hal var ki bu zaman tutmaların əmələ gəlməsi yuxu ritminin dəyişməsi ilə əlaqədar olur. Bu zaman yuxuda olan şəxs ayılaraq xaotik, əl-qol hərəkətləri edir. Adətən epileptik tutmalar baş verməmişdən qabaq xəstədə aura deyilən bir hal baş verir, sanki xəstə hiss edir ki onda tutma baş verəcək. Aura özünü narahatlıq, başgicəllənmə, görmənin zəifləməsi kimi biruzə verir. Qazanılma epilepsiyada isə kəllə beyin travmaları, beyin toxumasının şişləri, qansızma, alkoqol zəhərlənməsi və s təsirindən beyində oyanıq sahə yaranır.

  • Epileptiklər normal həyat sürə bilirlər
  • Epilepsiya ətrafdakılar üçün təhlükə törətmir, sadəcə onlar əsəbi ola bilirlər
  • Epilepsiya hazırda müalicə olunur.

Epilepsiya sindromuna səbəb olan amillər: -İltihabı xəstəliklər, -Meningit. -Ensefalit. -Zəhərli zob. -Qaraciyər xəstəlikləri. -Revmatizm. -Hədsiz insulin qəbulu, -Kalsium çatışmazlığı. Epilepsiya 2 cür olur:irsi-genetik faktor və sonradan qazanılmış.Sonradan qazanılmış epilepsiyaya doğuş və ya qəza vaxtı zədə almaq daxildir.Bəzən doğuş vaxtı uşaqlar zədə alır.Həmin zədə nəticəsində beyində kista əmələ gəlir.Bu kista 20-25 il sakit qala bilər,bəzənsə heç özünü göstərməz.Amma hamiləlik dövründə kista daha da böyüyəcək,beyində qıcolmalar başlayacaq. Bu xəstəlik müxtəlif formada olan tutmaları ilə tanınır.Epiletik tutmalar 2 yerə bölünür:kiçik və böyük tutmalar. Epilepsiya xəstəliyinin səbələrindən ən çoxu beyin travmaları ilə əlaqədardır.Travmanın növü (anadangəlmə və ya qazanılma) təyin olunur.Travmadan sonrakı çapıq dəqiqliyi görünür,nevroloqun müalicəsində onun böyük əhəmiyyəti var.Ən vacibi beyindəki həcmli proseslərin diaqnostikasıdır ki, bu diaqnozun erkən qoyulması xəstəliyin vaxtında aşkar olunub müalicə edilməsinə imkan yaradır.

Müalicənin əsas prinsipi – minimum əlavə təsirlərlə maksimum terapevtik effektivlik əldə etməkdir. ► Epilepsiyanın müalicəsi yalnız dəqiq diaqnoz qoyulduqdan sonra başlana bilər ► EƏP-lərin qəbulunun başlanması haqqında qərarı pasiyent və epilepsiya üzrə mütəxəssis verməlidir ► "Epilepsiya önü” termini və "epilepsiyanın profilaktik müalicəsi” taktikasının heç bir mənası yoxdur (ağır kəllə-beyin travması istisnadır) ► Epilepsiyanın müalicəsinə təkrar tutmadan sonra başlamaq lazımdır.

 

– Uşaqlar arasında nevroloji xəstəliklər artır. Buna səbəb? 

– Hər 5 uşaqdan birində nevroloji xəstəlik var. Onlar vaxtında aşkar edilib və effektiv, ziyansız üsullarla müalicə edilməsə, gələcəkdə böyük fəsadlarla nəticələnə bilər.

17 yaşına qədər olan uşaqlarda ən çox doğuş travması, beyinə qansızmalar və onun nəticələri, beynin işemik hipoksik zədələnmələri (beyin oksigen aclığı), beynin infeksion toksiki zədələnmələri (bətndaxili infeksiyalar) müşahidə olunur. Uşaqlarda nevroloji xəstəliklər sırasında kəllədaxili hipertenziya (kəllədaxili təzyiq), süst uşaq sindromu, uşaq serebral iflici, nitq inkişafının ləngiməsi, əqli inkişafın ləngiməsi, epilepsiya, uşaqlarda baş ağrıları, miqren və onun ekvivalentlərinə rast gəlinir.

Bir çox əlamətlər fiziolojidir, heç bir müdaxilə lazım deyil, böyüdükcə keçəcək. Bəzi əlamətlər isə ciddidir, mütləq müdaxilə lazımdır. Əgər uşağınız 1 yaşında yerimirsə və bəzi hecaları deyə bilmirsə, oyuncaqlarına adekvat reaksiyası yoxdursa, mütləq nevroloqa müraciət etmək lazım.

Nevroloji uşaqların 90 faizində baş ağrıları hər zaman müşahidə olunur. Hansı ki, baş ağrılarının da müxtəlif səbəbləri var. Belə ki, əsasən  viral və ya üst tənəffüs yolu infeksiyaları, stressə bağlı və ya stressin pisləşdirdiyi baş ağrısı, minor baş zədələri, miqren, təzyiq baş ağrılarına səbəb olur. Baş ağrıları digər əlamətlərlə yanaşı müahidə edilirsə, uşaqda ağır nevroloji problem ola bilər.

 

– Televizor, planşet və telefon – bu qurğular uşaqlara necə təsir edir?

– Bu cihazların ekran işığı bəzi nevroloji xəstəliklərin yaranmasına və kəskinləşməsinə səbəb olur. Uşaqlarda beyin inkişafı ana bətnindən başlayır və böyüdükcə formalaşır. Beynin inkişafında genetik xüsusiyyətlərlə yanaşı ətraf mühitin də böyük rolü var. Sosial mühitdə böyüyən, yaşıdları və valideyni ilə oyun oynayan uşaqların beyin inkişafı daha yaxşı olur. Ancaq gününü ekran qarşısında, telefon və planşetdə keçirən uşaqların beyni inkişafdan qalmaqla yanaşı nevroloji xəstəliklər də meydana gəlir. Davamlı işıq xəbərdarlığı epilepsiya yaradır. Bəzi valideyinlər elə körpə yaşlarından uşaqlarını noutbuk, telefon və planşetdə musiqi və ya video izləməsinə imkan yaradır. Uşaqlarda işığa qarşı reaksiya daha çox 2-3 yaşlarında həssas olur. Bu yaşlarda zamanını ekran qarşısında keçirən uşaqlarda diqqət çatışmazlığı, autizm, aqressiya, epilepsiya və danışıq problemləri meydana gələ bilər. Gününü ekran qarşısında keçirən uşaqlar uzun müddətli elektromaqnit şüalanmaya məruz qalır və belə uşaqlarda epilepsiya daha çox müşahidə edilir. Elektromaqnit şüalanma epilepsiyaya yol açan əsas amillərdəndir.

 

– Hansı xəstəliklər uşaqlarda doğumdan öncə formalaşır?

– Bunlarəsasən ananın keçirdiyi xəstəliklərdir. Ananın keçirdiyi adi bir qrip uşaqlarda qüsur yaradır. Müasir aparatlarla müəyyən olunur ki, uşaqlarda qəlb qüsuru, ya da bətndaxili inkişafdanqalma var. Ananın hamiləliyinin ilk üç ayında müəyyən olunur ki, bətndaxili infeksiyası var və bu infeksiyalar uşaqlara müəyyən qüsurlar verə bilir. Bu yalnız beyindaxili təzyiq deyil. Bunlar başın balaca, yaxud böyükolması, çoxbarmaqlılıq və böyrək qüsurlarıdır. Böyrək qüsurları çox azdır. Xəstəliklər adətən irsi və ananın keçirdiyi xəstəliklərə bölünür. İrsən keçən xəstəliklərə böyrəyin kistaları, qan xəstəlikləri olantalassemiya, hemofiliya daxildir. Bir də Daun xəstəliyidir.

 

– Beyin daxilitəzyiqlə bağlı lazımi müalicə aparılmadıqda müxtəlif nevroloji xəstəliklərə gətirib çıxarırmı?

– Əhalinin maariflənməsi mühümşərtdir. Xüsusilə yerlərdə bu zəifdir. Məsələn, uşağın beyindaxili təzyiqi var və bu uşaq ağlayanda ailədəkilər bunu təbii qəbul edirlər. Müalicə götürdükdə bu xəstəlik keçir, amma əks halda 1-2 yaşda uşağın ağlamağı dayanır və artıq məktəb yaşına çatdıqda, beyin informasiya götürdükdə onda baş ağrıları başlayır. Bundan sonra həkimə apardıqda müşahidə olunur ki, vaxtında müalicə getmədiyindən beyindaxili təzyiq artıb. Bundan sonra isə uşaq illərlə müalicə olunmağa məcbur olur. Çünki yeni doğulduğunda valideynin səhlənkarlığından müalicə almayıb. Tədricənuşaqlarda fəsadlar baş qaldırır ki, bunlardan biri də epilepsiyadır.

 

– Bu əsasən uşaq doğulanda baş verən travmlarla əlaqədardır?

– Doğrudur, elələri varki, məhz doğuşla əlaqədardır. Bundan başqa doğuş normal keçsə də, bu xəstəliyin mövcud olması ananın bətndaxili xəstəliklərindən irəli gəlir. Anaların lazımınca hava almaması ilə də bağlıdır. Bu gün qadınlar hamiləlik vaxtı yalnız həftədə bir dəfə havaya çıxır ki, bu da uşaqda özünü büruzə verir. Yaxud ananın qanazlığı var, müalicə almayıbsa, bu da özünü uşaqda göstərir. Həmçinin ananın keçirdiyi stressləri göstərmək olar. Bütün bunlar hormon dəyişikliyi yaradır. Hamilə qadının bir gülməsi uşağa müsbət təsir edir. Əks halda sıxıntı, əsəb də özünü uşaqda göstərir.

 

– Dağınıq skleroz haqqında bir az danışardınız.

– Sinir sisteminin iltihabixəstəliyi olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.

Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur.

DS-nin yayılmasında coğrafi amillərlə (iqlim) yanaşı sosialiqtisadi, ekoloji və etnoqrafik amillər, xüsusən əhali tərəfindən istifadə edilən qida məhsulları da müəyyən əhəmiyyət kəsb edə bilər. Ekvatordan uzaqlaşdıqca dağınıq sklerozun yayılmasında artım müşahidə edilir. Dağınıq skleroza ən çox 18-45 yaşlarda rast gəlinir, amma bütün yaş qruplarında təsadüf edilə bilər. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir (1,6-2:1). ÜST-nin məlumatına görə nevroloji xəstəliklər arasında dağınıq skleroz cavan yaşlı şəxslərin əlilliyinin əsas səbəbidir. Xəstəliyin başlanmasından 10 il sonra xəstələrin 30-37%-i yalnız başqasının köməyi ilə hərəkət edə bilir, 50% pasiyentlər peşəkar işlərini yerinə yetirməkdə çətinlik çəkirlər, pasiyentlərin 80%-dən çoxu iş yerlərini dəyişməyə məcbur olurlar. Dağınıq sklerozdan ölüm halları 100000 əhaliyə 2 nəfər təşkil edir.

Dağınıq skleroz multifaktorial xəstəlik hesab olunur. Xəstəliyin yaranması xarici mühit amilləri ( viruslar, ekoloji və coğrafi amillər) və irsi meyilliliyin qarşılıqlı təsiri ilə şərtlənir. İndiyənədək xəstəliyin yaranmasında ilkin səbəb olan hər hansı bir virus aşkarlanmayıb.

DS-nin patogenezində immun sistemin vəziyyətinin əhəmiyyəti böyükdür. Qanda və OBM-də immun reaksiya göstəricilərində dəyişiklik, spesifik beyin antigenlərinə, xüsusən mielinin əsas zülalına qarşı anticismlərin olması və nəhayət, immunosupressorların xəstəliyin kəskinləşməsini ləngitməsi, eləcə də sinir toxumasında histoloji dəyişikliklər bunu sübut edir.

Dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər ki,bunlardan avtonom, hərəki, hissi, görmə problemləri daha yayılmışdır.Spesifik simptomlar(hissi pozulmalar,kəskin və xronik ağrılar, əzələ zəifliyi, əzələ spazmları,koordinasiya , nitq pozulması,görmə problemləri,yorğunluq hissi və s. ) zədələnmə ocağının mərkəzi sinir sistemində yerləşdiyi yerdən asılıdır. DS zamanı ən çox rast gəlinən piramid traktın zədələnməsidir – 90% və bu, xəstələrin əlilliyinin əsas səbəbidir. Ocağın lokalizasiyasından asılı olaraq hemi-, para- və nadir hallarda monoparezlər müşahidə edilir. Aşağı ətraflar yuxarı ətraflara nəzərən daha çox zədələnirlər. Spastiklik çox vaxt parezlərdən daha qabarıq olur. Hissiyyatın pozulmasına xəstələrin 85-90%-də rast gəlinir. Erkən mərhələlərdə paresteziyalar, dizesteziyalar, ağrı hissiyyatının mozaik pozulması, vibrasion hissiyyatın enməsi müşahidə edilirsə, daha gecikmiş mərhələlərdə səthi və proprioseptiv hissiyyatın naqil və nadir hallarda seqmentar pozuntular aşkar edilir. Beyincik mənşəli pozuntular əsas əlamətləri bədənin müvazinətinin, yerişin pozulması, dismetriya, intension tremor, dizartriya, nistaqm olan statiko-lokomotor və dinamik ataksiya ilə xarakterizə olunur. Digər əlamətlərdən asinergiya, əzələ hipotoniyasını göstərmək olar. Ataksiya xəstələrin davamlı əlilliyinin əsas səbəblərindəndir. Görmə pozulmaları xəstələrin 60%-də xəstəliyin müxtəlif mərhələlində rast gəlinir və əksər hallarda kəskin optik nevritin, nadir hallarda proqressivləşən bir və ya iki tərəfli görmə pozulmalarının inkişafı ilə xarakterizə olunur. DS zamanı kəllə-beyin sinirlərinin və beyin kötüyünün zədələnmə simptomlarına tez-tez rast gəlinir və onlar aşağıdakı kimi özünü göstərir:

– gözün hərəki pozuntuları, xüsusilə uzaqlaşdırıcı sinirin parezi və nüvələrarası oftalmoplegiya – mimiki əzələlərin mərkəzi və periferik parezləri – nistaqmın müxtəlif tipləri – trigeminal neyropatiya – başgicəllənmə – psevdobulbar pozuntular (dizartriya, disfagiya və s.)

Çanaq orqanlarının funksiyalarının pozulmasına DS-nin müxtəlif mərhələlərində xəstələrin 80%-də rast gəlinir. Bu patologiyalar sidik ifrazının pozulması (sidik saxlaya bilməmək, sidik ifrazının ləngiməsi və ya hər iki pozuntunun kombinasiyası); defekasiyanın pozulması (qəbizlik, nadir hallarda nəcisi saxlaya bilməmək); cinsi funksiyanın pozulması (erektil, eyakulyator disfunksiya, libidonun enməsi, anorqazmiya) ilə büruzə verir.

Ağrı DS-li xəstələrin tez-tez rast gəlinən (50%) şikayətlərindəndir. Ağrılar kəskin/yarımkəskin (trigeminal nevralgiya; dilaltı sinirin nevralgiyası; tonik əzələ spazmları; ətraflarda paroksizmal ağrılar və Lermitt sindromu; baş ağrısı; kökcük ağrıları; optik nevritlərdə periorbital nahiyədə ağrı; sidik kisəsinin boşalmasının pozulması nəticəsində qasıq və qasıqüstü nahiyədə ağrı) və xronik (ətrafların əzələlərində ağrılı spazmalar, dizesteziyalar, likvorodinamik pozuntular zamanı xronik baş ağrısı, damar mənşəli xronik baş ağrıları, kökcük ağrıları və s.) ola bilər

Xəstələrin 90%-də neyropsixoloji pozuntular, sindromlar və psixi pozulmalar aşkar edilir.

  • Residivləşən-remitik 80 %
  • İkincili proqressivləşən forma resdivləşən- remitik formada başlayan şəxslərin sonradan 65% -də müşahidə olunur
  • Birincili proqressivləşən 10-20 %
  • Proqressiv residivləşən

DS-nin diaqnostikası aşağıdakılara əsaslanır:

  • MSS-nin müxtəlif şöbələrində və müxtəlif vaxtlarda (məkana və zamana görə disseminasiya) zədələnmə ocaqlarının inkişafına dəlalət edən uyğun klinik əlamətlər
  • 24 saatdan çox davam edən və aralarındakı interval 1 aydan çox olan nevroloji simptomatikanın kəskin inkişafının 2 və daha çox epizodunun olması (bu zaman remissiya vacib deyil)
  • birincili proqressivləşən forma zamanı nevroloji pozuntuların xəstəliyin lap əvvəlindən 1 ildən az olmayan zamanda dayanmadan proqressivləşməsi
  • oxşar klinik mənzərəyə malik bütün digər nevroloji xəstəliklərin inkar edilməsi

DS diaqnozu ancaq nevroloq tərəfindən qoyula bilər.

Xəstəliyin başlanğıc mərhələsində DS-nin klinik mənzərəsində polimorfizmin olması onu bir sıra xəstəliklər ilə diferensiasiyasını çətinləşdirir. DS-nin diferensial diaqnozu aşağıdakı xəstəliklərlə aparılmalıdır:

Kəskin dağınıq ensefalomielit – Beyin kötüyünün şişləri – Mərkəzi pontin mielinolizi – Essensial tremor – Hemifasial spazma – İİV-lə bağlı MSS ağırlaşmaları – Proqressiv multifokal leykoensefalopatiya – İrsi metabolik xəstəliklər – Laym xəstəliyi – Lizosomal toplanma xəstəlikləri – MELAS – Miokimiya – Paraneoplastik ensefalomielit – Persistent idiopatik üz ağrıları – Yan amiotrofik skleroz – Onurğa beyni infarktı

Disstress yaradan hər bir simptomla kəskin epizodu (o cümlədən optik nevriti) olan və ya hərəkətlərin məhdudlaşması artan xəstəyə yüksək dozada kortikosteroidlərlə müalicə təklif edilməlidir. Kortikosteroidləri təyin etməzdən əvvəl xəstəyə onların mümkün olan yan təsirləri və faydası barədə aydın məlumat verilməlidir. Kortikosteroidlərlə müalicə kursu ildə üç dəfədən artıq və ya kurs müddəti 3 həftədən artıq olmamalıdır.

 

– Çox geniş məlumat verdiniz. Amma əksər həkimlər qısa məlumat verməklə kifayətlənirlər.

– Geniş məlumat verməsəm kim başa düşə bilərdi? Az adam. Ona görə geniş məlumat verdim.

 

– Meningit – Səbəblər, simptomlar, müalicə. Bunlar haqqında məlumatlandırardınız oxucuları… 

– Meningit ən təhlükəli xəstəliklərdən biri sayılır. Meningit beyin qişalarının iltihabıdır.

Bu iltihabın səbəbi infeksiyadır. Məlumdur ki, skarlatın xəstəliyi streptokokk, vərəmi – Kox çöpü, salmonelyozu – salmonella törədir və s. Lakin bu və bir çox digər xəstəliklərdən fərqli olaraq meningitin səbəbi istənilən (!) infeksiya ola bilər – virus, bakteriya, göbələk, hətta birhüceyrəlilər (məsələn, amyob). Məhz bu səbəbdən meningitlər də müxtəlif olur – gedişatı, inkişafı, fəsadları ilə fərqlənir. Ən əsası isə odur ki, meningiti törədən infeksiyadan asılı olaraq bu xəstəliyin müalicə üsulları da müxtəlifdir.

Meningit istənilən yaşda inkişaf edə bilər, bu xəstəlikdən heç kim sığortalanmayıb. Uşaqlarda meningitə daha tez-tez rast gəlinir.

Bütün meningitlər iki amil birləşdirir – insanın həyatı üçün real təhlükə və ağır fəsadların böyük ehtimalı.

Meningitin inkişafı üçün törədici (mikrob, virus və s.) kəllənin daxilinə düşməli və burada beyin qişalarında iltihab yaratmalıdır. Bəzən bu hər hansı infeksiya ocağın beyinə yaxın yerdə yerləşdikdə (məsələn, irinli otit, haymorit) mümkün olur. Kəllə-beyin travması da meningitin inkişafına səbəb ola bilər. Əksər hallarda isə mikroblar bura qan axını ilə düşür. Lakin bir çox insanların qanında mikroblar olur. Meningit isə nadir xəstəlik sayılır. Burada böyük rol immun sisteminin vəziyyəti oyanayır. Bəzi immun sisteminin anadangəlmə defektləri bu xəstəliyin inkişafı üçün "əlverişli” şərait yaradır. Məhz bu səbəbdən ailələr var ki, bu ailələrdə meningitə çox tez-tez təsadüf edilir.

Maraqlıdır ki, oğlanlarda bu xəstəliyə 2-4 dəfə tez-tez hallarda təsadüf edilir. Bunun səbəbi tibbdə məlum deyil.

Meningit suçiçəyi, qızılca, məxmərək, epidemik parotit kimi uşaq infeksion xəstəliklərinin fonunda inkişaf edə bilər. Həmçinin meningit qripp infeksiyanın fəsadı ola bilər. Xəstəlikdən zəiflənmiş insanlarda, yaşlılarda, körpə uşaqlarda meningitin səbəbi göbələk ola bilər. Bütün bu vəziyyətlərdə məhz immunitetin zəifləməsi meningitin inkişafına səbəb olur.

Orqanizmdə olan istənilən irinli ocaq (pnevmoniya, infeksiyalaşmış yanıq, müxtəlif abseslər və s.) meningitin inkişafına təkan verə bilər. Bu halda meningiti stafilokokklar, streptokokklar və s. mikroblar törədir.

Ən təhlükəli meningit vərəm meningiti sayılır.

Lakin bir mikrob var ki, bu mikrob meningitin 60-70% hallarda törədicisi ola bilər. Bu mikrobun adı meninqokokkdır. Bu mikroba insan hava-damcı yolu ilə yoluxa bilər.  Meninqokokk burun-udlağın selikli qişasına düşür və əvvəl yüngül zökəmə və boğazın qızarmasına səbəb olur. Əksər hallarda meninqokokk burada immun sistemi tərəfindən zərərsizləşdirilir və daha sonra heç yerə yayılmır. Lakin nadir hallarda olsa da  meninqokokk qan axını ilə orqanizmə yayılaraq müxtəlif orqanlara düşür (gözlər, qulaqlar, oynaqlar, ağ ciyərlər, böyrək üstü vəziləri, beyin qişaları) və burada çox təhlükəli iltihaba səbəb olur.

Beyin qişalarına düşən meninqokokk meningitə səbəb olur.

Meningitə vaxtında diaqnoz qoyulduqda və müalicə dərhal başladıqda xəstəlik tam müalicə olunur. Əks halda isə xəstədə korluq, karlıq, beyin fəaliyyətinin ağır pozulmaları, iflic, koma kimi ağır fəsadlar inkişaf edə bilər, xəstə hətta həlak ola bilər. Bu səbəbdən həkimdə meningitə şübhə yarandıqda, xəstəni dərhal infeksion xəstəxanaya çatdırmaq lazımdır.

Meningitə bu kimi simptomlar işarə edə bilər:

İstənilən infeksion xəstəliyin fonunda (suçiçəyi, qızılca, məxmərək, epidemik parotit, kəskin respirator infeksiya, herpes infeksiyası və s.) ürəkbulanamsı və qusma ilə müşayiət olunan güclü baş ağrıları.

  • Yüksək hərarətin fonunda boyun və bel nahiyəsində ağrılar.
  • Yuxululuq, ürəkbulanması, qusma.
  • Qıcolmalar.
  • 1 yaşına kimi olan uşaqlarda – qızdırma + monoton ağlama + əmgəyin qabarması.
  • Yüksək hərarətin fonunda isənilən formada və ölçüdə səpgilərin olması (xüsusilə səpgilər kiçik qansızmalara oxşadıqda və sürətlə əmələ gəldikdə).
  • Meningitin dəqiq diaqnozu likvorun (baş və ya onurğa beynində olan maye) müayinəsi zamanı qoyulur. Likvorun müayinəsi həmçinin meningitə səbəb olan törədicini təyin etməyə imkan verir. Bu isə müalicənin taktikasının seçimində əsas rol oynayır. Məsələn, əgər meningitin səbəbi bakteriya olarsa, antibiotiklər istifadə olunacaq. Bundan əlavə müalicə zamanı digər vasitələr də istifadə olunur (iltihabəleyhinə, beyin hüceyrələrin fəaliyyəti yaxşılaşdıran, kəllə daxili təzyiqi azaldan və s. preparatlar).
  • Meningit keçirilmiş insan bir neçə il ərzində nevropatoloqun nəzarəti altında olmalı və ildə bir neçə dəfə müayinədən keçməlidir. Əksər hallarda vaxtında müalicə olunmuş meningit izsiz olaraq keçir və insanın gələcək həyatına heç bir mənfi təsir etmir.

 

İcmal.Az

 

 

Xəyalə Məmmədova 

Nevroloq, Uşaq nevroloqu
KEPRO Estetik ve Antiage Klinikası
Ünvan: Həsənoğlu küçəsi 13.

Bakı Tehran Tibb Mərkəzi
Ünvan: Azadlıq prospekti 192 B.

Mobil: (+994) 50 458-60-05

RƏYLƏR