“İstanbul NS Klinikası” (Stimul Hospital) etiraf etdi: SİSTEM KÖÇÜRDÜK, XƏSTƏ VƏFAT ETDİ

OXUNUB: 1813 Səhiyyə GÜNDƏM Özəl
7NEWS.az xəbər verir ki, bu barədə  "Stimul Hospital”ın vətəndaş Bahar Qasımovanın vəfatı ilə bağlı açıqlamasında deyilir: "...18.03.2024-cü il tarixdə xəstə "İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. Hospitalın kollektivi adından xəstənin yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Məlumat üçün qeyd edək ki, Bahar Qasımova tanınmış jurnalist Fərahim Qasımovun anasıdır. Mələsələ ilə bağlı jurnalist aidiyyatı qurumlara müraciət edib: "Azərbaycan Respublikasının Baş Prokurorluğu, Baş Prokuror cənab Kamran Əliyevə müraciətim! Hörmətli Kamran müəllim, yazaraq sizdən xahiş edirəm, anam 1967-ci il təvəllüdlü Qasımova Bahar Aydın qızının Stimul Hospital da həkim İlham Hüseyn və tibb bacısı Mələk Abbasovanın (şəkildəkilər) səhlənkarlığı ucbatından ölümü ilə bağlı aparılan iş dəqiq araşdırılsın. Cənab Baş Prokuror, bildirmək istəyirəm ki, Anam Bahar Qasımovanın ürək bulanma, qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri var idi. Ona "Stimul Hospital"da 
analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulmuş, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanılmışdı. Anam özünü çox yaxşı hiss edirdi. Hətta mənimlə son günlər danışığında özü dəfələrlə yaxşı olduğunu, artıq normal yemək yediyini söyləmişdi. Mən özüm də ondakı dəyişikliyi görürdüm. 1-2 ay əvvəlki normal vəziyyətinə qayıtmışdı. 
09.03.2024-cü il tarixində anam  "İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən də keçmişdi. 
11.03.2024-cü tarixindən başlayaraq 18.03.2024-cü il tarixinədək anama ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülmüş, sistemlərin heç bir əlavə təsiri olmamışdı.
Hadisə günü, yəni 18.03.2024 tarixində səhər anamla danışanda mənə bildirdi ki, "İstanbul NS" klinikasındayam, burdan da evimizin yanındakı "Stimul Hospital"a gedəcəm, orada sistem köçürəcəklər. Sözügedən hospitala bacım Yasəmən Qasımova ilə birgə gedib. Klinikaya çatanda hərarəti olduğunu deyib. Əslində istəyirmiş ki, bu gün sistemi qəbul etməsin, bədən temperaturu normala qayıdandan sonra yenidən klinikaya gəlsin. Bunu tibb bacısı Mələk Abbasovaya özü də deyib ki, "qızım qızdırmam var, bəlkə dərman verəsiz mənə". M.Abbasova da bildirib ki, narahat olmayın, qorxulu bir şey yoxdur. Tibb bacısı anamın temperaturunu yoxlamadan ona sistem qoşaraq, otağı tərk edib. Otağa qayıdanda anam artıq keçinibmiş. Bu zaman anama reanimasyon müdaxilə edilmək əvəzinə, həkim İlham Hüseyn axtarılıb. İ.Hüseyn gələndən sonra anamı ağ parçaya büküblər. 
Daha sonra bacım Y.Qasımova klinikaya gəlib və anamı soruşub, ona deyiblər ki, sistem altında vəziyyəti pisləşdi, reanimasiya şöbəsinə yerləşdirmişik. Atam dərhal gəlib, qonşularımız da orda olub. Anama sistem vurulan palata açıq müşahidə altında olduğundan İ.Hüseyn vaxt qazanmaq üçün atam və bacımla söhbət etməyə başlayıb ki, anamı tez reanimasiya şöbəsinə yerləşdirib, aparata qoşsunlar ki, guya müdaxilə ediblər, amma faydası olmayıb.  Bu zaman anamı görməyi tələb edən qonşularımı hətta klinikadan çıxarıblar. 
İ.Hüseynin atama "Xəstənin vəziyyəti ağırdır, reanimasiya şöbəsində aparata qoşulub, palataya yerləşdirmişik, müdaxiləmizə baxmayaraq onu həyata qaytara bilmədik" yalanlarının arasında heç 3 dəqiqə ara olmayıb. 
Mən əvvəlcə tibb bacısı M.Abbasova ilə danışdım. Ondan soruşdum ki, qızdırmasının olduğunu deyə-deyə, ona niyə sistem köçürmüsüz, niyə axıra qədər yanında olmamısız? O, mənə dedi ki, "mənə deyilib sistemi vurun, mən də vurmuşam. Mən kiməm ki? Mən hardan bilərdim belə olacaq?".
Daha sonra həkim İ.Hüseynlə əlaqə saxladım. Mənə dedi ki, "mənim heç nədən xəbərim yoxdur, mən indi klinikaya gəlmişəm".
Mənimlə telefonla danışığından sonra İ.Hüseyn atama deyib ki, "klinikanın maşını hazırdır, narahat olmayın, meyiti göndərəcik evə. Siz də evdə təcili yardım çağırarsız, gəlib ölümü təsdiq edərlər".
İlham Hüseyn açıq-aşkar bu əməli ilə, anamın klinikada öz səhlənkarlıqları ucbatından yox, guya evdə öldüyünü göstərmək istəyərək, məsuliyyətdən yayınmağa cəhd edib. 
Hörmətli cənab Baş Prokuror, klinikanın hər yerində müşahidə kamerası var. Ancaq indiyə kimi işi aparan Sabunçu Rayon Prokurorluğunun Kamran adlı əməkdaşı həmin kamera görüntülərini əldə etməyib. Üstəlik Kamran adlı müstəntiq nə öz soyadını bizə deyir, nə də telefon nömrəsini verir. Bu adam xəstəxanada bir dəfə görülüb, o da hadisə günü, atamla ayaqüstü qısa söhbət edib, daha sonra tibb bacısı və  İ.Hüseynlə otaqlardan birinə girib, danışıblar. 
"Stimul hospital" rəhbərliyinin də məhkəmə tibbi ekspertizanın qərarına rüşvətlə müdaxilə edəcəyini düşünürəm. Artıq üç gündür ki, ekspertizanın qərarı bizə verilməyib. Atama deyiblər ki, qərar 5-10 günə ancaq verilə bilər."
7NEWS.az
 


 

RƏYLƏR